Təhsil Nazirliyi: Yekun nəticələr iyulun 26-dan hər bir namizədin şəxsi səhifəsinə göndəriləcək
İyulun 24-də Azərbaycan məktəblərində vakant yerlərə qəbul imtahanları başa çatıb. Lakin dünənki imtahanlar bitər-bitməz, ciddi nöqsanlar ortaya çıxıb. Belə ki, testin düzgün qurulmadığı və bəzi səhv cavabların, əslində doğru olduğu məlum olub.
AYNA xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə bu gün imtahanların yekunlarına həsr olunan mətbuat konfransında məsələyə aydınlıq gətirib. O deyib ki, səhv çıxan suallar ümumi sualların 0,54 faizini təşkil edir.
“Texniki qüsur dedikdə, imtahan sessiyası zamanı həmin sualın məzmununda səhvin olması (15 sual), bir suala iki düzgün cavabın uyğun gəlməsi (5 sual), eyni sualın eyni imtahan sessiyasında təkrar verilməsi (1 sual) və digər (8 sual) hallar nəzərdə tutulur. İmtahan zamanı hər hansı namizəd tərəfindən bu suallara verilmiş cavab səhv və ya cavablandırılmamış kimi qeydə alınıbsa, həmin cavablar namizədin xeyrinə düz cavab kimi qeydə alınacaq və namizədin balına hesablanmasında nəzərə alınacaq. Bununla yanaşı, texniki qüsuru olan sualların məzmunu açıqlanacaq və onlarda olan qüsur izah olunacaq”, - deyə Nazirlik təmsilçisi bildirib.
Murad Camalzadə əlavə edib ki, yekun nəticələr iyulun 26-dan hər bir namizədin şəxsi səhifəsinə göndəriləcək: “İyulun 27-dən başlayaraq namizədlər şəxsi səhifəsi üzərindən imtahan təşkilatçısına apellyasiya qaydasında müraciət edə bilər. Həmin müraciətlər iyulun 29-a qədər qeydiyyata alınacaq. Müraciətlərin nəticələri avqustun 6-a qədər şəxsi səhifəyə göndəriləcək. Müsabiqənin vakansiya seçimi mərhələsi avqustun 7-dən açıq elan ediləcək”.
Nazirliyin rəsmisi bu il ilkin olaraq nəzərdə tutulan vakant iş yerlərinin sayını da açıqlayıb: “Bu il müsabiqəyə ilkin olaraq, təxminən 7000 vakant iş yerinin çıxarılması gözlənilir”.
Baş verənləri AYNA-ya şərh edən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, 54 min nəfər imtahan vermək üçün qeydiyyatdan keçib, 42 min nəfər imtahanda iştirak edib: “İmtahanda iştirak edənlərdən cəmi 18 mini müsabiqə şərtlərini ödəyib və imtahandan keçib. Bu da vəziyyətin necə acınacaqlı olduğunu göstərir”.
“Həmin günlərdə müxtəlif saatlarda imtahan keçirilib və hər saatda fərqli suallar olub. Demək olar, hər bir imtahanda düşən sualların bir neçəsində səhvlər olub. İmtahanda ikili cavablar çox olub. Ümumiyyətlə, uyğun gəlməyən testlər də olub. Belə olan halda namizədlər apellyasiyaya şikayət etməlidirlər. Apellyasiya səhv olan testlərə baxacaq və müəllimlərin xeyrinə qərar çıxaracaq. Yəni səhv testlərin cavablarını düz kimi qəbul edəcək və müəllimlərin topladıqları balın üzərinə səhv testlərin cavabları gələcək. Əsas odur ki, müəllimlər hüquqlarını bilsinlər və tələb etsinlər”, - ekspert vurğulayıb.
K.Əsədov onu da bildirib ki, Nazirlik imtahanın nəticələrini ləğv edib, yenidən test imtahanı keçirə bilməz: “Çünki hələ qarşıda müsahibə və yerləşdirmə mərhələləri var. Ona görə də apellyasiya ilə baş verən bu problemləri aradan qaldıracaqlar. Ümid edirəm ki, gələn il bu cür biabırçılıqdan nəticə çıxarıb, daha yaxşı imtahan keçirərlər. Müəllimlərin işə qəbulu imtahanlarında istifadə olunan sualların yoxlanılması zamanı ekspertlər ümumilikdə 29 sualda texniki qüsur müəyyən ediblər. Bunlardan 20-si Azərbaycan bölməsində, 9-u rus bölməsində olub”.