Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“29 il böyüməyən qundağım”||--||



25-30 il öncə Naziləni kəndin ən bəxtəvəri sayırdılar. O, kəndin ən gözəl və 3-4 ali təhsilli, tanınmış qızlarından biri idi. Bəzən eyni gündə onların qapısına 4-5 elçi gəlirdi. Həyat yoldaşı seçdiyi Zəbulla da elə-belə oğul deyildi. 6 dil bilən, şeir yazan, kifayət qədər yaraşıqlı, eləcə də çox imkanlı, maşınlı-imarətli bu gənc kənd qızlarının çoxunun ürəyini yerindən oynatmışdı. Nazilə sonralar Zəbullaya həsr etdiyi şeirlərdən birində yazırdı:


Gecə ulduz, ay gələr,

Göydən yerə pay gələr,

Zəbulla tək oğlana,

Görən, kimlər tay gələr.


“Həyatda heç nə bütöv olmur”


Bu məşhur deyim haqqında danışdığımız Nazilə xanımın həyatı ilə daha çox səsləşir. Taleh demək olar ki, ondan heç nə əsirgəməmişdi. Dünyaya gözəl, yaraşıqlı gəlmişdi. Üstəlik tale ona gözəl görkəm, hər cür imkanı, şair təbiətli həyat yoldaşı, oğul payı, qız payı, gözəl ev-eşik... qısası, insanın bəxtəvər yaşaması üçün çox şey qismət etmişdi.

...Sonralar isə saysız-hesabsız, aylara, illərə sığmayan, bəlkə də bir neçə insan ömrünə bəs etməyəcək acılar-ağırlar.



Qısa statistika


Nazilə Hüseynova 1959-cu ildə Masallı rayonunun Həsənli kəndində anadan olub. Əvvəl Lənkərandakı Pedaqoji məktəbdə orta-ixtisas təhsili alıb. Daha sonra Bakıda Pedaqoji Universiteti bitirib. 1980-ci ildə doğma kəndində müəllim işləyib, sonralar həyat yoldaşı ilə birgə Əfqanıstana gedib. 1992-ci ildən hal-hazıra kimi isə kənddəki uşaq bağçasının müdiri vəzifəsində işləyir. Nazilə Hüseynova kənddə bağça müdirindən daha çox bacarıqlı fermer kimi tanınıb. Öncə kənddə tütünçülüklə məşğul olub və xeyli uğurlar qazanıb. Ailəni dolandırmaq üçün bəzən gecədən sübhə kimi dərzilik edib. Daha sonra tərəvəzçi-fermer kimi tanınıb, ABŞ-da 25 günlük təcrübədə olub. Hazırda daha geniş təsərrüfat işləri ilə məşğul olmaq üçün yeni layihələr üzərində işləyir. 3 dəfə bələdiyyə üzvü seçilib.


Bir ömrə sığmayan qadın dözümü


Bu yazıda məqsədimiz Nazilə xanımı sizə nə müəllim, nə də ki, fermer təsərrüfatının öncülü kimi təqdim etmək deyil. Hədəfimiz hamının etibarsızlıqdan, vəfasızlıqdan, xəyanətdən, biganəlikdən haray çəkdiyi bir vaxtda, adi bir xəstəliyə görə sevgilisində üz döndərənlərə ibrət olacaq əsl sevgi dastanı yaratmış, cəfakeşliyi, dözümlülüyü, həyat yoldaşına hədsiz sevgisi və xidməti ilə çoxlarına nümunə olan bir həyat sürmüş Nazilə xanımın ömür yolunun sitəmli dövrünü sizə təqdim etməkdir.


1978-ci ildə 19 yaşında nişanlanan Nazilə xanım 2 il sonra həmkəndlisi Zəbulla Məmmədovla ailə həyatı qurub. Zəbulla kəndin sayılan gənclərindən olub - Bakı Dövlət Universitetinin həmin vaxtlar üçün çoxlarına əlçatmaz olan “Şərqşünaslıq” fakültəsini bitirib. Sabiq prezidentin qızı Sevil Əliyeva, millət vəkilləri Rəfael Hüseynov, Gövhər Baxşəliyeva, bir çox məşhurların - Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar, Salam Qədirzadənin oğlu Ruslan və digərləri ilə birgə təhsil alıb. Azərbaycan dilindən başqa fars, ərəb, rus, ingilis, tacik, özbək dillərini bilib. O həm də şair qəlbli bir insan olub və çoxlu şeirlər yazıb.

