Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Gündəmi silkələyən qadın başına gətirilənləri danışdı - DƏHŞƏTLİ FAKTLAR



Türkiyə vətəndaşı tərəfindən illərdir təcavüzə məruz qalmış Aytac Azərbaycan dövlətindən ona kömək etməsini xahiş edir
 
Uzun müddətdir Türkiyədə yaşayan Aytac Aksoy (qızlıq soyadı Abdullayeva) adlı azərbaycanlı xanım həyat yoldaşı tərəfindən ağılasığmaz işgəncələrə məruz qalıb, şiddət görüb. Beş uşağı – 3 qızı, 2 oğlu olan 27 yaşlı Aytac Aksoyu əri Mustafa Aksoy dəfələrlə uşaqlarından ayıracağı ilə hədələyərək susdurub. Sonunda isə əri tərəfindən uşaqları əlindən alınıb, özü isə küçəyə atılıb.  
 
Bu barədə AYNA-ya Aytac Aksoy özü danışıb. O, Bakıda, Yasamalda doğulub-böyüdüyünü deyib. Anası Tamilla Abdullayeva ləzgi, atası isə rus olub. Atasını heç vaxt görmədiyini bildirən Aytac hazırda 27 yaşındadır.
 
Özündən 10 yaş böyük qardaşı Aydın Cəlilovdan başqa heç kimi yoxdur. On iki yaşı olanda anası Aytacı da götürərək işləmək üçün Türkiyəyə gedib.
 
Aytacın iddia etdiyinə görə, o, 12 yaşındaykən, özündən 17 yaş böyük Mustafa Aksoy adlı Türkiyə vətəndaşının təcavüzünə məruz qalıb: “Heç kimimiz yox idi, çətin dolanırdıq. Anam məcbur qalıb işləmək üçün Türkiyəyə gəldi. Yaşlı bir qadının evində qalırdıq, anam təmizliyə gedirdi. Bir gün yanında qaldığımız qadının qardaşı oğlu mənə təcavüz etdi. Anam bu barədə öyrənəndə mən artıq hamilə idim. Anam Bakıdakı qohumlarının qorxusundan məni həmin oğlanla evləndirməyə məcbur oldu. İndi anam rəhmətə gedib, həyatda deyilb, onun ardınca pis heç nə danışmaq, onu qınamaq istəmirəm. Yəqin ki, qınaqlardan qorxduğu üçün bu yolu seçdi”.

Aytac 13 yaşı olanda Mustafa Aksoyun təcavüzü nəticəsində hamilə qaldığı övladını dünyaya gətirib: “On üç yaşımın tamam olmasına 3 ay qalmış özəl xəstəxanada anamın imzası ilə uşağımı dünyaya gətirdim. Oğlum oldu. 16 yaşım tamam olmamış həm Türkiyədə, həm də Azərbaycanda rəsmi nikahımız kəsildi. Sənədləri dəyişdilərmi, yaşımı böyütdülərmi, dəqiq bilmirəm. Ancaq bütün sənədlər hamısı məndədir. On yeddi yaşım olmadan isə ikinci uşağım dünyaya gəldi”.
 
Aytacın Mustafa Aksoydan 5 övladı dünyaya gəlib: “Mən artıq uşaq istəmirdim, özümü qorumağa çalışırdım. Ancaq hər dəfəsində ərim məni döyürdü, qarnımı təpikləyirdi ki, “mütləq doğacaqsan, sənin vəzifən budur, uşaq doğmazsan, rədd olub gedəcəsən”. Hər dəfəsində, “azərisiniz, fahişəsiniz”, – deyərək məni təhqir edirdi, uşaqlarımı əlimdən almaqla hədələyirdi. Sonuncu uşağım olanda bir daha hamilə qalmayım deyə, xəstəxanada həkimlərə yalvarıb turbalıqlarımı bağlatdırdım. Artıq uşaq dünyaya gətirməyə halım yox idi”.
 
Çarəsiz qadının dediklərinə görə, əri onu fahişəliyə də məcbur edirmiş: “Anam işləyib bizə baxırdı. Dərddən ürəyi dözmədi, 4 il öncə dünyasını dəyişdi. Məni tək qoyub getdi. Anam öləndən sonra ərim telefondan nömrələr götürürdü, məni həmin nömrələrin sahibləri ilə görüşə göndərirdi. Mənə açıq deyirdi ki, "gedib kişilərlə görşəcəksən, fahişəlik edəcəksən, onlardan pul alacaqsan". Təmizliyə getdiyim bir evdə kişi çıxarıb mənə pul verəndə başa düşdüm ki, ərim məni ona satıb. Yalvardım, ona vəziyyəti danışdım, məni anladı, gətirib evimə qoydu. Həmin gün ərim məni ölümcül döyüb küçəyə atdı”.
 
Yaşadıqları azmış kimi, Aysel Aksoy bir də xəyanətlə üzləşib. Dediyinə görə, əri Mustafa Aksoy indi Ayselin qardaşı arvadı ilə yaşayır: “Günlərin birində qardaşımdan mənə mesaj gəldi ki, “çox pis vəziyyətdəyəm, mənə kömək elə”. Yoldaşım bunu görüb dava-dalaş saldı, telefonumu sındırdı, özümü də küçəyə atdı. Məcbur qalıb qadın sığınma evinə yerləşdim. Qardaşımdan isə xəbər ala bilmirəm. Nömrəsi, “Facebook”, “Instagram” səhifələri bağlanıb. Ağlı başında olan, içkisi, qumarı olmayan, 4 qara kəmər qazanmış oğlan idi. Sığınacaqda olanda öyrəndim ki, qardaşımın arvadı Arzu Məsimova Türkiyəyə gəlib və ərimlə birlikdə yaşayır”.
 
