Filippin Prezidenti Rodriqo Duterte bəyan edib ki, milli mənsubluğundan asılı olmayaraq, o, narkobaronların başını kəsməyə hazırdır və buna görə həbsə düşməkdən qorxmur.
Publika.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə “Manila Bulletin” qəzeti məlumat yayıb.
“Mən korrupsiyaya, həm də narkotiklərə nifrət edirəm. Əgər sən böyük narkobaronsansa, sənin kimliyindən – tonlarla narkotik satan çinli, yapon və ya malayziyalı olmağından asılı olmayaraq, mən sənin başını kəsəcəyəm”, - deyə Filippin Prezidenti bəyan edib.
R.Duterte bildirib ki, əgər buna görə onu həbs etələr belə, onun üçün heç bir fərqi yoxdur. Belə olarsa, o, ildə bir dəfə - Milad günü ona yemək gətirməyi xahiş edəcək.
Eyni zamanda, o, xəbərdarlıq edərək bildirib ki, əgər ölkəyə narkotiklər gətirən xarici sindikatların üzvlərini tutarsa, bu zaman onları öldürərək dənizə atacaq.
Yerli qəzetlər polisə istinadla xəbər verir ki, son üç ildə Filippində narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə bağlı aparılan mübarizə nəticəsində 6,6 min şübhəli həlak olub, 240,5 min nəfər həbs edilib, 1,28 milyon nəfər isə polisə könüllü təslim olub.
Xatırladaq ki, 2016-cı ilin mayında Filippin Prezidenti seçilən Rodriqo Duterte narkotik maddələrdən asılılığı olan insanlara və narkotikləri yayanlara qarşı genişmiqyaslı mübarizəyə çağırışları ilə fərqlənir. Dünya ictimaiyyəti isə Filippində narkoticarətlə bağlı mübarizənin metodlarını dəfələrlə tənqid edib. BMT-nin insan hüquqları sahəsində mütəxəssisləri də Filippin hakimiyyətinin metodlarını tənqid edərək, onu məhkəmə təhqiqatı aparılmadan təqsirli bilinənlərin qətllərindən çəkinməyə çağırıblar.