Ali məktəbi bitirdikdən bir qədər sonra, 1981-ci ildə Zəbulla Məmmədov tərcüməçi kimi Əfqanıstana göndərilib. (O, tələbəçilik illərində də Əfqanıstanda tərcüməçi kimi işləyib). Bir ildən sonra məzuniyyətə qayıdan Zəbulla rəhbərlikdən təkidlə tələb edib ki, həyat yoldaşı da onunla birlikdə Əfqanıstana göndərilsin. Xeyli çək-çevirdən sonra onun təklifi qəbul edilib. İlkin sənədləşmə aparılıb, Zəbulla Məmmədov yenidən Əfqanıstana qayıdıb, bir qədər sonra isə Nazilə onun yanına yollanıb. Həmin dövrdə tanınmış yazıçı Əlibala Hacızadə, sonralar məşhur xeyriyyəçi kimi tanınan Gülağa Tənha da Əfqanıstanda olub. Nazilə xanım xatırlayır:

- Kabulda Mavi Dunay adlı gözəl istirahət yeri var. Kabulun havası da olduqca təmiz idi. Oradakı Sovet ailələri tez-tez bura toplaşardı. Bu parkda hər şey mavi görünürdü. Qəribə yeməkləri, qəribə həyat tərzləri var idi əfqanların. Bir çoxları elə küçənin ortasında uzanıb yatardı. Şəhərdə isə natəmiz yerlər həddən çox idi.


Meyit daşıyan təyyarələr


Nazilə xanım:

- Bir kənd qızı kimi Əfqanıstan təki çətin bir ölkəyə getmək, orada yaşamaq yaddaşımda çox qəribə, həm təəccüblü, həm də ağrı-acılı xatirələrlə qalıb. Masallıdan Moskvayadək qaynımla getdim. Moskvadan isə Əfqanıstanda işləyən digər şəxslərin buradakı ailələri ilə birlikdə Daşkəndə, oradan Kabula uçduq. Təyyarə meydanında Zəbulla öncə məni tanımamışdı. Həmin vaxtlar çox uzun saçlarım var idi. Yerə düşən çantamı götürmək üçün əyiləndə saçlarım yerə tökülmüşdü, o da bu zaman məni tanımışdı. Ailəli olduğu üçün Əfqanıstanda bizim üçün 3 otaqlı, hər cür şəraiti olan bir mənzil ayırmışdılar. Mənzilimiz o qədər geniş idi ki, əksər ziyafətlər bizim evimizdə olurdu. Burada əhali kasıb olsa da, çox mehriban idi. Ölkədə müharibə gedirdi. Bəzən lap yaxınlığımıza mərmilər, bombalar düşürdü. Bir dəfə bomba partlayışından oğlumun dili tutulmuşdu. Ölüm xəbərləri ən adi xəbər olmuşdu. Hər axşam Kabuldan SSRİ-yə, Daşkəndə meyitləri aparan təyyarələr uçurdu. Bunlar Qırmızı Xaçın təyyarələri idi və heç kəs ona güllə ata bilməzdi. O uçuşlara baxmaq belə təhlükəli idi. Döyüşdə həlak olan bütün azərbaycanlı əsgərlərin meyitini həmyerlimiz olan həkim Müsafir yuyub, kəfənləyirdi. Eləcə də hər gün Moskvadan bura bir təyyarə ərzaq gələrdi - səfirliyin işçiləri və digər oradakı sovet rəhbərlər üçün. Həyat yoldaşım o vaxtkı SSRİ-nin Əfqanıstandakı səfirinin tərcüməçisi idi. Çox yüksək əmək haqqı alırdı. Olduqca firavan dolanırdıq, maşın, hər cür avadanlıq, qısası, normal insana bəs edəcək hər şeyimiz var idi. Bir neçə dəfə məzuniyyət vaxtı Azərbaycana da gəlib qayıtdıq. Həmin vaxta qədər biri oğlan, biri qız olmaqla 2 övladımız var idi. Sonuncu məzuniyyətdən sonra bəzi problemlər olduğu üçün o, Əfqanıstana tək qayıtdı. Bir qədər sonra mən 2 uşaqla Əfqanıstana yola düşdüm. Artıq 1985-ci ilin dekabrı idi. Moskvadan bilet olmadığı üçün birbaşa Daşkənddən uçmalı oldum. Bura qədər məni qaynım müşayiət etdi.

