Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bir başçının bəyanatı||--||


Bir başçının bəyanatı||--||



Bir başçının bəyanatı


 


 


Bu gün hörmətli Qəzənfər Ağayevin Masallı rayonuna icra başçısı təyin olunmasının 4 ili tamam olur. Ondan əvvəlki rəhbərlər - Şirəli Əhədov. Azər Səfərov və Oqtay Əliyevin hər biri bu vəzifədə ən çoxu 2 il davam gətirsə də, Qəzənfər Ağayev isə göründüyü kimi bu postda 4-cü ili başa vurdu. Onun bu 4 ildəki uğurları, uğursuzluğa barədə redaksiyaya özünün maraqlı bir bəyanat daxil olub. Həmin bəyanatı ixtisarla sizə təqdim edirik:


Əziz və hörmətli masallılar!

Bu rayonda işlədiyim 4 ildə sizdən çox razı qaldım. Qanuni, qanunsuz nə etdimsə alqışladınız, əl çaldınız. Bəzən sizi illərlə xaraba küçələrdə get-gəl etməyə, şəhər mərkəzini başına götürən gölməçələr üzərində tullanmağa məcbur etdim. Amma dözdünüz. Bəzi bərk gedən oğlanlarınızı həbs etdirdim, sındırdım, aşağıladım, Allahtərəfi yenə də etiraz etmədiniz. Ünvanlı yardım alanların 6 ayılıq müavinətini bu başdan götürdülər, dözdünüz, saxta hərbi bilet üçün haqq hesabı min manatdan 3 min manata qaldırdılar, dözdünüz, dükan yerinin qiymətini bir neçə dəfə artırdılar. dözdünüz. Qısası, hər bir zülmə tablaşdınız. Bunları sizin müdrikliyinizin, alicənablığınızın parlaq nümunəsi, möhtəşəm təzahürü sayıram.

Düzdür, məni qınayanlar da var. Bəziləri gileylənir ki, guya güzəştli xəstələrə verilən dərmanların çoxunu apteklərə ötürənlərə, pulunu isə digər-digər məqsədlər üçün istifadə edənlərə qarşı mübarizə aparmıram. Yəni, bilinmir ki, hökumətin ayırdığı 800 min manatlıq dərman pulu hara gedir. Cavab. Bizim dərmanların çoxuna keyfiyyətinə bələdsiniz də - əksəriyyətinin təsiri yoxdur, hətta bəzisi adama ziyan vurur. Ona görə həmin dərmanlar pulsuz olsa belə, atmamaq məsləhətdir. Qaldı ki, doğum şöbəsinin təmiri üçün ayrılan 459 min manat pulun çoxunun bəzi-bəzi yerlərə ötürülməsinə, bunun da öz hikməti var. 70-80 il əvvəl rayonlarda doğum evi yox idi, camaat oğul-uşaq sahibi olmurdu? Qaçaqlıq edən qəhrəmanlarımızın arvadları elə at belində, dağda, dərədə, top-tüfəng altında doğurdu, özü də top kimi uşaqlar. Yoxsa, indi min hoqqa çıxardırlar, doğulan uşaqların da çoxu sısqa-mısqa. Pamperslə böyüyən uşaqdan sən mərdlik gözləyirsən? Hansı yaşda olsa, hansı rütbədə olsa, ona elə gəlir ki, yenə pampersdədir, bir də görürsən ki, xoşagəlməz hallar baş verdi.

Ən çox giley də təhsil sahəsindən gəlir. Guya mən təhsilə çox qayğı göstərmirəm. Gəlin, Allahtərəfi danışaq. Elə bilirsiniz ki, oxumaqladır. Məsələn, mən özüm 4-5 il öncə vergi sistemində çalışanda heç attestasiyadan keçə bilmədim. Amma, onlarla alimin, aspirantın yaşadığı 200 minlik rayona rəhbər təyin edildim. Bu gün Masallıda şirkət, cah-calal sahibi olanların az qala yarısı latın qrafikasını bilmir, qəzet-kitab oxunur, amma bəybalası kimi yaşayırlar.

