“Bizdə maarifləndirməklə alınmır, cərimə olanda insanlar ona tabe olur və qanuna riayət edirlər”
İyulun 31-də Zaqatala rayonunun Əliabad qəsəbə sakini, 2002-ci il təvəllüdlü Gülər İsmayılova, ailəsi onu sevmədiyi oğlanla zorla ərə vermək istədiyi üçün özünə qəsd edib. Hadisə cəmiyyətdə qəzəbə səbəb olub. Əksəriyyət baş verənlərdə qızın valideynlərini günahlandırıb.
AYNA-nın əməkdaşının “Baş verən tükürpədici hadisə cəmiyyətə hansı mesajı verir?” sualı ilə müraciət etdiyi “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, valideynlər bəzən elə düşünürlər ki, biz nə yaşamışıqsa, uşaqlarımız da onu yaşamalıdırlar: “Yəni, “Mən əzaba dözmüşəmsə, övladım da əzaba dözməlidir. Mən döyülmüşəmsə, övladım da döyülməlidir”... Bu, dəhşətli düşüncədir”.
“Azərbaycanda bəziləri uşaq və qadınlara tərbiyə üsulunu döyməkdə görürlər. Eyni zamanda, döymək üsulu ilə uşaqları valideynlər özlərinə tabe edirlər. Valideynlər uşaqlarının istək və arzularına məhəl qoymurlar, öz arzularını övladlarının gerçəkləşdirməli olduqlarını düşünürlər. Ailə quranda da seçimi valideynlər edirlər. Bununla da övladlarını bədbəxtliyə sürükləyirlər”, - Zeynalova bildirib.
Onun fikrincə, bu cür halların qarşısını almaq üçün “qaynar xətt”lər yaradılmalıdır: “Həmin “qaynar xətt”lərin mövcudluğu ilə bağlı əhaliyə geniş məlumatlar verilməlidir. İnsanların əksəriyyəti hüquqlarını bilmir. Eyni zamanda insanlara hüquqları öyrədilməlidir. Mən düşünürəm ki, bununla yanaşı ciddi şəkildə cərimələr tətbiq olunmalıdır. Valideynlər, uşaqlarının təhsil almasına imkan verməyəndə, hüquqlarını tapdayanda cərimə edilməlidirlər. Bizdə maarifləndirməklə olmur, cərimə olanda insanlar ona tabe olur və qanuna riayət edirlər. Həbs edilməyi alqışlamıram. Yüksək məbləğdə cərimələr olmalıdır ki, insanlar övladlarına şəxsi əşyaları kimi deyil, insan kimi baxsınlar”.
Ekspert bu sahədə filmlər, videoçarxlar çəkilməli olduğunu da vacib hesab edir: “Həmin filmlər televiziyalarda nümayiş olunmalıdır. Uşaqlara sərbəstlik verilməsi, seçim hüququ verilməsi aşılanmalıdır. Valideynlərə anladılmalıdır ki, uşaqları sıxmaq, onların azadlıqlarını boğmaq yaxşı nəticə verməyəcək. Bizdə isə əksinə zorakılıq təbliğ edilir. Çəkilən filmlərin əksəriyyətində bunu görə bilərik”.
“O ki qaldı 17 yaşlı qızın özünə qəsd etməsinə... Bəli, bu halda artıq valideynlər günahkardır. Onlar övladlarının təhsil almaması üçün tezcə nişanlayıblar. Hətta, qız bir dəfə evdən təhsil almaq üçün qaçıb. O, intihar edəndən sonra isə, yəqin kimsə valideynləri başa salıb ki, təhsili qadağan etməyiniz və gənci ölüm həddinə çatdırmağınız cinayətdir. Onlar da mətbuata yayıblar ki, sevdiyi oğlana görə özünü öldürüb. Belə halda cinayət işi açılmır. Düşünürəm ki, belə valideynlər cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bəlkə bu, başqalarına dərs olar. Əks halda başqa gənclər, yeniyetmələr də bu cür halların qurbanı ola bilərlər”, - deyə M.Zeynalova vurğulayıb.