Hazırda Türkiyədə işgüzar səfərdə olan tanınmış təhsil eksperti Kamran Əsədov ali təhsil ardınca qardaş ölkəyə üz tutan azərbaycanlı gənclərlə bağlı ciddi məsələyə toxunub.
Qaynarinfo-nun məlmatına görə, K.Əsədov deyib ki, hər Azərbaycanda keçirilən qəbul imtahanlarından sonra yetərli bal toplaya bilməyib ali məktəbə qəbul olunmayan xeyli gənc xarici ölkələrə üz tutur:
"Vətənimizin gənclərinin təhsil almaq üçün gəldiyi ölkələrdən biri də qardaş Türkiyədir. Hardasa 15 minə yaxın soydaşımız bura təhsil ardınca gəlib. Bu onların hüququdur. Amma məsələnin digər tərəfi var. Bildiyimiz kimi, ölkəmizdə şagirdlər orta məktəbi bitirəndən sonra attestat alırlar. Amma müəyyən sayda attestatı ala bilməyənlər də olur. Onlar sonra saxta attestat ilə xarici ölkələrdə təhsil almağa üz tutur və 4 il sonra diplom alıb geri qayıdır, Azərbaycanda bu dıplomu tanıtdırırlar. Təsəvvür edin ki, orta məktəbi bitirməyən şəxs Azərbaycana ali təhsil diplomu ilə gəlir".
Kamran Əsədov Təhsil Nazirliyini bu məqama diqqət yetirməyə çağırıb: "Yaxşı olardı ki, Təhsil Nazirliyi diplomu tanıyarkən müracət edənin orta məktəbi bitirməsi məsələsini də araşdırsın”.
Təhsil eksperti onu da vurğulayıb ki, Türkiyə universitetləri onlara saxta sənəd, saxta imtahan nəticəsi təqdim edən azərbaycanlı gənclərin əlindən bezib.