Moderator.az ermənişünas alim, Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının erməni kommunist, hiyləgər siyasətçi Anastas Mikoyan haqqında Türkiyə türkcəsində qələmə aldığı "Anastas Mikoyan: Bolşevik erməninin etirafları" kitabının Azərbaycan dilinə tərcüməsinin növbəti hissəsini təqdim edir.
Əvvəlini buradan oxuya bilərsiniz: http://www.moderator.az/news/283009.html
"Türkiyə Ermənistanı" məsələsi ilə əlaqədar
"1. Bu günə qədər partiyamızın mərkəzi orqanları gürcü və ya digər Qafqaz millətlərinin məsələsindən daha çox erməni məsələsinə xüsusi diqqət yetiriblər. Bu əhəmiyyət ermənilərin döyüşdən əvvəlki vəziyyətindən və Türkiyə Ermənistanıyla əlaqədar məsələdən qaynaqlanırdı. Müharibədən sonrakı vəziyyətdə erməni məsələsində belə bir siyasət aparmaq qeyri-insani, qeyri-dəqiq və hətta çox zərərlidir. Çünki xalq inqilabı ilə imperializmə qarşı mübarizə arasındakı maraqlar bir-birinə ziddir.
2. Əgər döyüşə qədər ermənilər Türkiyə Ermənistanında əhalinin əhəmiyyətli bir hissəsini, hətta bir çox yerdə əksəriyyətini təşkil etsəydi və milli azadlıq naminə döyüşləri Türkiyənin feodal-despotik rejiminə qarşı yönəlmiş olsaydı, yenə də, tam ədalətli olmasa da, obyektiv inqilabçı faktor kimi şərh edilə bilərdi. Ancaq müharibə zamanı və sonrakı müşahidələrimiz bunun əksini göstərir”.
Tezisində bu vəziyyət nəticəsində bölgənin ermənisiz qalmasını ifadə edən Mikoyan müsəlman əhalinin də müharibədən böyük əziyyət çəkdiyini xüsusi vurğulyır və tezislərini belə davam etdirir:
4. Erməni şovinistləri imperialist müttəfiqlərin və mürtəce general Denikin dəstəyinə əsaslanaraq, Qara dənizdən, demək olar ki, Aralıq dənizinə qədər olan yeddi vilayəti əhatə edən tarixi sərhədləri daxilində, cinayətə çevrilmiş xam bir xəyal olan, “Böyük Ermənistan” qurmaq fikrinə düşüblər. Bölgədə ermənilərin olmaması və əsasən müsəlmanların varlığı onları utandırmır. “Böyük Ermənistan” əhalinin əksəriyyətinin bazasında qurula bilməz, ancaq imperialist silahların gücü ilə qurulacaq, qan və “əcnəbilərin” günahsız cəsədlərinin ürəklərini parçalayan dəmirlə və Ermənistanın “günahkar” müsəlmanlardan təmizlənməsi yolu ilə qurulacaq.
Belə bir cəhənnəmi yaratmaq, belə bir kabus və təcavüzü gerçəkləşdirmək planı ən yaxşı, ən qabiliyyətli və ən sadiq agentləri olaraq gördükləri ermənilər üzərindən, Türkiyəni yağmalamaq, müstəmləkəsi və maliyyə kapitallarını mənimsəyəcəkləri bir bölgə halına gətirmək istəyən imperialist müttəfiqlər tərəfindən güclənərək dəstəklənir".
5. Kommunist partiyası bu proqramı, “Böyük və müstəqil Ermənistan” ideyasını dəstəkləyə bilərmi? Şovinistlər bizə deyirlər ki, ortaya çıxan bu real vəziyyətlə hesablaşmaq, müstəqil Türkiyə Ermənistanını rədd etmək, Türk despotlarının və cəlladlarının yanında yer almaq, erməniləri məhv edənlərin planlarını və ümidlərini təsdiqləmək, ermənilərin öz müqəddəratını təyin haqqını aradan qaldırmaq mənasını verir. (...)
Partiyamız günahsız erməni qurbanlar üçün səmimi bir şəkildə kədərlənərkən, erməni millətçilərinin və imperialist müttəfiqlərin fikirlərinə qatıla, erməni şövinistlərinin cinayətkar lider şəbəkəsi adına minlərlə yeni günahsız qurbanın və ən azı o qədər kölələşdirilən Türkiyə yoxsullarının cəlladı ola bilməz. Partiyamız “Böyük” və ya “Kiçik” heç bir Türkiyə Ermənistanının lehinə ola bilməz. Millətlərin öz müqəddəratını təyinetmə hüququ bizim üçün tarixi deyil, əsl hüquqdur.
