Rəhmətlik İmam (r) buyurur: “Aləm - Allahın məhzəridir (qeydiyyat apardığı yerdir), Allahın məhzərində günah etməyin”.
İmam (r.ə) özü hər kəsdən daha çox bu dediklərinə inanır və əməl edirdi. Quran da bunu təsdiq edir ki, insana yer üzündə çox sayda nəzarətçilər təyin edilmişdir. Onlar hər an insana nəzarət edir və əməllərini qeydiyyata alırlar.
1. İlk şahid - Allahdır. “Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!”. (“Ələq” 14). Hədisdə oxuyuruq: “Allaha elə ibadət et ki, sanki Onu görürsən. Əgər sən Onu görmürsənsə, O, səni yaxşı görür”. Arilfərdən biri günahına görə tövbə edir və çoxlu ağlayır. Ondan soruşurlar ki, niyə ağlayırsan, axı Allah bağışlanyandır? Deyir: “Mümkündür ki, O, bağışlasın, lakin Onun məni bu halda görmək xəcalətini özümdən uzaqlaşdıra bilmirəm”.
2. İkinci şahid - Peyğəmbərdir (s). “Ey Peyğəmbər, həqiqətən, Biz səni (dünyada ümmətin əməllərinə şahid olub və axirətdə şəhadət vermək üçün) bir şahid və müjdəçi və qorxudan (kimi) göndərdik”. (“Əhzab” 45). Əhli-beyt (ə) davamçıları bu fikirdədir ki, bizim bütün əməllərimiz hər gün və ya həftənin xüsusi günlərində Peyğəmbərə (s) təqdim olunur.
3. Üçüncü şahid - Məsum İmamlardır (ə). “Və de: «İstədiyinizi edin ki, tezliklə əməlinizi Allah, Onun Peyğəmbəri və möminlər (əməllərinizin dünyadakı şahidləri) görəcəklər və tezliklə gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə, O, sizi (dünyada) etdiklərinizdən xəbərdar edəcəkdir»”. (“Tövbə” 105).
4. Dördüncü şahidlər – şəhidlərdir. “Allah yolunda öldürülənlərə ölü deməyin, əksinə (onların ruhları Bərzəx aləmində müstəqil şəkildə, yaxud «misal» qəlibinə daxil olmaqla) diridirlər və lakin (bunu) siz dərk etmirsiniz”. (“Bəqərə” 154). Allah yolunda öldürülənlər şəhidlər sayılır və onlar sağdırlar. Başqalarının əməllərinə şahidlik edərlər. Şəhidlərin cismi sağ olmasa da, adları və qoyduqları məktəb sağdır.
5. Beşinci şahid iki mələkdir ki, adları Rəqib və Ətiddir. “Dilinə elə bir söz gətirməz ki, (bu zaman) yanında (deyilənləri yazmağa) hazır olan nəzarətçi mələk dayanmasın”. (“Qaf” 18).
6. Altıncı şahid - bədən üzvləridir. “O gün ki, dilləri, əlləri və ayaqları onların ziyanına, (dünyada) etdiklərinə şəhadət verəcəklər”. (“Nur” 24).
7. Yeddinci şahid - yerdir. “Yer öz qiymətli yüklərini və çox dəyərli mallarını (ölüləri, mədənləri və xəzinələri) çıxarıb atacağı zaman Və (onun köksündən çıxan) insan (təəccüb və dəhşətlə): «Buna, nə olub?!» - deyəcəyi zaman Məhz o gün yer öz xəbərlərini açıb söyləyər. (Köksündəkiləri çıxarıb atmağı onun elə danışmasıdır. Yaxud da o elə dilə gələrək danışar)”. (“Zəlzələ” 2-4).
8. Səkkizinci şahid – zamandır. “Şübhəsiz, bunda (bu hekayət və əhvalatlarda) axirət əzabından qorxan kəs üçün (Allahın qüdrət və əzəmətinə dair) bir nişanə vardır. O, bütün insanların toplanılacağı bir gündür. O, elə bir gündür ki, (bütün cinlər, şeytanlar və heyvanlar mələklərin nəzarəti ilə) onda çağırılacaqlar və oranın bütün hadisələri orada olanların gözü qarşısında olacaqdır”. (“Hud” 103).