Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

SOS! Xaricə kütləvi “beyin aхını” - Azərbaycan onlara sahib çıxmasa, fəlakət olacaq


"Son illər xaricə köç edənlərin arasında mühüm yer tutan və ciddi narahatçılığa səbəb olan hallardan biri də Azərbaycandan olan beyin axınıdır. Azərbaycanın inkişafında müstəsna rol oynayacaq, ölkənin iqtisadiyyatına, elminə və mədəniyyətinə töhfə verməli olan insanların xaricə axını əslində hakimiyyəti də ciddi narahat etməlidir”.

BakuPost xəbər verir ki, bunu Almaniyada yaşayan tanınmış hüquqşünas, "Leqat” hüquq firmasının rəhbəri Əlövsət Əliyev deyib. 
Onun fikrincə, hazırda xüsusi biliyə malik olan insanlardan faydalanmaq, onları cəlb etmək güclü dövlətlərin və transmilli şirkətlərin əsas məqsədindən hesab edilir: "Bəzi dövlətlər isə beyin mərkəzləri yaradır və xüsusi biliyə malik şəxslərin ölkəyə gətirilməsi, qorunması və saхlanması ücün əlindən gələni edir. Buna cavab olaraq, intellekt axınının qarşısının alınmasına ciddi cəhdlər də mövcuddur. Hətta bəzi ölkələr beyin axınını miqrasiyanın idarəolunmaz hissəsi hesab edir və buna qarşı ciddi islahatlar hazırlayırlar”.
 


Ə.Əliyev deyib ki, Azərbaycan dövləti bu prosesin qarşısını almaq üçün təcili tədbirlər görməlidir:
""Beyin axını" (Brain Drain) – yüksək iхtisaslı mütəхəssislərin öz ölkələrində onları qane edən həyat tərzi qura bilmədiyi üçün хarici ölkələrə miqrasiya etməsidir. Azərbaycan kimi ölkələrin daxilində də əslində, beyin axını ciddi problemlərdən biridir. Regionlar arasındakı fərqli inkişaf da məhz bununla bağlıdır.

Yüksək təhsil almış, öz iхtisası üzrə mütəхəssis hesab olunan, ixtira və kəşf potensialı olan vətəndaşlarımızın ölkəni tərk edərək, güclü dövlətlərin tanınmış elmi və istehsal şirkətlərində işə düzəlməsi Azərbaycanın elmi-teхniki inkişafına ziyan vurur.

Beyin axını cəmiyyətin intellektual potensialının azaltmasına, kütləvi savadsızlığın inkişafına təkan verir. Azərbaycanda bu problemin diqqətdən kənarda qalması yaxın gələcəkdə ölkənin bütün sahələrdə geriləməsinə səbəb olacaq”.
 
 
 

Hüquq müdafiəçisi Almaniyaya köç etmiş və orada böyük uğurlar qazanan bir ailədən də söz açıb və bildirib ki, belə şəxslərin sayı xeyli çoxdur:

"Bu günlərdə Alman qəzetlərinin birində Elşən Musayev adlı bir azərbaycanlı haqqında yazı oxudum. Maraqlananda müəyyən etdim ki, iki il əvvəl Azərbaycandan Almaniyaya köç edən Elşən Musyev İlahiyyat üzrə fəlsəfə doktorudur.

Onun xanımı Könül Musayeva Azərbaycanda magistr təhsili alib. O da ilahiyyatçıdlr. Artiq hər ikisi Alman dili üzrə C-1 sertifikatını alıb. Azərbaycan və türk dillərindən başqa rus, ingilis, ərəb və fars dillərini mükəmməl bilirlər. 
 
 

Almaniyada QHT yaradıblar. Bundan başqa "Soest mədəniyyətlər arası mübadilə Forumu"nu təsis ediblər. Forumun məqsədi bərabər, qarşılıqlı anlaşma, dözümlülük və tolerantlıq çərçivəsində yaşaya bilmək üçün bütün mədəniyyətləri, o cümlədən dinləri tanımaq və onlara hörmətlə yanaşmağa yardım etməkdir. Hal-hazırda həmin dərnəyin təşkil etdiyi yay kursunda cənab Musayev hazırda dərs deyir.
Könül xanım əcnəbilərlə iş idarəsində alman, ərəb, rus, türk dilləri üzrə tərcüməçi işləyir

Onların böyük oğlu istedadlı rəssamdır. Bu yaxınlarda sərgisinin keçirilməsi planlaşdırılır. Digər oğlu idmanla məşğul olur. Artıq ilkin uğurlar var və regional birinciliyi əldə edə bilib.

Bir az əvvəl Alman radiolarından birində Azərbaycandan və Musayevlər ailəsindən bəhs edən xüsusi veriliş təqdim olundu. Çıxışlarını dinlədim və onların uğurlu inteqrasiyalarına görə çox sevindim. Lakin Azərbaycanın ciddi islahatların aparılmasına ehtiyac olan ilahiyyat elmi sahəsində yetişən belə qiymətli mütəxəssislərə sahib çıxa bilməməsinə, onları qoruya bilməməyinə görə təəssüfləndim”. 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10