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

Xoşbəxt günlərin sonu

Nazilənin çantasının və uşaqlarının oğurlanması


- Daşkənd hava limanında təyyarəni gözləyərkən uşaqları ayaqyoluna apardım. Onda gördüm ki, qonşu divardan bir əl uzanıb asılqandan çantamı oğurladı. Çantada pasportum, biletlərim, pulum, qızılım, ətirlərim... Canhövüllü uşaqları orada qoyub çantanın dalınca qaçdım, milisləri səslədim. Milislərlə çantanı tapmayıb geri qayıdanda gördüm ki, 2 balamı da oğurlayıblar. Yenidən bütün hava limanını milislərlə birlikdə axtarmağa başladım. Məndə çox bahalı ətir var idi. Həmin ətirdən uşaqlara da vurmuşdum. Bu ətrin qoxusu da günlərlə gedən deyildi. Məhz həmin qoxunun izi ilə gedib uşaqları tapdım. Bir yaşlı qadın onları oğurlamışdı. Çanta isə tapılmadı. Təkcə pasportları bir kənara tullamışdılar. Yaxşı ki, qeydiyyatdan keçmişdim. Bir kənd qadınının bu vəziyyətdə, qərib yerdə halını təsəvvür edin. Amma nə biləydim ki, daha böyük müsibətlər qarşıda imiş.


Məni Zəbulla qarşılamadı


- Nəhayət, Kabula uça bildik. Təyyarədə qatışıq yuxular gördüm - kənddə tikməyə başladığımız evin ilk dirəyi təsadüfən aşdı. Mən və həyat yoldaşım qırılmış dirəyin altında qaldıq.

...Hava limanında məni Zəbulla yox, ailə dostlarımızdan biri – Fərman Eyvazov qarşıladı. Dedi ki, Zəbulla balaca xəstələnib. İnandım. Həyəcanla başıma gələnləri ona danışdım. O isə dedi:

- Daha böyük sarsıntıları qarşılamaq üçün mətin ol, qızım.

Bu sözlərin elə də fərqinə varmadım. Yaşadığımız evə baş çəkəndə hər şeyi parakəndə gördüm. Evimiz geniş olduğu üçün səfirliyin silah-sursatı burada yerləşirdi. Baxdım ki, silahla dolu olan otaq boşdur. Məni görən qonşular sanki gizlənir, mənim gözümə görünməməyə çalışırdılar. Mənə baş çəkməyə gələn, mənim hər şeydən xəbərdar olduğumu təsəvvür edən qonşumuz Mövsüm Nağıyevin həyat yoldaşı Hüsniyyə çox təlaşla pillələri qalxa-qalxa dedi ki, kaş bir övladını itirəydin, amma Zəbullanın başına bu müsibət gəlməyəydi, deməsindən şoka düşüb soruşdum : “Zəbullaya nə olub ki?”

Azərbaycanlıların çoxu gəlişimi eşidən kimi bizim evə gəldilər. Onlardan xahiş etdim ki, məni onun yanına çatdırın. Özümü xəstəxanaya necə çatdırdım, bilmədim. İnanın ki, yeri-göyü dağıdırdım. Zəbulla yatan palataya girəndə onu çarpayıda oturmuş gördüm. Tez üstündəki adyalı kənara atıb ayağına, qoluna baxdım ki, görüm, buna nə olub? Gördüm əl-ayağı yerindədir. Hər şey qaydasında idi. Dedim ki, Zəbulla, bəs sənə nə olub? Dedi:”Oğlum haradadır?” Dedim:” Burda, yanındadır”. Onu qucaqladı. Sonra qızını soruşdu. O da yanında idi. Onu da qucaqladı. Birdən heç nədən xəbərsiz 3 yaşlı qızım dedi ki, ata, təzə sırğalarım necədir? Gördüm ki, Zəbulla əlilə onun boyun-boğazını axtarır. Həmin vaxt başa düşdüm ki, Zəbullanın gözləri tutulub. Nə hala düşdüyümü belə dərdlə üzləşənlər bilər. İki dəfə başıma çırpıb, qışqırdım.


