Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Aqil ABBAS: EŞŞŞƏKLƏRİ NECƏ BAŞA SALMALI?



Bu yaxınlarda konfransların birində iqtisadiyyat naziri Şahin Mustafayevin önündəki Azərbaycan bayrağı tərs qoyulmuşdu. Mətbuat böyük səs-küy qaldırdı. Bu günlərdə də Türkiyənin Ordu şəhərində keçirilən bir konfransda da kənd təsərrüfatı naziri İnam Kərimovun önündəki bayraq tərs qoyulub, amma nazir bunu tutub və bayrağı düzəldib. Sağ olsun.
Bayrağımızın tərs qoyulmasında təbii ki, bizim iştirakçıların heç bir günahı yoxdu. Bu, o təşkilatçıların günahıdı. Özü də bilməməzlikdən deyil, bilərəkdən edirlər. Özü də bu əsasən, İran və Türkiyədə olur.
Bayrağımızda birinci yerdə millət durur, üçüncü yerdə din. Çünki millət dindən on min, iyirmi min əvvəl, nə bilim nə qədər əvvəl var olub, din isə 1400 ildi. Yəni millət dindən öndədi. İran və Türkiyədə isə dini millətdən önə keçiriblər. Türkiyədə bu, son zamanlar özünü daha kəskin göstərir. Ona görə bayrağımızı çox zaman tərs asırlar.
Boluya Koroğlu festivalına getmişdim. Daha doğrusu , dəvət olunmuşdum, professor Seyfəddin Altaylı ilə bir yerdə.
Belə bir məlumat aldıq ki, bəs şəhərdə Xocalı parkı açırlar. Bu hörmətli Qənirə Paşayevanın təşəbbüsü ilə baş tutub. Ümumiyyətlə, Qənirə xanımın Türkiyədə Azərbaycanımızla bağlı, Qarabağla bağlı, Xocalı ilə bağlı gördüyü işlər möhtəşəmdi. Az qala Türkiyədə elə bir şəhər yoxdur ki, orda Qənirə xanımın təşəbbüsü ilə ya Qarabağ, ya Xocalı adında bir park, bağ və ya xiyaban açılmasın. Buna görə türk qardaşlarımıza da təşəkkür edirik.


Nə isə, Seyfəddin abi ilə getdik parkın açılışına. İnsafən çox səliqəli idi və şəhərin gözəgəlimli yerindəydi. Azərbaycanın və Türkiyənin bayraqları asılmışdı, bayrağımızı da tərs asmışdılar. Şəhərin bələdiyyə başçısının müavini ordaydı, yəni təşkilatçıydı. Mənimlə də tanış elədilər ki, Azərbaycanın millət vəkilidi. Pencəyimin döşündə də Azərbaycan bayrağı olan deputat nişanı vardı. Başçının müavininə dedim ki, kardeşim, bizim bayrağı tərs asmısız. Dedi, yox, düz asmışıq, belə asılmalıdı. Səbrlə buna izah etməyə çalışıram ki, düz asmamısız və sinəmdəki bayrağı göstərirəm, baxın da, görün bayrağımız hansı formadadı.
Bu eşək oğlu eşək nırx dirənib üzümə ki, yox, bayraq belə asılmalıdı. Axırda təbii ki, Aqil Abbaslığım tutdu, dedim:
- Eşşşək oğlu eşşşək, sənə deyirəm mən Azərbaycanın millət vəkiliyəm, bizim də bayrağımızın forması sinəmdə gördüyün nişan kimidi.
Yanımızdakılar da tutuldu, mərifəti çatdı cavab qaytarmadı. Seyfəddin abi də işə qarışdıqdan sonra gedib bayrağı düz asdırdı. Açılış zamanı bələdiyyə başçısı ilə yan-yana oturmuşdum. Dedi ki, Aqil bəy, haqlısız, amma gərək həqarət etməyəydiniz.
Mən də dedim ki, sayın başkan, bəzən adamları belə başa salmaq lazımdı.
İndi hansısa bir konfransda, ya tədbirdə bayrağımızı tərs asanlara gərək elə o cür başa salasan.
Ən azı o bayraq uğrunda canını qurban vermiş iyirmi min şəhidin xatirinə.
P.S. Bayraq məsələsinə yenə qayıdacağıq.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10