..Sərhədi keçməyə peşman edirlər adamı. “Təbriz!”, “Ərdəbil!”, “Meşkin!”, “Aslandüz!”…
Adama elə gəlir, bu dəqiqə zorla da olsa, maşına əyləşdirib, aparacaqlar səni.
- Naxçıvana gedən? Culfa, Naxçıvan…
Bir dəstə də o yanda qışqırır:
- Yolda dəyişməyəcəksiz ki?
Deyəsən, təcrübəli yolçudur. Bu dəyişmək məsələsinin nə olduğunu, başımıza nələr gətirəcəyini sonradan biləcəyik.
- Əbəlfəz haqqı, yox.
Əvvəli (https://lent.az/news/323233)
...Durub gözünü ora, viranə kəndə zilləmək doğrudan da ağrılıdı. Amma bununla belə, Xudafərindən ayrılmaq olmur. Allah bilir, bu möhtəşəm memarlıq abidəsi tarixin nə qədər sirrini özündə gizlədir.
Sürücümüz deyir ki, bir vaxtlar ermənilər İrana məhz Xudafərin tərəfdən yeni körpü tikməyi təklif ediblər. İran isə rədd edib. Amma buna baxmayaraq, İran Ermənistanla sərhəd-keçid məntəqəsi yaradıb. Bu yerdə maraqlı bir məqamın üstünə çıxırıq. Söhbət ondan gedir ki, özünü dünyadan təcrid etmiş Ermənistanın qonşu olduğu ölkələrlə vur-tut 5 sərhəd-keçid məntəqəsi var. Onlardan dördü məhz azərbaycanlıların kompakt yaşadığı yerlərlədir. Bunlardan üçü Gürcüstanın Gomuşlu, Ağkörpü və Sadaxlı, biri isə İranın Şərqi Azərbaycan ostandarlığının Nurdüz kəndləridir.
Amma Nurdüzə hələ var. Cəbrayılı arxada qoyuruq. Artıq Zəngilanın “ərazisindəyik”. Uzaqdan Cahangirbəyli kəndi görünür.
Ermənilər bu kəndi sözün həqiqi mənasında viran qoyublar. Daşı daş üstə qalmayıb. Yaxınlıqdakı kənddə maşını saxlayırıq. Əsasən qaraçılar yaşayır İranın bu kəndində. Amma danışıq dili, təbii ki, Azərbaycan türkcəsidir.
Bu arada ötən dəfə söz açdığım dəyişmə baş verir. Əhmədalı bizi Əli adlı başqa sürücüyə təhvil verir. Sən demə, iranlı sürücülər arasında belə qayda var. Biləsuvardan Culfaya və ya əksinə 360 km maşın sürməkdənsə, onlar yolda sərnişinləri dəyişirlər. Bizi də Əhmədalı Culfadan gələn maşına təhvil verib, ayrıldı. Yola Əliylə davam edirik.
Elə bu kənddə maşından düşüb, bir çay içirik. Çayxanadakılarla söhbətin mövzusu bu dəfə Zəngilandır.
1993-cü ilin oktyabrın sonlarında bu ərazilərdə vəhşət yaşanıb.
Hacı Eynulla deyir ki, oktyabrın axırlarıydı, ermənilər Zəngilana hər tərəfdən hücuma keçmişdilər:
- Bir gün gördük, camaat yığışıb Arazın sahilinə. Nə bilim, 20 min, 30 min olardı əlbət. Qoca, qadın, uşaq. Camaatın bəxti gətirdi ki, Arazda su az idi. Zəngilan tam mühasirədəydi o vaxt. Az qala ikinci Xocalı yaşanacaqdı. O vaxt Araz çayı üzərindəki bənddə su bağlanmışdı. Yalnız bundan sonra əhali çayı keçib xilas olmuşdu.
Hacı deyir ki, işğaldan sonra ermənilər daha böyük fəlakətlər törətdilər.
Bax, - əliylə göstərir - ora Bartazdı. İki günün içində böyük bir meşəni yandırdılar.
Nə qədər qoz, çinar ağaclarını qırdılar. 300-400 yaşı olan palıd ağaclarını qırıb satdılar.
- Sizə?
- Bizə də, özlərinə də.
- Zəngilanda yaşayan var indi?
- Mincivanda yoxdu. Olsa, işığı gələr. Amma Zəngilanda 100-150 ailə ola, ya olmaya. Orda dağılan evləri də qurmayıblar. Haradansa köçürülən ermənilərdi. Hə, indi Kovsakan deyirlər Zəngilana.
- Siz də?
- Yox, qurban, biz niyə elə deyək ki? Axı bizim də yurd yerlərimizdi oralar. Biz eləcə Zəngilan deyirik.
