Arıçılıq Astara rayonunda ənənəvi təsərrüfat sahələrindən biridir. Bu təsərrüfat sahəsi əsasən rayonun dağlıq və dağətəyi ərazidə yerləşən kəndlərdə daha çox inkişaf edib. Ötən il rayonda 1296 təsərrüfatda 18 min 279 baş arı ailəsindən 177 ton bal məhsulu istehsal olunub. Ölkəmizdə arıçılıq təsərrüfatı olan şəxslərə arı ailələrinin sayına görə dövlət tərəfindən subsidiyaların verilməsi rayonda bu sahəyə olan marağı daha da artırıb.
Nazirlər Kabinetinin təsdiqlədiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi qaydası”na əsasən, arıçıya hər arı ailəsinə görə illik 10 manat subsidiya verilir. Subsidiyanın verilməsinin əsas məqsədi arıçılığın inkişafına dövlət dəstəyi göstərmək, arı ailələrinin genofondunu qorumaqdır.
Astara Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata əsasən, bu il rayonda 504 arıçıya 17 min 415 arı pətəyinə görə 174 min 150 manat subsidiya veriləcək.
Əgər arıçının təsərrüfatında 100 arı ailəsi identifikasiya kodu ilə qeydiyyata götürülübsə, onda ona illik 1000 manat subsidiya veriləcək.
Arıçıların təsərrüfatlarındakı arı ailələrinin sayı dəqiqləşəndən sonra Dövlət Aqrar İnkişaf Mərkəzi nazirliyin komissiyası ilə birlikdə şəxsə arayış verəcək. Arayış nazirliyin subsidiya komissiyasına təqdim ediləcək və vəsait arıçının hesabına köçürüləcək.(AZƏRTAC-Bağır Əliyev)