Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Şəhidimizlə bağlı iki dəfə Biləsuvarda tədbir keçirmək istəsək də, Biləsuvar rayon İcra Hakimiyyəti buna imkan verməyib:


Şəhid gizirimizin həyat yoldaşı Zülfiyyə Əliyeva bildirib

Xəbər verdiyimiz kimi dünən Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində 2014-cü ilin 1-3 avqust tarixində Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olan şəhid gizirimiz Pərvin Əliyevin xatirəsinə həsr olunmuş “Təki vətən sağ olsun” bədii-sənədli filminin nümayişi olub. 

Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva, ilahiyyatçı Hacı Ramil Bədəlov, Milli Qəhrəman Samid İmanovun atası Gülağa İmanov, ehtiyatda olan polkovnik Hikmət Ağayev, rejissor Elman Ağamalıyev, şəhidin  ailə üzvləri və şəhid ailələri iştirak ediblər. 

Şəhid gizirimizin həyat yoldaşı Zülfiyyə Əliyeva  açıqlamasında tədbir haqda danışarkən bildirib ki, iki dəfə Biləsuvarda tədbir keçirmək istəsə də, Biləsuvar rayon İcra Hakimiyyəti buna imkan verməyib:

“Tədbiri əslində martı ayının 15-də hazırlamışdım, çünki həmin gün yoldaşımın doğum günüdür və həm də ona Biləsuvar rayonunda abidə tikdirmişdim. Həm ad günün, həm abidənin açılışın, həm də filmin təqdimatın keçirmək istəyirdim. Amma təəssüflər olsun ki, Biləsuvar rayon İcra Hakimiyyəti buna icazə vermədi. Tədbiri martın 28-nə təyin etdilər, amma həmin gün də gəlib tədbiri keçirməyə qoymadılar, hətta mənə hədə-qorxu gəldilər. Amma dünənki gündə utanmadan gedib şəhidin məzarını ziyarət ediblər. Onlara deməyə söz tapmıram. Ona görə də qərara gəldim ki, tədbiri avqustun 2-nə yoldaşımın ildönümündə keçirim”. 

Şəhidimizin həyat yoldaşı tədbirin baş tutmasında ona dəstək olan insanlara öz təşəkkürünü bildirib:

“Tədbir mənim təşəbbüsümlə keçirilib. Filmi də öz şəxsi hesabıma çəkdirmişəm, yəni heç kimdən mənə kömək olmayıb. Yoldaşımın adını yaşatmaq üçün bu addımı atmışam. Müdafiə Nazirliyimizə minnətdarlığımı bildirirəm onlar mənə çox böyük dəstək oldular. Mehriban xanım və Elman müəllim filmi çəkiblər onların çox böyük əziyyəti var. İlkin müəllim tədbiri keçirmək üçün bizə burda yüksək şərait yaratdı və ona da öz minnətdarlığımı bildirirəm”. 

Qeyd edək ki, Pərvin Əliyev 1980-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub. Pərvin Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib. Şəhidimizin iki övladı yadigar qalıb. 


Allah cəmi şəhidlərimizə rəhmət eləsin!


Vasif Əlihüseyn









Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10