Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəlilabadın 70 yaşlı sakini: İcra başçısının göstərişilə məni döydülər



"Bizi döyüb apardılar, 9 cərgəni darmadağın elədilər, əziyyətimizi yerə vurdular”

Cəlilabadda yaşayan 70 yaşlı Aydın Hüseynov paytaxtın Yasamal rayonunun icra başçısı Əziz Əzizovdan şikayətçidir. 

Qəribə görünə bilər, ancaq məsələ ondadır ki, Əziz Əzizov Yasamala Cəlilabaddan gəlib. 

O, 2006-2008-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı olub. 

Aydın Hüseynov deyir ki, dövlətin sənəd-sübutla ona və ailə üzvlərinə verdiyi pay torpaqları Ə.Əzizov onun əlindən alıb, başqa adamlara satıb.

"Eşitdik ki, icra başçısı pay torpaqlarımızı başqasına satır”

Aydın Hüseynovun bəhs etdiyi pay torpaqlar Cəlilabad şəhərinin Qurtuluş küçəsində yerləşir: "O torpaq sahələri mən və ailə üzvlərimə verilib. Mənim, həyat yoldaşımın və övladlarımın adına ayrı-ayrılıqda dövlət aktı verilib. Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının verdiyi, torpağa mülkiyyət hüququna dair dövlət aktı. Özü də dünən, srağagün yox, 2001-ci ildə verilib bu sənədlər bizə. O ərazilər yola yaxın, yaxşı yerdədir. 2015-ci ildə eşitdik ki, icra başçısı bizim pay torpaqlarını başqasına satmaq istəyir. Əlimizdəki sənədlər əsasında çıxarış almaq üçün müraciət elədik. Əvvəlcə oğlum Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rayondakı idarəsindən çıxarış aldı. Sonra mən, yoldaşım müraciət edəndə icra hakimiyyəti xəbər tutdu. Təsəvvür edin, çıxarış üçün dövlət rüsumunu da ödəmişdik, sənədlərimizi götürmüşdülər. Ancaq vermədilər. Oğluma da idarədən demişdilər ki, "sən çıxarışı gətir, sonra qaytaracağıq”. Onu da ləğv eləmək istəyirdilər. Vermədik, dedik ki, sistemdə kökü var, lazımdırsa, oradan istifadə edin”.

"Bizi döyüb apardılar”

Aydın Hüseynov və yaxınları həmin pay torpaqlarda üzümlük salıb. Deyir ki, 2015-ci ildə ərazini suvardığı vaxt bir neçə maşınla polislər gəlib, özünü və yanında olan bir nəfəri döyüb, əllərini bağlayıb aparıblar. Üzümlüyün bir hissəsini də dağıdıblar: "Hamısı Əziz Əzizovun göstərişi idi. Bizi döyüb apardılar, 9 cərgəni darmadağın elədilər, əziyyətimizi yerə vurdular. Sonra da gətirib materiallar töküb, tikinti aparmağa başladılar. Bir bina tikib, işıq idarəsinə verdilər. Gözdən pərdə asmaq üçün idi. Məqsəd idarəsinin adıyla ərazini əlimizdən almaq idi. Günü bu gün də o binada 3-4 nəfər adam oturur. Çünki rayonda işıq idarəsinin başqa binası var, ora işləyir. Kifayət qədər böyük ərazisi də var”.

Sahə
Mənbə: Meydan TV

"Aydın Hüseynov öz ərazisilə yanaşı, dövlətin torpağını da zəbt edib”

Cəlilabad Rayon İcra Hakimiyyəti isə Aydın Hüseynovun dövlətin mülkiyyətində olan torpaqları zəbt etdiyini iddia edərək, ərazinin boşaldılması üçün məhkəməyə müraciət edib. Sabiq icra başçısı iddia ərizəsində yazıb ki, mübahisəli ərazidə 0.6 hektar torpaq sahəsi 2013-cü ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli yaşayış binasının tikintisi üçün ayrılıb: "Aydın Hüseynov 2001-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ona verilən 0.81 hektar torpaq sahəsilə yanaşı, həmin 0.6 hektar ərazini də zəbt edib. O torpaq sahəsinin bir hissəsində üzüm bağı salıb. Ondan dəfələrlə ərazini azad etmək tələb olunub, boşaltmayıb. Sonradan "Azərişıq” ASC-nin rəhbərliyi Cəlilabad Rayon İcra Hakimiyyətinə müraciət edərək, rayon elektrik şəbəkəsinə bina tikmək üçün yer ayrılmasını istəyib. Torpaq sahəsindən 1 il ərzində istifadə etmədiyinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin istifadəsinə xitam verilib. Həmin torpaq sahəsi elektrik şəbəkəsinə inzibati bina tikilməsi məqsədilə ayrılıb”.

İcra Hakimiyyəti 0.60 hektar ərazinin boşaldılması haqqında qərar çıxarılmasını istəyib. Mübahisəli ərazinin 0.14 hektarı ilə bağlı mülkiyyə hüququna dair çıxarış olduğuna görə, Cəlilabad Rayon Məhkəməsi ancaq 0.46 hektarlıq sahə ilə bağlı icra başçısının istəyini təmin edə bilib – Aydın Hüseynovun bu ərazidən çıxarılmasına qərar verilib.

"Prezident nə qədər deyir, eşitmirlər”

"Onun adı məhkəmə idi, özündə məhkəmədən əsər-əlamət yox idi. Köhnə tarixlə iddia hazırlayıb, bu işi düzüb-qoşdular. Məhkəmə vaxtı artıq orada binanı tikmişdilər, hazır idi. Guya məhkəmə ekspertiza keçirib. Hamısı yalan, hamısı saxta. Bəs bu ekspert gəlib demir ki, hələ məhkəmə qərarı olmadan bu bina ərazidə necə tikilib? Prezident nə qədər fərmanlar, sərəncamlar verir ki, məhkəmələr düz işləsin, ədalətli olsun, adamların haqqının tapdanmasına imkan verməsin. Təəssüf ki, məhkəmələr bunları eşitmirlər”, - Aydın Hüseynov gileylənir.

Şirvan Apelyasiya Məhkəməsi də, Ali Məhkəmə də Cəlilabad Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Aydın Hüseynov mülkiyyət hüququnun pozuntusuyla əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə üz tutacağını deyir: "O vaxt bələdiyyədən gəldilər ki, sən bu torpaqları ver icra başçısına, sənə başqa yerdən torpaq versin, pensiyanı da artıracaq. Dedim niyə? Razılaşmadım. Əziz Əzizovun dağıtdığı üzümlükləri bilirsiz nə zülmlə yaratmışdım?”

Meydan TV məsələyə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun münasibətini öyrənə bilməyib. Qurumdan bildirilib ki, bu iddianın Yasamal RİH-ə aidiyyati olmadığından münasibət bildirə bilməzlər.

Bina
Mənbə: Meydan Tv


Sənədlər
Mənbə: Meydan TV





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10