Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Gecəqondu"larla bağlı təkliflər paketi hazırlanıb: Xərci rəsmi qurumların boynuna



Riskli ərazidə tikilmiş evlərlə bağlı təkliflər paketi hazırlanıb

 

Son günlər ən çox müzakirə edilən məsələlərdən biri də “riskli ərazi” hesab edilən torpaqlarda inşa olunan qeydiyyatsız evlərə kompensasiyanın verilib-verilməməsidir. AYNA xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov, şəxsi "Facebook" səhifəsində bununla bağlı rəhbərlik etdiyi qurum tərəfindən təkliflər paketi hazırlandığını deyib.

 

O bildirib ki, hazırladığı təkliflər paketində belə evlərə kompensasiyanın ödənilməsi təklif olunur: “Aydındır ki, Bakı və ətraf ərazilərdə yerli icra hakimiyyəti orqanlarının və eləcə də bələdiyyənin xəbəri olmadan nəinki ev tikmək, hətta evin bünövrəsini belə tökmək mümkün deyildi. Bu “xəbərdarlıq” üçün ev sahibləri əlavə ödəniş etmək məcburiyyətində qalırdılar. Buna görə də, əgər belə ərazilərdə evlərin inşasına yerli icra hakimiyyəti orqanları və bələdiyyələr əksər hallarda müəyyən ödəniş müqabilində “göz yumublarsa” niyə həmin ev sahiblərinə kompensasiya ödənilməməlidir?”

“Bu baxımdan, beyin mərkəzi olaraq belə evlərin köçürülməsi baş verərsə, kompensasiyanın ödənilməsini vacib hesab edirik və bu köçürmələr də həmin evlərin inşasına imkan yaradan yerli icra hakimiyyəti orqanlarının daxili mənbələri hesabına həyata keçirilə bilər. Bununla da dövlət büdcəsinə ağırlıq yaratmadan, qeydiyyatsız ev sahiblərinə kompensasiyanın ödənilməsi təmin oluna bilər” – deyə V.Bayramov vurğulayıb.

 

İqtisadçı onu da qeyd edib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin hazırladığı təklifləri paketində “Əmlak Aministiyası” da nəzərdə tutulur: “O baxımdan yaxın zamanda sənədsiz əmlaka aministiya verilməsi məqsədəuyğun olardı. İlkin monitorinqlər göstərir ki, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir. Onların 70 minə yaxını inşaata icazə verilməyən və ya nisbətən riskli hesab edilən ərazilərdədir. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin və eləcə də nəqliyyat qovşaqlarının yaxınlığında olan evlərdir”.

 

“Təklif edirik ki, əgər elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkünsə, o zaman evə toxunulmasın. Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarılsın. Amma su, qaz xəttinin üstündə tikilən evlərə real təhlükə varsa, ev sahiblərinə kompensasiya ödənilməklə evlərin köçürülməsi təmin edilsin” – deyə o əlavə edib.

 

V.Bayramovun sözlərinə görə, hazırladıqları konsepsiyada inkişaf etməkdə olan ölkələrdə, o cümlədən qonşu Türkiyə və Rusiyada tətbiq edilən praktikadan istifadə olunub: “Burda söhbət dövlət tərəfindən müəyyənləşdirilmiş kiçik tariflərə uyğun olaraq məsələnin həllindən gedir. Çünki həmin evlərin böyük bir qisminin icra hakimiyyətlərindən, yaxud bələdiyyələrdən sənədləri var. Mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər. Əgər bu cür sənədlərlə evi özəlləşdirmək mümkün deyilsə, həmin sənədlər verilməməli idi. Xüsusən də ev sahiblərinin həmin sənədləri müəyyən xərc bahasına aldıqları da nəzərə alınmalıdır”.

 

İqtisadçının bildirdiyinə görə, yeni mexanizm ondan ibarətdir ki, evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməlidir: “Həmin məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır. Məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və “kupça” ilə təmin olunması prosesi başlanmalıdır”.

Image result for Fuad ÆlizadÉ iqtisadçı

İqtisadçı ekspert Fuad Əlizadə isə açıqlamasında bildirib ki, dövlət “riskli ərazi”lərdə tikilən evlərə kompensasiya verməməlidir: "Mühafizə zolağında yerləşən ərazi, dəmiryol xətlərinin sanitar hissəsində tikilən bəzi evlər sözsüz ki, sökülməlidir. Çünki bu təhlükəsizlik məsələsidir, təhlükəsizlik isə hər şeydən irəlidir. Kompensasiya məsələsinə gəldikdə isə, sual yaranır, kompensasiyanı niyə dövlət verməlidir?!  Biz öyrəşmişik ki, hər şeyi dövlətin öhdəliyinə buraxaq. Qeyd edim ki, bu yalnış yanaşmadır". 

 

F,Əlizadənin fikrincə, məsələ cinayət işi çərçivəsində həll edilməlidir: "Vətəndaş ona onu aldadaraq, tikintiyə icazə verən şəxsə qarşı şikayətçi olmalıdır. Əgər vətəndaş, doğrudan da aldanıbsa, məsələ qanun çərçivəsində həll olunmalıdır. Çünki bu cür evlərin tikintisinə elə-belə heç kim icazə vermir. Demək, vətəndaş öncədən bilirdi ki, nəyə razılıq verir. Bu halda, hesab edirəm ki, kompensasiya verilməməlidir. Tikintiyə icazəni verən məmura gəlincə isə vətəndaş aldanıbsa, ona qarşı iddia qaldıra bilər, onu məsuliyyətə cəlb edə bilər və məhz ondan kompensasiya tələb edə bilər".

 

"Hər şeyi dövlətin boynuna yıxmaq düzgün deyil. Hesab edirəm ki, dövlət hər hansı qanunsuz addımlara görə məsuliyyət daşımamalıdır. Hər şeyə görə şəxs özü cavab verməlidir. Yox, əgər o aldanıbsa, o zaman onu aldadan şəxsə qarşı iddia qaldırmalıdır" - deyə iqtisadçı ekspert əlavə edib.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10