Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Generalın ailəsi eyni binadan 12 mənzil aldı, digərləri aldadıldı



Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilən çoxmərtəbəli binadan mənzil alan bir qrup sakin misli görünməmiş dələduzluqla üz-üzə qaldıqlarını deyirlər. Onlar aldıqları evin pulunu əvvəlcədən ödəsələr də indiyə  qədər mənzillərinə köçə bilmirlər.

Qaynarinfo virtualaz.org-a istinadən xəbər verir ki, söhbət "İdeal V” MMC tərəfindən inşa edilən çoxmərtəbəli binadan gedir. O binadan ki, şirkətin təsisçisi və direktoru əlbir olaraq eyni mənzilləri bir neçə nəfərə satıblar. Törətdikləri dələduzluq əməllərinə görə cəzasız qalmayıblar, sakinləri aldatmaq özlərinə də baha başa gəlib.

Belə ki, mənzil sahiblərinin müxtəlif qurumlara haqlı şikayətlərindən sonra nəhayət şirkətin təsisçisi İsa Məmmədov və direktoru Çingiz Məmmədov barəsində cinayət işi başlanılıb. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq aparılıb. İstintaq zamanı "İdeal V” tikinti şirkətinin direktoru Çingiz Məmmədovun adıçəkilən şirkətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovla əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindın istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə yaşayış binasındakı mənzilləri təkrarən ayrı-ayrı şəxslərə sataraq 3 milyon 206 min manat məbləği ələ keçirmələri müəyyən edilib.

Hər ikisi dələduzluq və vəzifə saxtakarlığında ittiham olunaraq həbs olunublar.  Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qərarı ilə İsa Məmmədov 11 il, Çingiz Məmmədov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Hazırda iş Ali Məhkəmədədir.

Sakinlərin dediklərinə görə, 2017-ci ilin fevralında "İdeal V” MMC tərəfindən mənzillərin təhvil-təslim aktı olub və açarlar onlara verilib. Amma təhvil-təslim aktı elə kağızda da qalıb. Binanın giriş qapısı onların üzünə bağlanıb, sakinlər şəxsi mənzillərinə buraxılmayıb. Yeni tikilidə elektrik xəttləri çəkilməyib, istismara verilməyib. Bu səbəbdən də sakinlər təmir işlərinə başlaya bilməyiblər. Şirkət rəhbərliyi onlara öz mənzillərində təmir aparmağa imkan verməyib.

Bütün bunlar azmış kimi üstəlik mənzillərin çoxunun ayrı-ayrı şəxslərə satılması da məlum olub, bir mənzilin iki-üç sahibi ortaya çıxıb. 

Şirkətin təsisçisi və direktorunun həbsindən sonra isə bina sakinləri tərəfindən "Nəsimi 19” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılıb.  Sakinlər öz şəxsi vəsaitləri hesabına elektrik və su xətti çəkiblər, sayğaclar quraşdırıblar, yarımçıq binanın təmirini başa çatdırıblar.

"Mən 210 kvadratmetrlik mənzil almışdım. 231 min manat pul ödəmişdim. Pulu şirkətin təsisiçisinə - İsaya vermişdim. Müqavilə də bağlamışdıq. Ev hazır olsa da, heç kimi binaya buraxmırdılar. Şirkət tərəfindən bir mənzili bir neçə nəfərə satılmışdı deyə iyirmiyə yaxın sakin Korrupsiya İdarəsinə şikayət etdi. Sakinlərin şikayətindən sonra Çingizi də, İsanı da tutdular. Həmin vaxt, yəni şirkətdə problem yarananda mənə məxsus mənzil heç kimə satılmamışdı”- sakinlərdən biri deyir.

Şikayətçilərin bir qismi deyir ki, həmin ərəfədə bəzi şəxslərə  məxsus mənzil şirkət tərəfindən başqasına satılmasa da, hazırda sözügedən binadan 12 mənzilə sahib olduğunu iddia edən iki qadın "peyda” olub. Həmin qadınlar binadakı 12 mənzillə bağlı mülkiyyət hüquqlarının tanınması iddiası ilə məhkəməyə müraciət ediblər.

Sakinlər deyir ki, onların mənzillərinə iddialı olan bu qadınlar keçmiş baş hərbi komissar, ehtiyatda olan general-leytenant, Milli Məclisin 4-cü və 5-ci çağırış deputatı  Əliağa Hüseynovun həyat yoldaşı Elmira Hüseynova və qızı Esmira Əliyevadır. E.Hüseynova və E.Əliyeva saxta müqavilələrlə bu binada üç mərtəbəyə məxsus 12 mənzilin sahibi kimi binanın texniki-tikinti ekspertizası bəhanəsi ilə Nəsimi rayon Məhkəməsində mülki iddia qaldırıblar. Halbuki, bu mənzillərdə artıq Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmü ilə təsdiq olunmuş sakinlər yaşayır.

Maraqlıdır, Korrupsiya İdarəsində aparılan istintaq araşdırması zamanı zərərçəkən və həqiqi sakinlər müəyyən edilərkən bu qadınların heç biri onlara məxsus müqavilə ilə üzə çıxmayıb və sakinlərdən heç kim onları tanımır, binanın heç bir yığıncağında, "Nəsimi 19” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılmasında  iştirak etməyiblər:” Guya 2007-ci ildən bu binadan mənzil alıblar. Bəs 2019-cu ilə qədər, bu 12 il ərzində harada idilər? Korrupsiyada istintaq aparılan zaman, məhkəmə araşdırmaları vaxtı da onları "gördüm deyən” olmayıb. Əgər doğurdan belə idisə bu neçə ildə bu qadınlar niyə ortaya çıxmırdılar? Ən maraqlısı isə odur ki, Azərbaycan qanunvericiliyinin maaşlarına müvafiq bu iki qadın 3 mərtəbədən ibarət 12 mənzili hansı pulla əldə edib?”

Mənzil sahibləri deyir ki, adları çəkilən şəxslərin belə bir  sənədi necə, hansı yolla ələ keçirmələri də müəmmalıdır: "Əslində onlar həmin binadan ev almayıblar. İstintaq zamanı da müəyyən edilib ki, adları çəkilən şəxslər bir manat pul ödəməyiblər. Belə bir sənədi necə, hansı yolla ələ keçirdikləri müəmmalıdır. İsanın şəriki Rauf Kərimovla (iş adamı R.Kərimov dələduzluqda ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 13 il 11 ay müddətinə azadlıqdan məhrum edilib-red.) Ə.Hüseynovun kürəkəni Elçin qohum idilər. İki dələduzun düzüb-qoşduğu düsturdu, gəlib bizim başımızda çatlayır. Bunların da arxasında Əliağa Hüseynov dayanır. Korrupsiyada Rauf Kərimovla Elçin üzləşdirilib. Rauf deyib ki, Elçin mənə bir manat pul verməyib. Elçin də təsdiq edib”.

Sakinlər öz növbələrində qeyd ediblər ki, Nəsimi rayon məhkəməsinin qərar qəbul etməmişdən öncə "İdeal V” MMC ilə bağlı aparılan cinayət işləri ilə tanış olmalı və iddianı rədd etməli idi...







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10