Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Əmioğlu, eşitmişəm hamıya etdiyiniz cinayətlərdən danışırsınız, bəlkə birini də mənə danışasınız"



Bu gün ancaq pozitiv statuslar paylaşmağa qərar vermişəm. İndi sizə Xırdalan Pivə zavodunun direktorunun ölüm işinin istintaqı zamanı olmuş bir maraqlı hadisə barədə danışmaq istəyirəm. Yadınızdadırsa hadisə 1989-cu ildə olmuşdu. Həmin cinayət işi başlandıqdan bir həftə sonra hadisəni törədən şəxləri müəyyən edə bildik və 7 nəfəri həbs etdik. 

İstintaqın gedişində bu şəxslərin 1976-cı ildən başlayaraq 13 il ərzində çoxsayli xüsusi ilə ağır cinayətlər törətdiyi məlum oldu. Birinci ay ərzində onların 4 ölüm, bir ölümə qəsd, onlarla quldurluq və soyğunçuluq törətdiklərini sübuta yetirə bildik. Adamlar onları o vaxtkı Cinayət Məcəlləsində olan ən ağır –ölüm cəzası gözlədiyini başa düşürdülər. Təqsirləndirilən şəxslərlə aramızda maraqlı bağlantı yaranmışdı. Adamlar türklər demiş günah çıxartmaq (ispoved) istəyirdilər, sözün azərbaycancasını tapa bilmirəm. Demək olar ki, hər gün yeni cinayət barəsində danışırdılar. 

Belə günlərin birində o vaxtkı respublika prokuroru İlyas İsmayılov Xırdalana gəldi və təqsirləndirilən şəxslərlə, xüsusən də dəstənin başçısı ilə görüşüb söhbət etmək istədiyini dedi. Təbii ki, onun üçün bu şərait yaradıldı. İsmayılov dəstə başçısı Babayevi polis (o vaxt milis idi, bunu hər dəfə ona görə yazıram ki, bəziləri mənim yazdıqlarımda səhv axtarmaqla məşğuldu :) ) rəisinin kabinetində mənim iştirakımla qəbul etdi. Babayev etdiyi cinayətləri etiraf etdiyini, çox peşiman olduğunu, ona şans verilməsini xahiş etdi. Və qəfildən dedi ki, etdiyi hərəkətlərə görə vicdan əzabı çəkir və törətdikləri bir cinayət onu xüsusi ilə üzür. Daha sonra Babayev həmin günə kimi bizə məlum olmayan bir cinayət barəsində danışdı. Məlum oldu ki, onlar Rusiyanın Voronej şəhərinə gedib orda bir AZƏRBAYCANLINI qətlə yetiriblər. Yadıma gəlir ki, qətlə yetirilənin adı Adəm idi, özü də Masallı rayonundan idi. İlyas müəllim elə həmin gün Rusiya Federasiyasının Prokuroru ilə danışdı və öyrəndi ki, Voronej prokurorluğunda həqiqətən belə bir açılmamış ölüm işi var. Sonralar həmin işi bizim müstəntiqlərdən biri Sergey Çumakov Voronejə gedib gətirdi və həmin epizod üzrə də təqsirləndirilənlərə ittiham verildi. 

İlyas müəllimin bu söhbətindən bir neçə gün sonra onun 1-ci müavini rəhmətlik Murad Babayev Xırdalana gəldi. Murad müəllim istintaqa nəzarət edirdi. O da təqsirləndirilən şəxslərlə görüşmək istədi və birinci dəstə başçısını qəbul etdi. Murad müəllimin birinci sözü bu oldu ki, əmioğlu eşitmişəm hamıya etdiyiniz cinayətlərdən danışırsınız. Bəlkə birini də mənə danışasınız. 

Təqsirləndirilən şəxs dedi ki, bir cinayətimiz qalıb danışmadığımız, onu da Sizə danışıb rahat olmaq istəyirəm. Bunu deyəndən sonra təqsirləndirilən şəxs Babayev prokuror Babayevə Gürcüstanın Laqodexi rayonunda da adam öldürdüklərini danışdı. Bir neçə gün sonra Gürcüstan prokurorluğunun işçiləri həmin cinayət işini gətirdilər və beləcə təqsirləndirilən şəxslərə həmin epizod üzrə də ittiham verdik.

Bu hadisə bilirsiniz niyə yadıma düşdü. Fikirləşirəm ki, neçə gündü barələrində yazdığım şəxslər də bəlkə vicdan əzabı çəkdikləri üçün susurlar, onlara imkan yaradılsa özləri hər şeyi, hətta heç birimizin bilmədiyi əməllərini etiraf edəcəklər. 

Son olaraq deyim ki, yazdıqlarıma maraq azaldıqca mənim yazmaq həvəsim də azalır. Necə bilirsiniz bəlkə biz də istirahət edək?





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10