Ölkəmizin digər yerlərində olduğu kimi Masallı rayonunda da bələdiyyə seçkiləri məlum ssenarilər üzrə keçirildi. Əksər yerlərdə fəallıq olduqca aşağı oldu. Musaküçə, Təklə, Çaxırlı və sair kəndlərdə bir sıra narazılıqlar baş verdi. Ən sakit seçki isə Masallı şəhərində baş verdi. Azər Baxşiyevdən özgə, əvvəlki tərkibdən heç kim yeni tərkibə düşə bilmədi. Ən çox səs toplayanlar isə bələdiyyə sədrliyinə əsas namizədlər - Əbülfəz Nuriyev və Azər Baxşiyevdir. Daha dəqiq desək, Ə. Nuriyev A. Baxşiyevdən 150 səs çox toplayıb.
Ərkivan qəsəbəsində də əvvəlki sədr İsrail Tağıyevdən başqa keçmiş bələdiyyə üzvlərindən heç kim yeni tərkibə düşə bilməyib.
Çoxlarının marağında olan Qızılağac kəndində də maraqlı nəticələr qeydə alınıb. Belə ki, kəndin sabiq bələdiyyə üzvlərinin əksəriyyəti, sabiq sədr Mina Quliyeva da daxil olmaqla yeni tərkibə düşə bilməyib. Gözlənildiyi kimi hazırki ərazi nümayəndəsi Şamil bəyin bu kənddə bələdiyyə sədri olacağı gözlənilir.
Ən maraqlı proses isə Qəriblər kəndində baş verib. Məlumat üçün bildirək ki, təxminən 2 ay öncə bu kəndin ərazi nümayəndəsi Cəmil Məmmədov öz ərizəsi ilə postunu tərk etmiş, onun kreslosuna 15 gün əvvəl həmin kənddə ərazi nümayəndəsi işləmiş Elsevərin qardaşı Elnur İsfəndiyar oğlu İmamyarov təyin olunmuşdur. Kəndin bələdiyyə sədri isə Masallı İHB-nin sabiq 1-ci müavini, hazırda İsti-Su sanatoriyasının sahibi İldırım Allahyarovdur. Onun əsas rəqibi isə İldırım müəllimin bacısı oğlu Müşfiq Ağayev idi. Kənddən aldığımız məlumata görə, dayı və bacıoğlu xeyli müddət küsülü olsa da, son vaxtlar barışıb. Seçkidə isə bacıoğlu dayıya qalib gəlib.
Kənddə başqa söhbətlər də dolaşır. Deyilənlərə inansaq, buradakı seçkilərdə maraqlı oyun qurulub. Belə ki, Qəriblər kəndindəki məntəqədə seçki başa çatdıqdan sonra məntəqə sədri üzvlərə ağ protokollara qol çəkdirib və həmin protokollarla Yardımlıda yerləşən seçki dairəsinə yollanıb. Sonradan məlum olub ki, məntəqə sədri, o cümlədən, həmin əraziyə aid Şıxlar kəndindəki digər məntəqənin sədri protokolları istədiyi kimi doldurub və gözlənilənlərin əksinə olaraq İldırım Allahyarovu yox, onun bacısı oğlu Müşfiq Ağayevi qalib edib.
Bəs əslində orada nələr olub Biz Müşfiq Ağayevə dekabrın 25-də zəng vurduq, vədələşdik ki, həmin gün saat 16-dək görüşək. Lakin Müşfiq bəy gəlmədi. Təkrar zəng çaldıq, dedi ki, Yardımlıya gedəcəyəm, qayıdıb əlaqə saxlayarıq, lakin ondan hələ də soraq yoxdur.
Son məlumata görə Qəriblərdə bələdiyyə üzvlüyünə seçilənlərdən biri qələbəsindən imtina edir. Belə olarsa, həmin boş yerə məğlub siyahıda 1-ci olan İldırım Allahyarov düşə bilər.