Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ölkə turizminin xilas yolu: Hansı dəyişiklik olacaq?


Azərbaycanın turizm potensialı böyük olsa da, ölkəmiz bu sahədə region ölkələrindən geri qalır. 

Hətta qonşu ölkələrdə,  xüsusilə Gürcüstan və Türkiyədə istirahət etməyə üstünlük verən vətəndaşlarımızın da sayı kifayət qədər çoxdur. Builki yay mövsümü üçün turizmin inkişaf tempinin də iki il əvvəllə müqayisədə aşağı olacağı gözlənilir. Qeyd edək ki, 2016-cı ildən turizmin inkişaf tempi üzrə göstəricilər geriləməyə başlayıb. 

Dövlət Turizm Agentliyinin məlumatına görə, iyul ayında ölkəmizə 365 min əcnəbi qonaq gəlib ki, bu 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 10.6 faiz artım deməkdir. Cari ilin yanvar-iyul ayları ilə bağlı göstəricilərə görə,  bu müddət ərzində ölkəmizi 1.8 milyon turist ziyarət edib ki, bu isə ötən ilin ilk yeddi ayı ilə müqayisədə 122 min nəfər və ya 7.4 faiz çoxdur.

Qeyd edək ki, ölkəmizdə hava yolları nəqliyyatının qiymətlərinin baha olması da, turizmin inkişafını ləngidən amillərdən biri kimi qeyd olunur. Gürcüstanla müqayisədə Azərbaycanda təyyarə biletləri ən azı 2-3 dəfə yüksəkdir. Çox güman ki, məhz bu səbəbdən də ölkəmizə gələnlər daha çox quru yollarına üstünlük verir. Məlumatlara görə, ölkəmizə gələnlərin 60,4 faizi dəmir yolu və avtomobil, 38,8 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib. 

Onu da qeyd edək ki, 2023-cü ilə qədər ölkəyə gələn turist sayının 2 dəfə artırılması nəzərdə tutulur. 

Hazırda turizmin inkişafının istənilən səviyyədə olmaması, bu sahədə ölkəmizin bölgə dövlətlərindən geri qalmasının səbəbi nədir? Hansı konseptual dəyişikliklər olmalıdır ki, Azərbaycanda turist sayına görə daha böyük göstəricilər əldə etsin?

İqtisadçı ekspert Elman Sadıqov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, 2016 və 2017-ci illərdəki turizmin inkişaf tempi ötən il və bu il müşahidə olunmayıb:

"Doğrudur, müəyyən artım var, amma bu ciddi artım deyil. Bu il ölkəmizdə daxili turizmin artımı müşahidə olunur. Bunun da əsas səbəblərindən biri odur ki,  xaricə üz tutanlar olsa da, vətəndaşların daha böyük qismi ölkədə istirahət etməyə üstünlük verir. Xarici turizmin inkişaf tempinin aşağı düşməsinin isə həm obyektiv, yəni daxili məsələlərdən asılı olmayan, həm də subyektiv səbəbləri var. Obyektiv səbəblərdən biri qonşu Türkiyədə lirənin dəyər itirməsi, eləcə də turizm və xidmət sektorunun inkişafı  ilə bağlıdır. 

Türkiyədə turizmlə bağlı bir sıra proqramlar qəbul edildi və bunun nəticəsində artıq bu ildən rekord nəticələr əldə edilməkdədir.  Hələ statistik məlumatlar açıqlanmasa da, ölkədə turist sayının 50 milyona çatdırılması hədəflənib. Bu əlbəttə ki, ölkəmizin turizm sektoruna təsirsiz ötüşmür. Çünki Türkiyə həm ərəb ölkələrindən, həm də Avropadan turistlərin cəlbi üçün Azərbaycana ciddi şəkildə rəqib ölkədir. Digər tərəfdən Gürcüstan Azərbaycana rəqib ölkədir ki, burada milli valyutanın dollar qarşısında geriləməsi də bu məsələdə önəmli yer tutur”.

İrandan gələn turistlərin sayının azalmasına diqqəti çəkən ekspert bildirib ki, bu ölkədə dolların möhkəmlənməsi orada olan böyük bir kəsimin ölkə xaricində istirahəti üçün ciddi problemlər yaradıb: 

"Türkiyədə qiymətlərin və xidmətin daha cazibədar olması həm də rusiyalı turistlərin ora üz tutmasına şərait yaradıb. Bütün bunlar bizdən asılı olmayan məsələlərdir. Biz daha çox bizdən asılı olan məsələlərin üzərində fokuslanmalıyıq. Bizdən asılı olan ən başlıca məsələ xidmət və keyfiyyətin artırılmasıdır.  Ərəb mətbuatını izləyən bir  şəxs kimi deyə bilərəm ki, çox təəssüf ki,  burada bəzən ölkəmizlə bağlı mənfi rəylərə rast gəlirik. Həmin rəylərin çoxunda da, xüsusilə qiymətlərlə bağlı həqiqətlər olur, digər tərəfdən isə Azərbaycanda menyu mədəniyyətinin formalaşmaması kimi məsələlərə rast gəlinir. Təəssüf ki, bəzi yerlərdə ikili menyular tətbiq olunur ki, burada turistlər və yerli vətəndaşlar üçün fərqli qiymətlər öz əksini tapır”.

Elman Sadıqovun sözlərinə görə, digər bir məsələ isə turizm sahəsində qeyri-peşəkarların fəaliyyət göstərməsidir: 

"Əksər hallarda bu sahədə xidmət göstərənlər peşəkar olmurlar. Həmin şəxslərin turizm fakültələrini bitirməsi, dilləri daha yaxşı bilməsi önəmlidir. Təəssüf ki, bu məqamlar turizmin inkişafına mənfi təsir edir. Təklif etmişəm ki, turistlər arasında sorğular keçirilsin. "ASAN-xidmət”-də olduğu kimi,  hava limanlarında turistlər arasında  sorğunun keçirilməsinə ehtiyac var. Onların hansı bölgələrdə hansı neqativ hallarla rastlaşdıqları bilinər və aradan qaldırılması üçün tədbirlər görülərdi. Bizdə ancaq şikayətlərin olub-olmamasına baxılır. Amma 5-10 günlük istirahətə gələn turistlər şikayət üçün vaxt ayırmağa lüzum görmürlər. Bu cür araşdırılmaların aparılmaması nəticə etibarı ilə azalmalara gətirib çıxarır”.

Milli valyutanın məzənnəsinə gəlincə, iqtisadçı hesab edir ki, hazırda dolların 1.70 AZN  səviyyəsində olması turizm sahəsi üçün uyğundur: 

"Subyektiv amillər və sui-istifadələr olmasa, ölkəmizdə qiymətlər də baha deyil.  Amma xüsusilə hotellərdə xidmətin təşkili ciddi problemdir. Digər tərəfdən, hotellərin az olması turistləri istirahət mərkəzlərinə yönləndirir. İstirahət mərkəzlərində isə kottec sistemidir. Müştərilərin hamısı heç də bu sistemdən razı qalmırlar. Turistlər daha çox hotel sisteminə üstünlük verirlər. Kənd turizmində, ekoturizmdə evlərin təklifinin bir qədər də inkişafına ehtiyac var”.

Elman Sadıqov deyib ki, Azərbaycanda təyyarə biletlərinin qiymətinin baha olması və bu sahədə rəqabətin zəifliyinin də turizmə təsiri danılmazdır. 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10