6. Erməni məsələsində köhnə mövqeyimizi davam etdirmək, müstəqil Türkiyə Ermənistanını dəstəkləmək, Qafqaz Ermənistanını “müstəqilləşdirmək” şovinist mürtəce hökumətlə, onun hamisi Akvam cəmiyyəti ilə SSRİ dövlətlərinin və onların şovinist erməni agentlərinin soyğunçu planlarına qarşı üsyan bayrağını çoxdan qaldırmış, dəniz kimi qabaran Anadolu müsəlman əhalisinə və Şərqin milyonlarla müsəlmanına qarşı bir olmaq, yalnız şərq müsəlmanlarının imperializmə qarşı davalarını cilovlamaq deyil, daxili ictimai-siyasi inkişaf proseslərini və Türkiyənin müsəlman xalqları içərisindəki sinfi ayrıseçkiliyi də dayandırmaq mənasını gəlir.
7. Bu baxımdan Sovet Rusiyasının Türkiyə Ermənistanının öz müqəddəratını təyin haqqı ilə bağlı bildirişi (1917) ciddi səhv olmuşdur. Heç bir müsbət nəticə doğurmamış, yalnız Türkiyə müsəlmanlarını deyil, Qafqaz müsəlmanlarını da özünə qarşı qaldırmışdır. Sovet hakimiyyəti erməni xalqının bütün öndərlərini qanuni olaraq tanıyaraq, müsəlmanlar üçün isə susaraq, müsəlmanlara erməni şovinistlərinin tərəfində, müsəlmanların isə qarşısında olduğu görüntüsünü vermişdir. (...) Biz Qafqazdakı kiçik erməni qrupuyla, bildirişin elanının daha ilk günündən etibarən bu fikirdə idik. Bu səhvi düzəltmək üçün çox gecdir. Ancaq ən qısa müddətdə erməni məsələsi ilə bağlı yeni istiqamət müəyyənləşdirmək lazımdır. Aşağıdakılar qəbul edilməlidir:
a) Erməni milli hərəkatı dialektik inkişaf nəticəsində qurtuluş davasından müxalifliyə, köhnə fikirliliyə çevrilmişdir, ciddi olaraq işğalçı imperialist hərəkatı halına gəlmişdir.
b) Türkiyə Ermənistanı fikri və ümumi olaraq “Böyük, Birləşmiş və Müstəqil Ermənistan” partiyamızın qəti şəkildə mübarizə aparmalı olduğu zərərli, mürtəce bir xam xəyaldır.
c) Erməni məsələsi ən önəmli hissəsi olan Türkiyə Ermənistanı məsələsini, köhnə tarixi əhəmiyyətini itirmişdir; Avropanın beynəlxalq məsələsi olmaqdan çıxıb, Qafqaz Ermənistanı erməni kütlələri ilə məhdudlaşmış spesifik, eynilə gürcü, azərbaycanlı və başqa məsələlərində olduğu kimi rus məsələsinə çevrilmişdir.
8. Qafqazlarda qalan Türkiyədəki erməni miqrantlarla bağlı görüləcək tək bir şey var. Bugünkü Qafqaz Ermənistanında Sovet hakimiyyəti qurulandan sonra; sözdə deyil, həqiqətən "Böyük Ermənistan" ideyası rədd edildikdən, Türklərə qarşı diş sıxmağa son vermələrindən, Ermənistandakı müsəlmanları təqib etmə siyasətini sonsuza qədər buraxmalarından, müsəlman kütlələrinə güvənin hakim olmasıyla, Türk xalqıyla yaxşı əlaqələr qurmalarından sonra onları Türkiyədəki son yaşadıqları yerlərə geri göndərmək. Bugünkü vəziyyətdən tək çıxış yolu budur.