“Oğlum mənə mesaj yazdı ki, “dayımın yoldaşı ilə atam bir otaqda yatırlar, sən hardasan, bunlar niyə bir otaqda yatırlar, dayıma yazıram, o da cavab vermir”. Oğluma yazdım ki, onlar zarafat edirlər, mən gələcəm. Polislə getdim, ancaq uşaqlarımı görə bilmədim. Polis də mənə dedi ki, “Türkiyədə zina cinayət deyil, fahişəlik cinayətdir”. Arzu polisi görüb, guya özündən getdi, mənə ərimdən 3 aylıq hamilə olduğunu bildirdi. Halbuki, heç 2 ay deyildi Türkiyəyə gəlmişdi. İndi bəlkə də uşağını da dünyaya gətirib”, – deyə Aytac əlavə edib.
 
A.Aksoyun iddiasına görə, qardaşı arvadı ilə ərinin, hələ o, evdən atılmamışdan əvvəl də münasibətləri olub: “Arzu profilində şəkil qoymuşdu, baxdım ki, masanın üzərində ərimə aid olan əşyalar var. Bunu ərimə deyəndə məni ölümcül döydü, polisə getdim. Mən polisə getdiyimə görə, Arzu Bakıya qayıdıb, ara sakitləşəndən sonra geri döndü. Arzu mənə deyirdi ki, uşağı olmur, müalicə alır. Sən demə, mənim yoldaşımdan hamilə qalmaq üçün mənim pulumla müalicə alırmış. Yoldaşım işləmirdi, mən evlərə təmizliyə gedib evə pul gətirirdim”.
 
Qadın sığınma evinə yerləşən Aytacı, əcnəbi vətəndaş olduğu üçün orada da çox saxlamayıblar: “Sığınma evindən çıxandan sonra bir müddət 10 illik rəfiqəmin evində qaldım. O da ailəlidir deyə, məcbur qalıb mənzil kirayələdim. Yaşamaq üçün icazəm olmadığına görə, normal bir yerdə işləyə də bilmirəm. Evlərə təmizliyə gedib kirayə və kommunal xərclərini zorla ödəyirəm. Günlərlə ac qalıram, yemək almağa pulum olmur. Bəlkə uşaqlarım “anam bizimçün ev tutub”, – deyərək gələrlər deyə, bir qarnı ac-bir qarnı tox günümü başa vururam, yerdə yatıram, amma onlar üçün dayanıram”.

Aysel Aksoy bir ildən çoxdur uşaqlarının həsrəti ilə qovrulur: “Balalarıma həsrət qalmışam, nə səslərini eşidə bilərəm, nə üzlərini görə. Qonşulardan eşidirəm ki, o qadın uşaqlarımı döyür, böyük oğlumun dişlərini qırıblar. Polis də heç nə etmir, deyir ki, “atasıdır, istər döyər, istər, sevər”. Uşaqlarım da təsir altındadır, qorxurlar, özlərini müdafiə edə bilmirlər. Bir qızımda psixoloji problem var. Bir il yarım ərzində uşaqlarımı cəmi 5 dəqiqə görmüşəm. Uşaqlar qorxularından mənimlə danışa bilmədilər, sadəcə gözlərini qırpıb üzümə baxdılar. Balaca oğlum polisin gözü önündə, “ana, bizi burdan qurtar”, - deyə boynuma sarılıb ağladı. Ancaq polis heç nə etmədi”.

2018-ci ilin yanvar ayından bəri çıxılmaz vəziyyətdə olan Aytacın haqqını müdafiə etmək, məhkəməyə müraciət eləmək üçün isə heç bir sənədi yoxdur: “Türkiyədə yaşamaq üçün icazəm yoxdur, bir ildir pasportumun vaxtı bitib. Məhkəməyə gedirəm, deyirlər ki, “qaçaqsan, gözə görünmə, qaç gizlən”. Azərbaycan konsulluğuna getdim. Orda da dedilər ki, “gəl, səni Bakıya deport edək”. Bakıya da gəlsəm, orda yaşamağa yerim, kimsəm yoxdur. Həm də orda sərvətim olsa belə, övladlarımı burda qoyub getmərəm. 12 yaşlı bir qıza təcavüz edən ataya 3 qızımı necə əmanət edib gedə bilərəm? Özümü burda öldürərəm, ancaq onları qoyub getmərəm. Xahiş edirəm ki, Allah rizası üçün mənə yardım etsinlər, tək istəyim övladlarıma qovuşmaqdır. Başqalarının uşaqlarını oxşamaqdan yoruldum, öz övladlarımın qoxusunu istəyirəm. Artıq dayanmağa ürəyimin gücü çatmır. Uşaqlarımı görmədən ölmək istəmirəm”.

Aytac Aksoy Dilbər Coşkunsoy adlı bir xanımın köməyi ilə başına gələnlər barədə orada yaşayan azərbaycanlı ziyalılara məlumat verə bilib. Türkiyədə yaşayan  soydaşımız Aqil Səmədbəyli Aytac Aksoya bacardığı qədər kömək edəcəyini bildirib: “Aytac Aksoyu şəxsi himayəmə götürmüşəm. Artıq hüquqi prosedurlara başlamışıq. Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu ilə danışdım. Aytacı onlar da nəzarətə götürdülər. Aytacın pastportunun alınması üçün konsolluğa, səfirliyə müraciət olunacaq. Sonuna qədər Aytac xanıma sahib çıxacağam, dəstək olacağam”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10