Yardıma 4 min ədəd dam örtüyü, 50 kubmetr taxta daxildir. Bu barədə Azadlıq radiosu məlumat yayıb. Lerik Rayon İcra Hakimiyyəti başçısının I müavini Habil Məlikov isə yardımın azlığından gileylənib. O, Yardım tələbatı ödəmir - deyə bildirib. H.Məlikov deyib ki, bu yardımı Azəraqrar SC edib: Cəmiyyətin işçiləri də rayondadır. Onlar məktəblərdə bərpa işləri aparacaq.
Dövlət Neft Şirkətinin də yardım edəcəyi bildirilir. Təkcə Lerikdə 111 məktəbdən 80-nə ziyan dəyib, 20 məktəbin dam örtüyü tamamilə dağılıb. H.Məlikov deyir ki, 600 sakin ziyanla bağlı onlara müraciət edib: 30 min ədəd dam örtüyünə, 2300 kv.metr şüşəyə, 120 kub taxtaya, 500 ədəd dəmir lövhəyə ehtiyac var.
Astara məktəblərində də bərpa işləri aparılır. Astara və Lerikdə elektrik xətləri hələ də tam bərpa edilməyib.
Dağ kəndlərinin əksəriyyəti işıqsızdır. Yardımlıda da bərpa işləri gedir. Ancaq göndərilən yardım burada da fəlakətin qarşısını almaq üçün yetərli sayılmır. FHN iki gün əvvəl ölkə başçısının göstərişi ilə Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Daşkəsənə ilkin olaraq 10000 ədəd şifer, 1000 kv.m şüşə və 100 kub taxta göndərildiyini açıqlamışdı. Yeni Müsavat qəzetinin yazdığına görə bölgələrdən gələn xəbərlərdə bu rəqəmlərin tam yarısı açıqlanır. İndi ortaya sual çıxır: olmaya cənub bölgəsinə və Daşkəsənə ayrılan yardım da kimlərinsə zavalına gəlib?
H.Məlikov deyib ki, bu yardımı Azəraqrar SC edib. Elə isə FHN-in ayırdığı yardımın taleyi necə olub? Hər halda ötən illərdə humanitar və ünvanlı sosial yardımların yeyilməsi hallarına az rast gəlinməyib.