Sizin əhalinin ən çox danışdığı mövzulardan biri də 2 il öncə öz hüquqları uğrunda mübarizə aparan, buna görə aclıq edən şəxsləri həbs etdirməyimdir. Pislik eləmişəm? Stadionun kənarında ac-suzu qalmışdılar, gətirib dustaqxanada adam balası kimi yedizdirmişəm ki, ac qalmasınlar. Evlərində olanda qapılarını açmayanlar türmədə onlar üçün balıq ləvəngisi, cücə kabab yollayırdılar.

Bəziləri bizə münasib məmurların vətəndaşların abunə pulunun bir hissəsini yediyini yazır. Bu da səbəbsiz deyil. Qəzetlər o qədər boş-boş şeylər yazırlar ki, vallah, elə onlara abunə olub, amma almamaq, oxumamaq həm əsəblərinizə, həm bədənin şahı olan gözünüzü qorumağa kömək edər.

İki-üç nəfər var ki, elə ağzını açıb �ay xaraba küçə belə gəldi, gölməçələr belə getdi� deyir. Çala-çuxurda adamın çox olsa ayağı burxular, palçığa batar, amma asfalt xatadır, yolu hamar görüb maşını 120-150 ilə sürürlər, bir də gördün qəza oldu, biri öldü, o birisi yandı və sair.

Lap götürək, işıq məsələsinə. Deyirlər ki, niyə axşamlar çox yerdə işıqlar yanmır. Belələri ancaq özünü düşünür. Bunun narkomanı var, oğrusu var, görüşə gedəni var... hər yer işıq olsa, bu bədbəxtlər neyləyər?

Mən �Cənub xəbərləri� qəzetinə də çox minnətdaram. Bu qəzetin müxbirləri bizim müdirlərin pulunu elə dəqiq sayırlar ki, heç bizim Nəsir. Seymur, Laçın o dəqiqliklə hesablaya bilmir. Mən də müdirlərlə haqq-hesabı sizin hesabladığınızla aparıram. Bu daha dəqiqdir.

Düzdür, qəzetiniz məni tənqid edir ki, el şənliklərində iştirak etmirəm, gənclərə arzularımı bildirmirəm və sair. Elə düşünürəm ki, gənclərimiz elə mənsiz də başa düşürlər ki, əsil xoşbəxt həyat çaq-çuqdan, alıb-aldatmaqdan ibarətdir. Böyük ideallardan, bəşəri duyğulardan, müqəddəs əməllərdən danışıb onların başını xarab etmək lazım deyil.

Mən rayon müxalifətçilərinə də minnətdaram. Çayxanalardan başqa məni heç özgə yerdə tənqid etmədilər. Başa düşürlər ki, onlara torpaq sahəsini, dükan yerin mən verirəm, onlar da hərdənbir bəyanat-filan verib guya varlıqlarını nümayiş elətdirirlər. Siz bilsəniz ki, hansı müxalifətçilərin qardaşı, əmisi, bibisi, xalası uşağı hansı vəzifələrdə əyləşib tükləriniz biz-biz olar. Onu da deyim ki, bəziləri üçün müxalifət ən çörəkli yerdir. Amma bütün hallarda onların içində kifayət qədər adamlıqdan çıxmış adamımız var.

Ruhanilərimizə isə xüsusi minnətdarlıq düşür. Onlar mənim pis əməllərimi ört-basdır etmək üçün elə şeylər uydururlar ki, özüm də mat qalıram. Hələ deyirlər ki, biri mənimlə bağlı xüsusi risalə yazmaq istəyir. Buna görə onlara nə qədər dükan yeri vermişəm, neçə saxtakar qohumunu vəzifəyə gətirmişəm halalları olsun.

Parlament seçkilərində də xalqı nəzərə almışam. Razı olmaram ki, onlar əziyyət çəkib, kimlərləsə üz-göz olub, deputat seçilsinlər. Elə canımıza cəfa verib onların əvəzinə səs də verərək, deputat da seçərik və sair.

Kadr işində də mənim özünə məxsus mülahizələrim var. Tutaq ki, 5-10 cavanı vəzifəyə gətirib çirkaba bulamışam, indi onları çıxarıb başqasını həmin vəzifəyə gətirib, digərlərini çirkaba salmağın nə mənası var?

Bircə xoşum gəlməyən iş odur ki, bəziləri məni �əmioğlularla� müqayisə edir. Açıq etiraf edim ki, onlarla bizim əsas bir fərqli cəhətimiz var. Onların hansı obyektə gözləri düşürdüsə, onu zor-xoş ələ keçirirdi, sahibi də həsrətlə obyektinə baxıb, fikir eləyirdi. Mən isə obyektləri yerlə-yeksan edirəm ki, şair demişkən, nə göz görsün, nə könül qubar eyləsin.

