Son günlər Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin 32 ildir ki, bu vəzifəni tutması müzakirə mövzusuna çevrilib. Anar müəllim isə müsahibə verərək bildirib ki, növbəti qurutayda daha beş il üçün sədrliyə namizəd ola bilər.
Qaynarinfo mövzunun aktuallığını nəzərə alıb məsələyə AYB sədrinin uzun müddətdir oturduğu kreslonun da münasibətini öyrənmişdi.
Dünən oxuculara təqdim etdiyimiz həmin müsahibədə Anar müəllimin sədrin qəlyanının ünvanına da "daş atmağı" unutmamışdı. O, bu isti yay günlərində özünü necə hiss etdiyi barədə suala "Düzü, Anar müəllim bir neçə gün burada olmadı, məzuniyyətə getmişdi Türkiyəyə, xeyli rahat nəfəs aldım. Yoxsa qəlyan tüstüsündən az qalmışdı boğulam. İndi ciyərlərim xeyli təmizlənib" deyə cavab vermişdi. Eyni zamanda bildirmişdi ki, Anar müəllimin 32 ildir onun üstündə oturmasından yorulmayıb: "Bircə qəlyan məsələsi korlayır hər şeyi. Yaş o yaş deyil artıq, tüstünü götürə bilmirəm".
AYB sədrinin kreslosunun bu dedikləri onun qəlyanının kəskin etirazına səbəb olub. Saytımıza müraciət edən qəlyan kreslonun həmin sözlərini "gözügötürməməzlik" kimi qiymətləndirib: "Mən daim Anar müəllimin damağındayam, ən pis halda əlindən düşmürəm. Kreslo getsin əvvəlcə olduğu yerə baxsın, sonra anrı-bəri danışsın... Onun açıqlaması paxıllıqdan, gözügötürməməzlikdən başqa bir şey deyil. Keçən dəfə də divardakı Nizami Gəncəvi xalça-portretinə gileylənirmiş ki, "niyə sən həmişə Anar müəllimin başı üstündə dayanırsan, mən də burada..." Belə absurd məntiq olar? Onda zəhmət çəkəydin, dünyaya kreslo kimi gəlməzdin".
Qəlyan bildirib ki, dünyada bütün kreslolar gəldi-gedərdi: "Müdriklər də yaxşı deyib ki, insanı kreslolar ucaltmır, kreslonu, vəzifəni insanlar ucaldırlar. Kreslolara tarixin münasibət məlumdur. Ona görə də mən sədrimizin kreslosunun belə özündənrazı çıxışını heç cür içimə sinirə bilmirəm. Qəlyan isə tamamilə fərqlidir, bir zövqdür, sənətdir, mədəniyyətdir. Böyük şairimiz Mirzə Ələkbər Sabir boş yerə "ah eylədiyim nəşeyi-qəlyanın üçündür, qan ağladığım qəhveyi-fıncanın üçündür" yazmayıb ki? Bir şey bilib ki, yazıb də... Yoxsa götürüb elə "ah eylədiyim nəşeyi-kreslon üçündür" də yazardı, bəlkə, düz demirəm?!"
Qəlyan sağlamlığa zərərli olması barədə kreslonun iradına da münasibət bildirib: "Tüstüdən boğulmaq məsələsi də bəhanədi, öz gözügötürməzliyinə haqq qazandırmaqdı. Ona qalsa, tüstüdən əvvəl gərək iydən-zaddan boğulsun...".Ğ