Azərbaycan kənd yerlərində məşğulluq imkanlarının genişləndirilməsinə nail olur.
Bu sözləri Oxu.Az-a Milli Məclisin deputatı Elman Nəsirov kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlara münasibət bildirərkən deyib.
E.Nəsirov vurğulayıb ki, bu gün dərin islahatların aparıldığı sahələrdən biri də kənd təsərrüfatıdır:
Millət vəkili bildirib ki, bu gün kənd yerlərində, xüsusilə fermerlər üçün bürokratik əngəllər aradan qaldırılıb, bütün imkanlar əlçatan olub:
“Bu da aqrar sahədə inkişaf dinamikasını artırıb. Fermerlərin zəruri texnikalarla, gübrələrlə təmin edilməsinə xüsusi diqqət ayrılıb. Meliorasiya məsələlərinə görə subsidiyaların ayrılması da bu sahəyə olan qayğıdan xəbər verir. Əsas məqsəd odur ki, Azərbaycanın ixrac yönümlü iqtisadiyyatı daha da inkişaf etsin, eyni zamanda, “Made in Azerbaijan” brendi bütün dünyada tanınsın. Bütün bunlar kəndlilərin sosial durumunun daha da yaxşılaşmasına xidmət edir.
Bu gün kəndli hiss edir ki, görülən işlər onun xeyrinədir. O, zəhmətə qatlaşıb kənd təsərrüfatı sahəsində fəaliyyətini davam etdirməklə çox ciddi nəticələr əldə edə bilər. Dövlət hər zaman onların yanındadır. Ümumilikdə bu istiqamətdə hüquqi-normativ baza kifayət qədər gücləndirilib. Kəndliyə, sahibkarlara maliyyə dəstəyi artırılıb və yeni yanaşmalar formalaşdırılıb.
Yekun olaraq görülən işlər onu göstərir ki, Azərbaycan kəndinin siması artıq dəyişməyə başlayıb. Son 15 il ərzində 15 min km yol çəkilməsi, rayon və kəndlərdə məktəb, xəstəxana binalarının tikintisi kənd anlayışını əsaslı şəkildə dəyişdirib. Ümumilikdə islahatlar davam edir, qarşıda kənd təsərrüfatı sahəsində çox yeni imkanlar açılacaq”.
Qeyd edək ki, son illərdə həyata keçirilən islahatların yeni mərhələsi kənd təsərrüfatı sahəsini də əhatə edib. Bu istiqamətdə dövlət siyasətini tənzimləyən strukturda kadr dəyişiklikləri ilkin müsbət nəticələri verir. Aqrar sahənin dayanıqlı inkişafı üçün sistemli addımlar atılır. Aqrar sahədə qarşıya qoyulan hədəflərdən biri də kənd yerlərində məşğulluq imkanlarının genişləndirilməsidir.
Könül Cəfərli