Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rayonlarda acı reallıq: Nə dərdin varsa, hava qaralanadək həll et



Səhiyyə Nazirliyi: 24 saat rejimində fəaliyyət göstərən apteklərin açılması barədə düşünmürük

 

Təəssüf ki, ölkəmizdə fəaliyyət göstərən apteklər müxtəlif xoşagəlməz hadisələrlə dəfələrlə gündəmə gəlib. Psixotrop dərmanların reseptsiz satışı, lisenziyasız dərman satışı və s. kimi qalmaqallı hadisələr vətəndaşların haqlı narahatlığına səbəb olub.

 

Bu dəfə apteklərlə bağlı başqa problemə toxunacağıq. Belə ki, rayonlarımızda, kəndlərimizdə gecə saatlarında işləyən aptek tapmaq, demək olar ki, qeyri-mümkündür. İnsanlar sadə soyuqdəymə, təzyiq, şəkər xəstəliyi, zəhərlənmə hadisəsi kimi hallarda dərman əldə etmək üçün, bəzən kilometrlərlə uzaqlıqda yerləşən bölgələrə getmək məcburiyyətində qalırlar.

 

Belə ki, paytaxtdan kənarda yerləşən əksər bölgələrdə apteklər axşam saatlarına qədər fəaliyyət göstərir. Bəzi böyük rayonlarda gecə növbəsində fəaliyyət göstərən apteklərə rast gəlmək olur. Digərlərində isə, “nə dərdin var, hava qaralmamış həll” prinsipi hökm sürür.

 

Problemlə əlaqədar Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən AYNA-ya bildirilib ki, apteklərin fəaliyyət sahəsi özəl sektora aid olduğundan, SN onların iş qrafikinə qarışa bilmir: “Biz onların harada, necə işləməsinə müdaxilə edə bilmərik. Dövlətə aid apteklərin açılması, onların növbəli şəkildə 24 saat fəaliyyət göstərməsi kimi məsələlərə gəlincə isə, onu deyə bilərik ki, bizdə hal-hazırda belə fikir yoxdur”.

 

Səhiyyə eksperti, tibb elmləri doktoru, professor Adil Qeybulla isə, AYNA-ya açıqlamasında bildirib ki, problemdən çıxış yolu icbari tibbi sığortanın tətbiqidir: “Bu, vacib məsələdir. İcbari tibbi sığorta şəraitində apteklərin 24 saat işləməsinə ehtiyac yoxdur. Çünki icbari tibbi sığortanın ən sadə variantının tərkibində belə, təxirəsalınmaz yardım var”.

 

“İnsanların gec saatlarda dərmana ehtiyacı olarsa, təcili yardıma müraciət edərək lazımi dərmanları əldə edə bilirlər”, - Qeybulla vurğulayıb.

 

Yenə də rayon yerlərində gecə saatlarında, 7/24 sistemində fəaliyyət göstərən apteklərin çatışmazlığı narahatlıq doğurur. Hansısa bir ümidverici məlumat əldə etmək üçün, dərman satışı ilə məşğul olan, həmçinin "Zəfəran" apteklər şəbəkəsinin məxsus olduğu “AzərMed” şirkəti ilə əlaqə saxladıq. Oradan bildirdilər ki, şirkətə məxsus olan apteklər şəbəkəsi böyüməyə və genişlənməyə davam edir.

 

"Yaxın aylar ərzində bölgələrimizdə 7/24 işləyən apteklər fəaliyyətə başlayacaq. Daha ucqar bölgələrdə isə, rayon və qəsəbə mərkəzlərində yerləşən apteklərdən kuryer xidməti vasitəsilə dərman preparatlarının çatdırılması həyata keçiriləcək", - deyə qurumdan vurğulandı.

 

Ümid edək ki, bu yenilik rayonlardakı aptek qıtlığı probleminin həllinə yardım edəcək...






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10