Cəlilabadın �Kapital Bankı�
Müraciəti imzalayanlar, əsasən, pensiya ilə yaşayan ahıllar və əlillərdir. Şikayətçilər bildirir ki, onlara çatası pulları Kapital Bankın Cəlilabad filialının kassiri Nizami Bağırov götürərək, 3-4 aydan sonra özlərinə verirmişdir. Qanunla pensiyalar hər ay ödənməli olduğu halda, bank müdiri Lətif Ağayev öz kassirinin təqaüdçülərin pullarını 3-4 aydan bir verməsinə göz yumurmuş. Pensiyaların aybaay yox, 3-4 ay gecikdirilərək verilməsi Kapital Bankın Cəlilabad rayon şöbəsinədə az qala adi hala, vərdişə çevrilib.
Beləliklə, vətəndaşların 2008-ci ilin iyul, avqust və sentyabr aylarındakı pensiyaları həmin bankın müdiri tərəfindən qoyulan qeyri-rəsmi �qaydaya� əsasən onun işçisi Nizami Bağırov tərəfindən həmin ilin noyabr ayında verilməli idi. Lakin bank işçilri onların bu əməlinə , necə deyərlər, �qaşın üstə gözün var� deyən olmadığı üçün, nəinki kecikdirdiyi pulları ödəyib, hətta pulları verməkdən imtina ediblər. Pullarını ala bilməyən vətəndaşlar uzaq dağ kəndlərindən rayon mərkəzinə gəlib və Kapital Bankın müdiri Lətif Ağayevə öz etirazlarını bildiriblər. Cavabında Lətif Ağayev onlara pensiyalarının ödənildiyini deyib. Vətəndaşlar pullarını almadıqlarını israr etdikdə isə o deyib ki, bütün sənədləri yoxlatdıraram və 2-3 gündən sonra sizə vəziyyəti deyərəm. 3 gündən sonra vətəndaşlar uzaq dağ kəndlərindən xeyli yolpulu sərf edib, kəndarası avtobuslar olmadığı üçün xüsusi maşın tutub yenidən dəstə ilə rayon mərkəzinə gəliblər, Lətif müəllimin qəbuluna düşüblər. Müdir bildirib ki, ödəniş cədvəllərində hamınızın imzası var, odur ki, pulunuzu almısınız, bankın sizə heç bir borcu-filanı yoxdur. Bundan sonra şikayətçilər qətiyyətlə tələb ediblər ki, qoy müdir öz işçisini - kassir Nizami Bağırovu otağa dəvət etsin və onların iştirakı ilə imzaları yoxlatdırsın. Görək, cədvəldəki bizim imzalardır, yoxsa, bizim əvəzimizdə qol çəkərək pullarımızı götürüblər. Lakin hansı səbəblərdənsə, Lətif müəllim bu təklifə qol qoymayıb.
Vətəndaşlar iddia edirlər ki, bankın müdiri Lətif Ağayev kassir Nizami Bağırovla əlaqəyə girərək onlara çatası pulu ödəniş cədvəllərinə saxta imzalar etməklə mənimsəyib. Sonradan yuxarı instansiyalara şikayət ediləcəyindən qorxuya düşən Lətif Ağayev onlara pulları tez bir zamanda ödəyəcəyinə söz verib. Lakin bundan bir neçə gün sonra kassir Nizami Bağırovu işdən azad edərək vəziyyəti sahmana saldığını hesab edib. Nəticədə vətəndaşlar üstündən uzun müddət keçməsinə baxmayaraq, hələ də pullarını ala bilmirlər.
Pulları mənimsənilmiş vətəndaşlar bildirirlər ki, Lətif Ağayev N.Bağırovu ərizəsinə əsasən işdən azad etmək əvəzinə, həmin ciddi qanun pozuntularını sənədləşdirərək tədbir görmək üçün inzibati orqanlara göndərməli idi. Çünki bu adi məsələ deyil, söhbət 50 nəfərdən artıq, həm də şikəst və imkansız şəxsin pulunun mənimsənilməsindən gedir. Pulu mənimsənilmiş vətəndaşlardan Zeynalov Səadət Səttar oğlu bildirir ki, 1-ci qrup əlil olmaqla yataq xəstəsidir. Pullarımızı mənimsəməklə Lətif Ağayev və Nizami Bağırov hansı mənəviyyat sahibi olduqlarını nümayiş etdirdilər. Belələrinin bankı çapıb-talaması az deyil, indi də əlillərin puluna göz dikiblər. Belə işi heç 1400 ildən yuxarı lənətlənən Yezid də etməzdi.
Bu məsələnin ədalətlə və obyektiv araşdırılmasına maraqlı olmayan bank müdiri N.Bağırovu işdən çıxardıqdan sonra onun yerinə Sadatxan Bayramovu təyin edib. Bu təyinatdan 2 ay sonra yeni kassir pulları hissə-hissə vətəndaşlara ödəyərək onlara adi 12 vərəq dəftərə imzalar etdirirmiş. Lakin bank müdiri pulların bir hissəsini 3-4 ay alayarımçıq ödədikdən sonra fikrini dəyişib, yenidən mənimsənilmiş pulları ödəməkdən imtina edib. Nəticədə ahıllar və şikəstlər pullarının 90 %-ni hələ də ala bilməyiblər. Məktubda qeyd olunur ki, dəfələrlə bankın müdirinə pulumuzun verilməsi ilə bağlı müraciət etmişik, həmişə də yalançı vədlərlə başımızı aldadıb. Beləliklə də, bu günə kimi bizim ona inam və etibarımızdan sui-istifadə edərək mənimsənilmiş pulu ödəməmiş, son günlər isə bildirmişdir ki, sizin işiniz artıq çürümüşdür, ona görə də heç bir yerə nə şikayət edin, nə də müraciət. Xahiş edirik ki, 50 nəfərə qədər insanın pensiya pullarını mənimsəyən Kapital Bank Cəlilabad rayon filialının müdiri Lətif Aayevdən pensiya pullarımızın alınıb bizə ödənilməsinə köməklik edəsiniz.
Qeyd: Bir neçə dəfə zəng etsək də, Lətif müəllimlə əlaqə saxlaya bilmədik. Deyilənlərlə bağlı sözü olarsa, qəzetimizdə ona da yer ayırmağa hazırıq.
Zaur Ağalaroğlu