APA TV yenidən fəaliyyətini bərpa edir. Bu barədə Lent.az -a APA TV-nin baş redaktoru Cavid İsmayıl açıqlama verib. O bildirib ki, APA İnformasiya Agentliyinin tərkibində fəaliyyət göstərəcək televiziya tezliklə tamaşaçıların qarşısına çıxacaq: “APA TV yayım hazırlığı ərəfəsindədir. Artıq kollektiv tam formalaşdırılıb. Bütün heyətlə hər gün işə gəlir, çəkilişlərimizi edirik. Tamaşaçılarımız tam əmin olsunlar ki, onları çox yaxşı süjetlər, reportajlar və verilişlər gözləyir”.
Texniki məsələlərə gəlincə, Cavid İsmayıl qeyd edib ki, bununla bağlı son tamamlama işləri aparılır: “ APA TV xəbər televiziyası olduğu üçün hər saatbaşı xəbərlərimiz yayımlanacaq. Hadisə yerlərindən canlı yayımlarımız olacaq. Televiziyamızın baxımlı verilişlərindən olan “Sosium”, “Öncə Sağlıq”, “Yaşıl Orta” da bərpa olunur. APA TV-nin efirindən İlqar Əlfi, Nəsimi Nəbizadə, Sevinc Vaqifqızı, İlahə Vəliyeva kimi tanınmış simalarla yanaşı, yeni aparıcılar da görəcəksiniz. Onların arasında indiyədək özlərini təsdiqləmiş imzalar da var. İradə İsaq “Birdən milyona”, Tahirə Məmmədqızı “Gecə qonağı” layihələri ilə tamaşaçılar qarşısına çıxacaqlar. Şamil Paşayevin təqdimatında “Hüquq vaxtı”, Orxan Məmmədlinin təqdimatında “Müxtəsər”, İqrar Eyvazovun təqdimatında “Avtovaxt” kimi verilişlərin də rəğbətlə qarşılanacağına inanırıq. “Hadisədən sonra” verilişində isə Şamil Paşayev və Orxan Məmmədli həftənin kriminal xronikasını təqdim edəcəklər”.
Qeyd edək ki, APA TV-də fəaliyyət göstərəcək aparıcılar artıq yeni mövsümün anonsunda yer alıblar.