Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yazdıqlarımız təsdiqini tapdı||--||



Qəzetimizin 12 noyabr 2012-ci il tarixli sayında çap olunmuş “Direktor 900 manatımı mənimsəyib” yazısının qəhrəmanı Asif Bəyverdiyev Apelyasiya məhkəməsində işi udub, onu qanunsuz olaraq işdən azad edənlər indi A. Beyverdiyə məcburi buraxılmış iş günlərinə görə 4 min manata yaxın pul ödəməlidirlər.


Bir az keçmişə qayıdaq. Ötən ilin oktyabrında Masallı rayonunun Boradigah qəsəbə sakini, 3 uşaq atası Asif Bəyverdiyev redaksiyaya gələrək bildirmişdi ki, qəsəbə 1 saylı tam orta məktəbin direktoru Azər Mirzəyev qəsəbədə o vaxtı icra başçısının nümayəndəsi vəzifəsini daşıyan Nəcaməddin Quliyevlə birləşərək onu saxta sənədlərlə işdən azad etmişdilər.

Onlar A. Bəyverdiyevi bülletendə olarkən, ona heç bir xəbərdarlıq etmədən, məktəb həmkarlar təşkilatının razılığını almadan bu qanunsuzluğa imza atmışdılar. A. Bəyverdiyevin bildirdiyinə görə məktəb direktoru Azər Mirzəyev məktəbdəki xadimələrə təzyiq edərək onları onun üzünə durquzmuşdur. Nəticədə A. Bəyverdiyev vəzifəsindən azad edilmiş, onun yerinə isə sabiq ərazi nümayəndəsinin dayısı təyin olunmuşdur. A.Bəyverdiyevin işdən çıxarılmasına əsas səbəb isə direktorun saxta əməllərinə, qanunsuz inventar silməsinə, məktəbin qazanxanasını və digər avadnlıqları satmasına dair sənədlərə imza atmaması olub.

A. Bəyverdiyev onların bu qanunsuz əməllərinə dözməyərək nəinki öz hüquqlarını müdafiə etmiş, həm də onu qanunsuz olaraq işdən çıxartmış rəhbərlərin özlərinin saxtakarlıqlarını ifşa etmişdir.

A. Bəyverdiyev öncə Masallı rayon məhkəməsinə müraciət etmiş, lakin Nemət Musayevin sədrliyi ilə keçən məhkəmədə onun haqlı tələbləri təmin olunmamış və o, işə bərpa olunmamışdır. A. Bəyverdiyevin bildirdiyinə görə həmin rəhbərlər o vaxt deyirdi ki, biz çox arxalıyıq, məhkəməni də, digərlərini də susdurarıq. Elə də etdilər.

A. Bəyverdiyev:- 2 dəfə Respublikanın Baş Prokuroru Zakir Qaralovun, 1 dəfə isə onun müavini Rüstəm Usubovun, eləcə də Təhsil naziri Mikayıl Cabbarovun qəbullarında olmuşam. Onlar vəd etdilər ki, bu iş ədalətlə həll olunacaq. Elə də oldu.

Mən kənd təsərrüfatı naziri Heydər Əəsdovun da qəbulunda oldum. Bildirdim ki, Boradigah qəsəbəsində ərazi nümayəndəsi işləyən Nəcməddin Quliyev hacı adı daşımasına baxmayaraq daim saxtakarlıqla məşğuldur. Onun işi araşdırıldı. Dediklərim təsdiqini tapdı. Əhaliyə taxıl əkininə görə verilən külli miqdarda subsidiyanı mənimsədiyinə görə, o işdən azad edildi, daha doğrusu qovuldu. Hətta onun işini Korrupsiyaya Qarşı Mübariz İdarəsi araşdırırdı, N. Quliyev birtəhər işləri qaydasına qoydu.

Məni qanunsuz işdən çıxaran məktəbin direktoru Azər Mirzəyev daha bir saxtakarlığının cəzasını aldı. Belə ki, əslən naxçıvanlı olan bu direktorun Masallının Bədəlan kəndində qanunsuz tikdiyi ev məhkəmənin qərarı ilə söküldü, həmin həyətin bir küncündə ona müvəqqəti sığınacaq verildi.

A. Bəyverdiyev ötən il çap olunmuş yazısında bildirmişdi ki, direktor onu işə qəbul edərkən rüşvət istəmiş, lakin onun pulu olmadığı üçün məktəb rəhbəri Əmrahbankdan onun adına 1100 manat kredit götürdü. İndi həmin kredit borcunu özü mənim adımdan ödəyir.

A. Bəyverdiyev daha sonra bildirdi::- Nəhayət bu il Şirvan Apelyasıya məhkəməsi Tofiq Heydərovun sədrliyi ilə mənim şikayətinə baxdı. Açığını deyim, hakim işə çox ədalətlə baxdı və buna görə əvvəllər Masallıda işləmiş Tofiq müəllimə minnətdarlığımı bildirirəm. Apelyasiya məhkəməsi Masallı məhkəməsinin mənimlə bağlı çıxartdığı qanunsuz qərarı ləğv etdi və qət etdi ki, mən əvvəlki işimə bərpa olunum və bu 2 il yarımda məcburi olaraq buraxdığı iş günləri üçün əmək haqqım mənə ödənilsin. Aylıq əmək haqqımın təxminən 150 manat olduğunu nəzərə alsaq mənə 4 min manata yaxın təzminat ödəniləcək və mən yaxın günlərdə əvvəlki işçimə bərpa olunacağam.

Yeri gəlmişkən, mənin haqq işimə müdafiə etdiyinə görə qəzetiniz vasitəsi ilə Baş prokurorluğa, Şirvan Apelyasiya məhkəməsinə minnətdarlığımı bildirirəm. Mənə bir daha aydın oldu ki, insan öz haqq işi urunda mübarizə aparanda qələbə qazana bilər. Mənim də yuxarı təşkilatlara yüzlərlə şikayətim, qəbullarda olmağım öz nəticəsini verdi. Mən bundan sonra da, haqsızlığa dözməyəcək, kimliyindən asılı olmayaraq saxtakarlıq edənləri ifşa edəcəyəm.

Onu da bildirim ki, Nəcməddin Quliyevin mənə digər saxtakarlıqları bəllidir və bu əməlləri yeri gəldikcə ifşa edəcəyəm.

Hazırladi: Tural

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10