Mənə şər atanlar da az deyil. Guya Xallıcalıda böyük balıqçılıq təsərrüfatım var. Təzəkənd yolunda �Cənnət bağı�nı, onunla üzbəüz 10-15 hektar Boradigahın �German torpağı� deyilən yerdəki sahəni zəbt edib, burada arıçılıqdan, heyvandarlıqdan, badımcançılıqdan tutmuş hər şeylə məşğul olur, istirahət vaxtlarında da gəlib Olimpiya kompleksi ilə üzbəüz sahədəki istirahət mərkəzində gəlirimi-çıxarımı hesablamaqla keçirərəm. Hətta bu şayiə düzəldənlər söz bəzəyib deyir ki, işi çatdıra bilmədiyimdən şöbə müdirim Adəmi bostan bitkilərinə nəzarət etməyi həvalə etmişəm. İdarənin kassiri həmin fermadan peyin daşıyan maşınlarını saymaqla, icra hakimiyyətindəki mühafizə polisi kəndindəki arıçılıq təsərrüfatıma baxmaqla məşğuldur. Hətta Nəsir müəllim kimi qiymətli kadrımı Şərəfədə yeni inşa etdiyim balıqçılıq təsərrüfatına rəhbərlik etməyə yollayıram. Bunlar hamısı ağ yalandır. Mən halal zəhmətimlə dolanıram, heç kimin bir manatına da gözüm yoxdur.

Amma mənim də bəzi gileylərim var. Bax, qəzetdə tənqid edirsiniz, şikayətlər yazırsınız və sair, eybi yox. Dözərəm. Amma pullarıma dəysəniz... Məsələn, bazar məsələsini gördünüz də, bununla zarafat olmaz.

Düzdür, aramızda sadəlövhlər də var. Guya mənə neçə yüz min manatlıq villa tikirəm və sair. Mən bunu nə inkar, nə də təsdiq edə bilərəm. Ancaq onu xatırlatmağa məcburam ki, elə bözbaş, qreçka yeyən idimsə, daha niyə icra başçısı olub, gecə-gündüz tər tökürdüm ki.

Bəzi fikirlərim, əməllərim bir-birini tutmasa bağışlayın, bəzən əsəbiləşib bəzi məqamları həyəcanla yazıram.

İstərdim ki məni ürəkdən duyasınız. Mən də cavanam, səhvlərim olur. Bəzi əsil ziyalıları �kitayski � ziyalılardan ayır bilməmişəm, əsil ağsaqqalla, �fufla aqasaqqalı� fərqində olmamışam. Həyat bir-günlük, beş deyil ki. Elə bilirsiniz məndən sonra gələn məndən yaxşı işləyəcək? Yenə mən hər kəm-kəsirimi düzəltmişəm. Təzə gələn oyuna �mərkəzdən� başlayacaq. Müdirlərə heç yazığınız gəlmir. Onlar təzə başçı ilə �dil� tapanacan... Eh, onların �qulağı kəsilmiş�, sizin �qulağın kəsilmiş�. Nə ziyan edəcəklərsə, sizin kürəyinizdən çıxaracaqlar. Bir də gördün dükanlar yenidən söküldü, ağaclar təzədən kəsildi. Ona görə �Pisi itirib yaxşını tapmaq olmur� məsələni unutmayın.

Sonda bir daha sizə təşəkkür edir, inanıram ki, hər şeyə belə mərdliklə dözməkdə davam edəcək, böyüklərin işinə burun soxmayacaq, hara lazımdırsa o tərəfə də çəpik çalacaq, nə verirlərsə, ona da qane olacaqsınız. Mən də öz növbəmdə kəsdiyim 500 dağ gövdəli ağacın, yerində yanıb-yanıb soluxan palmaların ruhuna and içirəm ki, heç vaxt sizin hüquqlarınız pozulmasına yol verməyəcəyəm.

Hörmətli: Sizin Qəzənfər müəllim.

Masallı. 29 sentyabr 2010. �Cənnət bağı�.

(Qəzənfər müəllimin zarafatını qəzet üçün hazırladı:Zahir)

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10