Erməni vandalizmi bununla da bitməyib. Söhbət ondan gedir ki, Azərbaycan ərazisini viran qoyan ermənilər Araz sahilində böyük bir anbar tikiblər. Bu anbara isə Qacaran və Qafan mis-molibden zavodlarının zəhərli tullantısı yığılır. Sonra isə Araza axıdılır.
Hər həftə oradan Araza zəhər buraxılır.
- Araz sapsarı oldu ha, bilirik ki, zəhəri buraxdılar. Araz pak çaydı. Qısa zamanda özünü paklayıb təmizləyə bilir.
...Nurdüzə çatırıq. Böyük bir keçid məntəqəsidir. 24 saat işləyir. Həm o tayda, həm bu tayda onlarla mağaza fəaliyyət göstərir
Əli deyir ki, Ermənistanın hər yerindən bura gəlirlər. Ucuzluqdu, ona görə. Amma son zamanlar düyü, çay, yağ, şəkər tomat və digər ərzaq növlərinin Ermənistana aparılmasına qadağa qoyulub. Yeri gəlmişkən, eyni qadağa Azərbaycana da aiddir. Bunu İranda yaran biləcək ərzaq qıtlığı ilə əlaqələndirirlər.
Sürücümüz danışır ki, onun özü neçə dəfə Ermənistanda olub.
- İrəvana gedirik tez-tez, dincəlməyə, kefə. Başa düşdün də (Gülür). Amma çox bahalıqdı. Şəhərin özü necədi? Baba, nəinki Bakı, Naxçıvanla müqayisə eləmə. Nə yollarını, nə binalarını, nə də gözəlliyini.
- Orda nə dildə danışırsan? Azərbaycanlı olduğunu bilirlər?
- Bilirlər, amma İran pasportundan it kimi qorxurlar. İstədiyimiz kimi hərəkət edə bilirik. Kimsə bir söz deyə bilməz.
- Bəs onlar İrana təkcə ərzaq dalınca gəlirlər?
- Hə, əsasən buna görə. Qohum-əqrəbasını görməyə gələnlər də var. Azı 100 min erməni yaşayır İranda.
Keçid məntəqəsindən danışmışkən, Əlinin dediyinə görə, Ermənistan İranın hesabına dəmiryolu xətlərini bərpa etmək istəyib, amma alınmayıb. İran bu mənasız layihəyə 2-3 milyard xərcləmək istəməyib.
Sürücümüz deyir ki, Ermənistan Arazboyu dəmir yolu keçən bütün tunelləri partladıb, relsləri söküb.
- Cəbrayıldan üzü Ordubada qədər hər yeri söküb partladıblar. Ta o vaxtdan. Bilirsiniz niyə? Çünki gözəl bilirlər ki, bu torpaqlar onlara qalmayacaq. Ona görə vəhşicəsinə hər yeri dağıdıblar.
50-100 metrliyindən keçirik həmin tunellərin. Böyük bir nəqliyyat xətti doğrudan da məhv edilib. İstisnasız bütün tunellər dağıdılıb. Ot, kol-kos basıb hər yeri.
Mehri dəmiryolu vağzalı da viran gündədir. Və ən maraqlısı bilirsinizmi nədir? Təsəvvür edin, yazını hazırlayanda apardığım araşdırmalar zamanı bir rus bloqerin fevral ayında Mehri stansiyasından tapdığı biletlərin fotosuyla rastlaşdım... İnsana ümid verən, üzərində “Azərbaycan dəmir yolları” yazılmış biletlər...
***
- Sol tərəfi görürsən? Burada bilirsən nə qədər pələng var? Kəmki dağlarıdır buralar. Mən bilən Ordubadda da bu adda dağ var.
Sərnişinlərimizdən biri Ordubadın Dəstə kəndindəndir. Əlinin dediklərini təsdiqləyir. Onu da deyir ki, artıq Naxçıvan dağlarında da pələng, bəbir görünməyə başlayıb.
- Bu dağlarda üç növ pələng var. Ümumi sayı 10-12 olar. Beş-altı gün qabaq qonşumuz Murad kişinin davarına (mal-qara sürüsünə - S.S.) pələng hücum elədi. İki danasını parçaladı. Atını da yaraladı. Danalar ələ gəlmədi, amma atı qurtara bildi. Kamtaq tərəfdə fırlanırlar. Ora milyon tümən versələr də sürmərəm, baba. (Hamımız gülürük)
***
Budur, artıq Culfadayıq. İran tərəfində. Vur-tut 15 dəqiqədən sonra sərhədi keçəcəyik. Naxçıvanda bir dostumuzun qonağı olacaq, səhəri geri qayıdacaqdıq. Və geri qayıdanda elə bir insanla rastlaşacaq, ondan elə bir həyat hekayəsi eşidəcəkdik ki! İnanılmaz, qandonduran bir... yox, yox, iki həyat hekayəsi...
Lent.az -da qalın, bunları heç harda oxumayacaqsınız...