Hindistanda ötən üç ay ərzində 132 kənddə doğulan 216 uşaq arasında bir dnə də olsa, qız uşağ yoxdur.
Bu barədə Hindistan hökumətinin yaydığı hesabatlarda bildirilib.
Qeyd olunub ki, ölkənin şimalında yerləşən bölgədə yaranmış bu vəziyyətə görə istintaq başlayıb. Belə ki, qız uşaqlarının ana bətnindəcə öldürüldüyü, yəni abort edildiyi ehtimal olunur.
Hindistanda 1994-ci ildə qız uşaqlarının abortu qadağan edilib. Ancaq buna baxmayaraq, abort ölkə daxilində geniş vüsət alıb. Hindistanlılar ailənin dolanışığını təmin etdiyinə görə oğlanlara üstünlük verirlər, oğlanları gələcəyin "əli çörək tutanları" kimi görürlər. Qızları isə artıq xərc kimi qiymətləndirirlər. Çünki valideynlər qız uşaqları ailə quranda başlıq pulu ödəməyə çətinlik çəkirlər. Halbuki bu ənənə 1961-ci ildə qadağan olunub.
Ölkədə 2011-ci ildə keçirilən son əhali sayımında 943 qadına qarşılıq olaraq min kişi olduğu müəyyən edilib.
Ötən üç ayda heç bir qız uşağının doğulmadığı 132 kənd "qırmızı bölgə”nin bir hissəsi kimi işarələnib. İşarələnmiş bölgədə tibb işçilərinin daha da diqqətli olmaları tələb olunur.
Hindistan hökumətinin keçən il hazırladığı hesabatda qeyd olunur ki, cins ayrı-seçkiliyinə görə, ölkə əhalisi arasında, təxminən 63 milyon qadın əskikdir.
Ötən il Hindistan polisi bir xəstəxananın yaxınlığında 19 dişi dölün abortla məhv edildiyini müəyyən etmişdi. Bu döllər qeyri-qanuni abort etdirmiş bir qadının ölümünü araşdıran şəxslər tərəfindən tapılmışdı.moderator.az