9. Türkiyə erməniləri arasındakı kommunist fəaliyyətlər “Birləşmiş Qafqaz və Türkiyə Ermənistanı” fikrini müdafiə edən, kommunizm şousu altında erməni şovinizmini təqdim edən, Sovet hakimiyyətinə qarşı çevrilişçilərlə döyüş adı altında müsəlman qırğınlarını həyata keçirən, sözdə Ermənistan Milli-Kommunist Partiyasının əliylə yürüdülə bilməz. Dövlətlərin formalarının və sərhədlərinin yaratdığı faktlardan hərəkət edərək, Partiyamızın Mərkəzi Komitəsi Türkiyədəki ermənilər arasında işləmək istəyən səmimi erməni komunistlərinə Türk kommunist qruplarıyla tək Türkiyə Kommunist Partiyasında cəbhələşməyi, əgər lazım olsa, onun içində erməni seksiyasını qurmalarını məsləhət görməlidir. Mərkəzi Komitə onlara kommunist fəaliyyətinin ayrıca bir dövlət sərhədi yaratmaq və ya eyni bir dövlət qurmaq məqsədi daşımadığını, mərkəzi və təməl məsələnin inqilabçı hərəkətin, bütün millətlərdən olan zəhmətkeş kütlənin sinfi mübarizəsinin və işçi ilə kəndli hakimiyyəti üçün əzənlərə qarşı ortaq mübarizənin formalaşmasının vacib olduğunu vurğulamalıdır. Yalnız bu yolla - erməni işçi və kəndlilərinin inqilabçı hərəkatının Türkiyədəki müsəlmanlarla sıx əməkdaşlıq yolu ilə ölkədə siyasi inkişaf təmin oluna bilər. Əksinə olan vəziyyətdə, sadəcə ermənilər arasında uğurlu bir iş belə, o bölgədəki müsəlmanlar arasında görülməzsə, erməni şövinisti qaçılmaz olaraq bir xarakterə çevriləcək və təxribatlara yol açacaq, əks-inqilabi nəticələrə səbəb olacaqdır."
Bolşevik erməni lideri Mikoyan 1919-cu il dekabr ayının əvvəlində yazdığı "Qafqaz məsələsinə dair" başlıqlı hesabatında da digər ara alt başlıqlar altında erməni məsələsini yaxından maraqlandıran məqamlara toxunur və daşnak hökumətinin təcrübələrini çatdırır. Daşnak hökumətinin rejimini milli cinayət və banditizm-talan rejimi olaraq təqdim edən Mikoyan, ölkəni erməniləşdirmək məqsədiylə hökumət tərəfindən ardıcıl olaraq müsəlmanlara qarşı soyqırımı və qətliamlar törədildiyini qeyd edir. Bundan əlavə, Mikoyan kəndlərdə yaşayan kiçik bir azlıq istisna olmaqla, ermənilərin də əhəmiyyətli bir hissəsinin şovinist yönümlü olduğunu bildirir.
Onun bu fikirləri başqa bir erməni lideri olan Stepan Şaumyanın fikirləri ilə üst-üstə düşmürdü. O, çox fərqli idi. Türkiyədəki ermənilərin haqlarının qorunması məsələsində xüsusi səlahiyyət verilən S.Şaumyan Qafqazdakı ermənilərin fəal mövqeyinə də dəstək verirdi. O, “3 il ərzində Qafqazın sərhədlərini sədaqətlə qoruyan, müharibə meydanında və Ermənistan dağlarında on minlərlə qardaşını buraxmış” ”(S.Şaumyanın sözləridir) ermənilərə Rusiyanın silahlarını əllərində saxlamaq barədə xəbərdarlıq edirdi. Qafqaz cəbhəsində döyüşən erməniləri haqlı hesab etdiyi kimi, Türkiyə ermənilərinin başçısı olan və Qafqazda müsəlmanlara qarşı qətliamlarıyla şöhrət qazanan Andraniki də "xalq qəhrəmanı" olaraq təqdim edirdi. Andranik özü də S.Şaumyanın üç yüz illik fədakarlıq kimi təqdir etdiyi “erməni qəhrəmanlığının” Rusiya dövlətinin himayəsi sayəsində gerçəkləşdiyini minnətdarlıqla anırdı.
Bundan əlavə, 15 may 1917-ci ildə İrəvandan Rusiya Dövlət Dumasının rəhbəri Rodzyankoya göndərilən teleqramda o, belə yazırdı: "Türkiyə ermənilərinin İrəvandakı I qurultayı qovulan əzabkeş xalqa 3 il boyunca sığınacaq verdiyiniz üçün və olduqca səmimi qonaqpərvərliyinizə görə sizin simanızda böyük və azad rus xalqına dərin minnətdarlıq edir”.