Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azad media dediyiniz budur?



Kamran Mahmudov

Əvvəlcə deyim ki, özümü media ağsaqqalı hesab etmirəm.

Amma neçə gündür ki, məni narahat edən bir məsələyə nəhayət münasibətimi yazmağı qərara aldım.

Azərbaycanda azad jurnalistika və azad mediaya illərdir hakimiyyət basqı edir. Müstəqil media orqanlarının əksəriyyəti sıradan çıxıb. Qalanları da sanki can çəkişir. Reklam yox, bazar yox, basqı altında güc-bəla fəaliyyətini davam etdirir. 
Müstəqil və azad jurnalistlər də çətin vəziyyətdə. Birtəhər internetin verdiyi imkanlardan istifadə etməklə, xarici medialara yazmaqla, çəkməklə başlarını girləyirlər.

Elə internetin verdiyi imkanlardan söz düşmüşkən. Bu imkanlardan təkcə müstəqil jurnalistlər yararlanmır. Hətta ölkənin ucqarında yaşayan və yaxud hansısa səbəbdən ölkədən mühacirət etmiş Məmmədhəsən kişi də bu imkanlardan istifadə edib canlı yayım edə bilir. Bir növ danışır və göstərir. Bax elə problem də burdan başlayır.

İndi deyəcəksiniz ki, burda pis nə var ki? Bu imkanlar ifadə azadlığına, söz azadlığına, vətəndaş jurnalistikasının, blogerliyin inkişafına töhfədir. Təki təkcə belə olsa. 
Baxın. Yerindən duran hər bir kəs özünə Youtube-da, facebook-da veriliş açır. Özünə bloger, jurnalist deyir. Ağzına gələni danışır. Hətta efirdə söyüş söyür. Insanlar da oturub buna baxır. Misal üçün, Qurban Məmmədovun və yaxud Vidadi İsgəndərlinin verilişləri. Mən onların baxış sayını görəndə havalanıram.

Bu kimi verilişlər insanlarda hansı qənaəti formalaşdırır? Insanlar elə bilir ki, jurnalist, azad media belə olmalıdır. Nə istəsən danışa bilərsən, kimi istəsən söyə bilərsən və.s. 
Və yaxud hər bir kəs dünyanın harasında olursa, olsun, əlinə bir telefon alıb nəsə çəkə bilər, nəsə mənasız şeylərdən danışa bilər.Özünə bloger deyib kimi istəsə təhqir, kamera qarşısında hansı hərəkəti istəsə edə bilər. O şəbeh çıxaracaq, məzəli danışacaq, camaat ona baxıb dəm tutacaq.

Bu işlər belə olmur atam balası. Vallah belə olmur.

Birincisi, jurnalistika ciddi peşədir. Və durmadan müasirləşən, yenilənən peşələrdəndir. Blogerlik də, vətəndaş jurnalistikası da jurnalistikanın yeni qollarındandır. Amma bunların da bir çərçivəsi, standartı, peşə kodeksi var. Yəni standart, çərçivə deyəndə mən hakimiyyətin, hökumətin cızdığı və medianı salmaq istədiyi çərçivəni nəzərdə tutmuram. Amma hətta ifadə azadlığının, söz azadlığının, azad medianın bir sərhəddi var. Sənin ifadə azadlığın var deyə kimisə təhqir edə, insanlar qarşısında kimisə söyə bilmərsən. Özünə jurnalist, bloger deyirsənsə, mütləqdir ki, jurnalistikanın peşə kodekslərinə, standartlarına əməl etməlisən.

Ikincisi, bu formada görülən iş nəinki jurnalistikaya, müstəqil və azad mediaya, jurnalistlərə başucalığı gətirmir. Əksinə, azad mediaya qarşı olanların əlinə yağ sürtür. Biz azad media istəyirik deyəndə, sabah azad mediaya qarşı olan hakimiyyət sizin əməllərinizi göstərib deyəcək ki, azad media dediyiniz budur? 

Müstəqil jurnalist dedikləriniz bunlardır?(Kadrda etiraz aksiyasına çıxmış, özünə jurnalist deyən bir şəxsin hansısa köhnə məmurun avtomobilinin kuzasının üstündə oturan fotosu)...

Üçüncüsü, həmin şəxslər bəzən bilərəkdən və ya bilməyərəkdən yenə də hakimiyyətin hansısa qolunun hansısa oyununun məqsədlərinə xidmət edirlər. Bu isə daha geniş mövzudur. Vaxtım və həvəsim olsa bu barədə də geniş yazaram... Nəysə... Sözüm onda yox. Hər iki halda bazar olmasın.

Ola bilər, bu formada fəaliyyət kimlərəsə tez bir zamanda populyarlıq gətirə bilər. Onlar daha tez məşhurlaşa bilərlər. Amma media mənsubları, media biliciləri, ciddi jurnalistika ilə məşğul olanlar heç vaxt sizi jurnalist kimi qəbul etməyəcəklər. Əksinə sizi azad mediaya, ciddi jurnalistikaya zərər və zərbə vurmaqda günahlandıracaqlar. Məncə də kifayət qədər haqları var.

Odur ki, əziz bu fəaliyyətə önəm verən şəxslər, Nizami babanın sözünə əməl edib, kamil olmağa çalışın. Yəni peşəkar. Həvəskar olsanız belə, peşə qaydalarına riayət edin ki, bu peşə ilə ciddi məşğul olan şəxslərin fəaliyyətinə sizin əməlləriniz kölgə salmasın. Imkan verməyin və elə vəziyyət yaratmayın ki, sizin əməllərinizdən istifadə edib, azad medianı, müstəqil jurnalistləri ləkələyə bilsinlər. 

Və sabah siz də haqsızlıqla qarşılaşanda sizi də müdafiə etməyə dilimiz olsun. Bir sözlə, dilimizi mümkün qədər kəsməyə çalışırlar. 

Siz də onlarla bir olub dilimizi qısa etməyin.

Sevgilərimlə. Sizə yox ha, peşəmə...





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10