Nazilə xanım:

... Sonra öyrəndim ki, onları zəhərləyiblər. Bir neçə nəfər olublar. Bəziləri dərhal dünyasını dəyişib. Zəbullanın isə əvvəldən də gözündə problem olduğundan gözləri tutulub. Sonradan bəlli oldu ki, gəldiyimi biləndə onun gözünün bir tərəfinə işıq gəlib. Gəldiyim günün sabahı geri qayıtmağa hazırlaşdım Nə qədər dəhşətli anlar idi. Bir anda xoşbəxt, bəxtəvər günlərim tar-mar olmuşdu. Burada çoxlu güllər becərmişdim, toplamışdım. Bütün qonşular deyirdi ki, geri qayıdanda onları bizə bağışlayarsan. Mənim bu müsibətli günümdə isə o gülləri kimə verdimsə , götürmədi, göz yaşları ilə islatdılar o gülləri.


“Bütün həyatımı Zəbullaya həsr edəcəyəm”


Zəbullanı hava limanında yola salmağa yüzlərlə insan gəlmişdi. Mən ayrı maşınla, o isə bayraq sancılmış təcili yardım və digər maşınlarla onu müşayiət edən dəstə ilə gəldi. Həmin vaxt, 25 yaşımda, o yüzlərlə insanın qarşısında göz yaşlarımla bəyan etdim ki, mən bundan sonrakı bütün həyatımı Zəbullaya həsr edəcəyəm. Sonrakı 29 ildə on min manatlarla pul sərf etsəm də, bütün dincliyimi ona qurban versəm də, bu sözümə əməl etdim, mən bu 29 ildə özüm üçün yox, böyüməyən qundağım olan, gözlərini itirmiş Zəbullam üçün yaşadım. Həmin vaxtdan evin həm kişisi, həm qadını oldum. Təkcə çörək qazanmadım, Zəbullanı bircə anda məhəbbətsiz, sevgisiz qoymadım. O, bu qədər müddəti bu sevgimlə yaşadı. Bir balaca xəstələnən, şikəst olan kimi sevgilisindən üz döndərənlərdən fərqli olaraq, heç vaxt onun xidmətində olmaqdan bezmədim, o əzablardan qürur duydum. Zəbulla məndən 11 yaş böyük olsa da bizim sevgimiz, bizim həyatımız bənzərsiz idi. Mənə elə gəlirdi ki, mən də onunla eyni yaşdayam. İndi də qürur duyuram ki, çoxlarına nümunə olacaq bəxtəvər və sitəmli bir sevgi ömrü yaşadım. Zəbulla gözlərini itirəndən sonra daha 2 övladımız oldu. Lakin Zəbulla onların səsini eşitsə də, saatlarla bağrına basıb oxşasa da, heç vaxt dünyaya gözünün işığını itirəndən sonra gələn balalarının sifətini, görkəmini görə bilmədi. Daim deyərdi ki, kaş bir dəqiqəliyə də olsa, gözlərim açılaydı, sənin və balalarımın sifətini görə biləydim.

(Onu da qeyd etdim ki, Nazilə xanım bu söhbətləri göz yaşları işçində, ağılar, oxşamalar deyə-deyə danışdı, dəfələrlə kövrəldi...)




Nazilə xanım Zəbulla üçün hansı fədakarlıqlar edib?


- Həmin vaxtdan tifağım dağıldı, bəxtəvərliyim tar-mar oldu. Kifayət qədər pulumuz, qızılımız, digər var-dövlətimiz vardı. Hər şeyi onun yolunda xərclədim. Uşaqları qohumlarımın yanında qoyub 13 il onu Moskvaya, Leninqrada, Odessaya, Novosibirskiyə, Kiyevə və digər şəhərlərə müalicəyə apardım. Təkcə bir ildə 11 dəfə Moskvaya gedib-gəldim. Yollarda, xəstəxanalarda olmazın əziyyətlərini, nisgillər, ürək göynədən, bir qadının dözəcəyindən qat-qat artıq əzablar çəkdim.


“ABŞ səfərində də Zəbulla üçün əlac axtardım”


Nazilə xanım :

- Fermer təsərrüfatının başçısı kimi ABŞ-a səfərə gedən zaman hamı maraqlı görüşlər keçirəndə mən əlimdə Zəbullanın epiqrizləri tərcüməçi ilə Amerika klinikalarını dolaşdım, onun dərdinə burada əlac axtardım. Dedilər, mümkündür. Beyni yarılmalı, kökdən ona yeni göz qoyulmalıdır. Mən buna razı oldum. Dedim Zəbulla, qoy bütün ev-eşiyi satım, təki səni sağaldım, lakin o, buna razı olmadı.


