Yazıçı, jurnalist, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid gənclərin təhsil almasında ən böyük problemə çevrilmiş təhsil haqqı məsələsinə toxunub.
Bakupost xəbər verir ki, məşhur yazıçı öz sosial şəbəkə hesabında bu barədə yazıb:
"Təhsil haqqına görə qazandıqları bakalavr və magistr yerlərindən imtina edənlərin problemi ciddidir. Mənə də bir tələbə müraciət edib, kasıb anasının imkanı olmadığına görə magistrlikdən imtina etmək istəyir. İndi bir fakültə dekanının fikirlərini də oxudum:
"İki tələbəm Magistraturanı qazanıb, zəhmət çəkib nailiyyət əldə edib, amma təhsil haqqını ödəyə bilmədiyi üçün... İçim yanır!!!”
Əgər dekan da nalə çəkirsə, problemin ciddiliyinə diqqət verilməlidir. Dövlət təhsillə bağlı çox addımlar atıb. ( Baxmayaraq ki, Universitetlər belə tələbələrdən ilk təhsil haqqını birdəfəyə yox, hissə-hissə tələb edə bilər.)
Bəlkə, bu dəfə zəngin adamlarımız təşəbbüs göstərməli, önə çıxmalıdırlar?! Bu qədər zəngin insanlar, imkanlı şəxlər, varlı şirkətlər olan cəmiyyətdə təhsil haqqına görə tələbə adından niyə imtina edənlər olmalıdır ki?! Bu qədərmi özgə dərdinə laqeyd , etinasız olmuşuq?!
Qarşıdan Qurban bayramı gəlir. Peyğəmbərimiz də elmi ibadətdən üstün tutub. O "qoyunları sıraya düzüb cənnətə yol axtarınca” bu tələbələri sevindirib savab qazanın!
Ən yaxşı cənnət təhsil almaq istəyən gənclərin dualarındadır!
Buyurun zənginlərimiz!
Qurbanlarınız mübarək!”