Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda ölmək neçəyə başa gəlir - Əcəli ürküdən qiymətlər



"Mənə dedilər ki, qəbiristanlığın normal yerində, “panoraması yaxşı” olan VİP yerdə qiymət 9 min manatdır"

 

Azərbaycanda yaşamaq necə bahadırsa, ölmək ondan da bahalıdır. Ölmüş şəxsi dəfn etmək üçün, ən azı 2000 manat pul lazımdır. Çünki ölən şəxsin yuyulmasından tutmuş, qəbir yerinin alınmasına qədər pulla həll olunur. Dəfn-kəfən xərcləri çox fərqlənməsə də, qəbir yerlərinin qiyməti qəbiristanlıqların yerləşdiyi yerdən asılı olaraq dəyişir. Hətta elə qəbiristanlıqlar var ki, 2 metrlik  qəbir yeri üçün bir avtomobilin qiyməti tələb olunur.

 

AYNAnın əməkdaşı Azərbaycanda ölməyin neçəyə başa gəldiyini, yəni ölən şəxs üçün nə qədər dəfn xərcləri tələb olunduğunu araşdırıb.  

 

Əvvəlcə şəhərin ən gözəgəlmli yerində yerləşən Yasamal qəbiristanlığına üz tutduq. Orada çalışan işçilərə ölüm ayağında olan xəstəmiz olduğunu, ona görə də qəbir yerlərinin qiymətlərini öyrənmək istədiyimizi bildirdik. Lakin işçilər bizdən “ölüm kağızı” tələb etdilər, bildirdilər ki, “ölüm kağızı olmasa”, nə qəbir üçün yer verilir, nə də qiymətlər açıqlanır. Bir sözlə, Yasamal qəbiristanlığında ancaq müştərini dəqiqləşdirəndən sonra “bazarlığa” gedirlər.

 

Qırx gün öncə atasını itirən Zaur Əliyev isə sözügedən qəbiristanlıqda qəbir yerlərinin qiymətinin 2500- 9000 manat arasında dəyişdiyini deyir: “Atam rəhmətə gedəndə Yasamal qəbirsanlığına gəldim ki, qəbir üçün yer alım. Mənə dedilər ki, qəbiristanlığın normal yerində, “panoraması yaxşı” olan VİP yerdə qiymət 9 min manatdır. “O qədər pulun yoxdursa, eybi yox, 2 min, 2 min beş yüz ver, qəbiristanlıqda ala-babat bir yerdə sizə yer verərik”, dedilər. 2 min beş yüz manatı elə deyirlər ki, sanki konfet kağızı istəyirlər”.

 

Zaur Əliyevin dediyinə görə, Masazır qəbiristanlığında da qəbir üçün qoyulan qiymətlər “əl yandırır”: “Dörd-beş min manatın olmasa, Masazır qəbiristanlığında doğmanı dəfn edə bilməzsən”.

 

Bir sözlə, Bakıda mərkəz ərazilərdə evlərin qiyməti kimi, qəbirlərin də qiyməti "əl yandırır". Halbuki, qəbir yerləri xalqa məxssuz torpaqlardır və qanunla pulsuz verilməlidir.

Şəhərin mərkəzindən fərqli olaraq, Bakı kəndlərindən qəbir yerləri üçün qoyulan qanunsuz qiymətlər qat-qat aşağıdır. Məsələn, Ramana qəbiristanlığında kənd cammatına qəbir yeri pulsuz verilir. Qəbiristanlıq nəzarətçisi kənd sakinlərini tanıdığı üçün onlardan pul almır. Qəbiri qazmaq və hazır etmək üçün isə 150-170 manat xərcləmək lazımdır.

 

Kənardan gələn, Ramana kəndinə adiyyəti olmayan şəxslər isə qəbiristanlıqda yer almaq üçün pul ödəməlidirlər. Məbləğin isə nə qədər olduğunu bir Allah bilir, bir də müştəri ilə qəbiristanlıq nəzarətçisi.

 

Maştağa və Bülbülə kəndlərindəki qəbirissanlıqlarda da vəziyyət eynidir. Həmin kəndlərdə də yerli əhali üçün qəbir hazırlamağın 150-180 manat xərci var. Amma kənar şəxslərə qəbir üçün yer, ən azı 300-500 manata satılır.

 

Qəbiristanlıqların bəzilərində öncədən alınmış boş məzar yerləri də gözümüzə dəydi. Yəni bəzi şəxslər öldükdən sonra övladlarını, yaxınlarını xərcə salmamaq üçün hazırlığını əvvəlcədən görüb.

 

Regionlarda isə vəziyyət bir başqadır. Məsələn, Ağdaş qəbiristanlığında yerlər pulsuz verilir. Dəfn olunan insanların da hamısı yerli əhalidir. Qəbir qazan və tikənlərə isə kim nə qədər “hörmət etdisə”, qane olurlar.

 

Naxçıvanda da qəbir yeri pulsuzdur. Qəbir qazmaq üçün isə 150 manat lazımdır. Məzar daşının sadəsinin qiyməti 250-300 manatdır. Qranit və ya mərmər isə 700-1000 manata və ya da abaha başa gəlir. Ölünün yuyulması və kəfənlənməsi üçün 50 manat lazımdır.  

 

Əhali qəbir yerlərinin qiyməti ilə yanaşı, məhəllələrdə xeyir-şər evlərinin olmamasından da şikayətçidir. Bildirirlər ki, bələdiyyələr tərəfindən belə yerlər tikilməli və əhalinin pulsuz istifadəsinə verilməlidir. Bakı sakinləri qeyd edirlər ki, yas mərasimlərin keçirilməsi üçün kirayə verilən çadırların qiyməti də bahadır.  

 

Sakinlər təklif edirlər ki, qəbiristanlıqlara dövlət tərəfindən nəzarət olunsun. Əks halda daha çox problemlər yaranacaq. Görünən də odur ki, nəzarət olmasa, insanlar ölmək üçün də sağ ikən pul toplamağa məcbur olacaqlar.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10