...Onun yolunda nəyim vardı əsirgəmədim - gəncliyimi, rahatlığımı, sevgimi, olan-qalan maddiyatımı, amma əlac olmadı.


“Dedilər, mədəsində xərçəng var”


- 2013-cu il mayın 15-i ad günü idi. Həmin gün halı pisləşdi. Əvvəl Lənkərana, sonra Bakıya apardıq. Dedilər, mədəsində xərçəng var. Həkimlər onun yaşamasına 1ay vaxt qoydular. Sonra Tehrana getdik. Burada onu əməliyyat etdilər. 18 may 2013-cü ildən 18 mart 2014-cü ilədək 10 ay yaşadı. Onun yaşatmaq üçün evdən satmadığım əşya, kredit üçün girmədiyim bank qalmadı. Lakin onu xilas etmək mümkün olmadı.


...Zəbulla bu cür əzablara layiq insan deyildi. Coşqun, zarafatçıl adam idi. Uzaq yollara gedəndə daim ona kitablar oxuyar, şeirlər söyləyərdim. Disklərdə olan kitabları çox dinləyərdi.


İranda çəkdiyim əzablar


Çox əzablı günlər yaşadım. Adam heç bilmir, hansını danışsın. Az qala hər günüm, hər saatım ürək parçalayan bir faciəyə oxşayır. Tehranda 10 günü gecə-gündüz göz qırpmadan onun palatasının qarşısında keçirdim. Saata baxmırdım ki, vaxtı bilməyim. Az qala tək-tənha onu qucağımda daşıyırdım. Tehrandan evimizə qayıtdığımız gün orada matəm vaxtına düşdüyündən avtobusda yer yox idi. Onu Tehran avtovağzalında bir dirəyin yanına qoyub, eni-uzunu bilinməyən vağzal boyu avtobuslarda yer axtarmağa başladım. Ərdəbilə gedən avtobusun sürücüsü əlacsızlığımı görüb bir bilet üçün məndən az qala avtobusdakı bütün yerlərin pulunu aldı. Təxminən 1 kilometr yolu qaça-qaça geri qayıdanda Zəbullanı qoyduğum dirəyin yanında tapmadım. Az qaldı ürəyim gedə. Sonra bəlli oldu ki, yorulduğu üçün dirəyin dibində yerə əyləşib, görməmişəm. Çox zülmlə onu avtobusa çatdırdım. Özü də bezmişdi. Qaranlıq tunellərdən keçəndə deyirdi ki, at məni bir çöllüyə, sənə çox zülm verdim. Lakin mən ona qulluq etməkdən yorulmadım, bezmədim, heç bu barədə düşünmədim, mən özüm üçün yox, onun üçün yaşadım.


Onun son çərşənbəsi


2014-cü il 18 mart onun son çərşənbəsi oldu. Həmin axşam ayın tarixini soruşdu, dedim ki, martın 17-sidir, sabah çərşənbə axşamıdır. 17-si axşamını o, mənim qollarım arasında keçirtdi. Dedim, Zəbulla, çərşənbə axşamıdır, dəsmal salmağa gedirəm. Dedi, hara dəsmal salacaqsan? Dedim, məscidə, Allah Evinə dəsmal salıb, səni tanrıdan istəyəcəyəm. Ancaq bu mənə qismət olmadı. Həmin axşam kənddə çoxları tonqal qalamadı, çərşənbə axşamını öz evində keçirmədi, Zəbulla ilə vidalaşmağa gəldi.

Həyət qapısına qədər onu öz çiyinlərimdə apardım. Öz xahişi ilə baş daşına 2 şəkil vurdurduq. Biri cavanlıq şəkili də. Hansı ki, mən onu həmin görkəmdə olanda sevmişdim. Biri də indiki, çoxlu əzab-əziyyətdən sonra çəkdirdiyi şəkil.

İndi də yuxularımdan çəkilmir. Elə yuxusuz da xəyalımdadır, bütün ruhumda, canımdadır. Məndən 11 yaş böyük olsa da, o mənim qundağı böyüməyən balam idi, dostum idi, dünyam idi, hər şeyim idi.




 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10