Ekspert: "Rayonlara yolunuz düşəndə tanıdığınız insanlardan məhsul alın, həmçinin, bazara girəndə gözünüzə görünən ən qəşəng, gözoxşayan, iri, tamahınız düşən məhsulları almayın"
Son vaxtlar alıcılar kənd təsərrüfatı məhsullarının həm qiymətindən, həm də keyfiyyətindən ciddi şəkildə narazılıqlar edirlər. Üstəlik Rusiya bazarlarına idxal olunan meyvə-tərəvəzin geri qatarıldığı və daxili bazarlarda satıldığı iddia olunur. Ekoloq, kənd təsərrüfatı üzrə ekspert Telman Zeynalovla yaranmış bu narahatlıqlara AYNA tutmağa çalışdıq.
- Baxmayaraq ki, Qida Təhlükəsizliyi Agentliyi təkzib edir, ancaq Azərbaycandan Rusiya bazarına ixrac olunan kənd təsərrüfatı məhsullarının geri qaytarıldığı barədə xəbərlər gəzir. Səbəb olaraq isə, həmin məhsulların tərkibində “gənə” olduğu qeyd olunur. Siz bu barədə nə deyə bilərsiniz?
- Birincisi, inanmıram ki, kənd təsərrüfatı məhsullarının tərkibində insan orqanizminə mənfi təsir göstərən canlı aləm olsun. Ola bilər ki, həmin məhsulların tərkibində həddən artıq herpesid, pestitid kimi maddələr olub. Bu maddələr məhsula gənələri, zərərvericiləri məhv etmək üçün vurulur. Yəqin ki, məhsula o maddələr normadan çox verilib və məhsulun üzərində qalıb deyə, geri qaytarıblar.
İkincisi, bilirsiniz ki, 21-ci əsr kommersiya dövrüdür. Bu dövrdə istənilən şəxs istədiyi şayiəni yaya, yaydıra bilər. Yetər ki, bazarda öz məhsulu satılsın. Bu tip xəbərlər biznesmenlərin hiyləsi də ola bilər. Burada iqtisadi cəhətdən qonşuya zərbə endirmək faktoru da istisna edilmir. Düzdür, inanmıram ki, Rusiya Azərbaycana iqtisadi cəhətdən zərbə vursun. Çünki özümüz də anormal hallar müşahidə edirik, məsələn, ilin-günün bu vaxtında pomidorun qiyməti 1 manat 70 qəpikdən aşağı düşmür. Bu, onu göstərir ki, hamısı komersantların apardığı oyunlardır. Komeranstlar dünyanı zəbt ediblər, bütün dünyaya diktə edirlər, hökumətlər də onların əllərində girovdur.
- Tərkibində herpesid və pestitid maddələr olan məhsullar insan sağlamlığına nə kimi zərər verir?
- İlk növbədə xərçəng xəstəliyinə səbəb olur. Odur ki, xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı sürətlə artır. Kommersantlar isə bunu iqlim şəraiti ilə əlaqələndirməyə çalışırlar. Bir neçə gün öncə Moskvada meyvə-tərəvəzdən zəhərlənmiş 67 uşaq xəstəxanaya düşüb. Belə hallara görə Rusiya öz sərhədini ciddi qoruyur. Rusiya ilə Belarus qonşu dövlətlərdir, həmçinin hərbi və siyasi cəhətdən birləşiblər. Bütün bunlara baxmayaraq, Rusiya Belarusun da malını geri qaytarır. Çünki Belarusdan ixrac olunan məhsullar geni dəyişdirilmişdir. Geni dəyişdirilmiş məhsulları Rusiya özü də əkir, kənardan gətirməyə ehtiyacı yoxdur. Rusiya iqtisadi cəhətdən ən çox zərbəni Belarusdan sonra Ukraynaya, indi də Azərbaycana endirir.
- Bəs, Rusiyanın geri qaytardığı məhsulların aqibəti necə olur?
- Sözsüz ki, o məhsullar daxili bazarlarda satılır, üstəlik od qiymətinə. Halbuki yay aylarında qiymətlər aşağı düşür, bizdə isə getdikcə qalxır. Bu da iş adamlarının bir oyunudur. Onlar ya milləti, tamamilə qırmaq istəyirlər, ya da müflis etmək. Dövlət qurumlarının həmin kommersantlarla bacara bilməməsinin bir səbəbi var - iş adamlarının arxasında məmurlar özləri dayanır. Ona görə də bu məsələlərə müdaxilə edilmir.
- Telman müəllim, alıcı məhsulun tərkibində zərərli maddələrin olmasını necə anlasın?
- İlk növbədə regionlardan məhsul almağa çalışın. Düzdür, bölgələrdəki fermerlər, əgər fürsətcil biznesmen deyillərsə, məhsullarını şəhərə çıxara bilmirlər. Ona görə də çalışın, rayonlara yolunuz düşəndə tanıdığınız insanlardan məhsul alın. İkincisi, bazara girəndə gözünüzə görünən ən qəşəng, gözoxşayan, iri, tamahınız düşən məhsulları almayın. Çünki onun tərkibi zəhərdir. Bazardakı qurdlu, üstündə milçək oturmuş, pis görünüşlü məhsulları alın. Əgər məhsulu qurd yeyirsə, demək, sağlamdır, insan da yeyə bilər.
- Həmin məhsulları almamaqla, bir növ o fürsət yoxsulu olan biznesmenlərə qarşı mübarizə aparmış olarıq?
- Yay vaxtı bununla mübarizə aparmaq bir qədər çətindir. Bunun üçün bütün xalq birləşməlidir və o məhsulları boykot etməlidir. Buna isə əksəriyyət dözə bilməyəcək. Digər məqam isə odur ki, həmin məhsulları almasaq, sadəcə qiymətlər aşağı düşəcək. Qiymət düşəndən sonra əhali yenə də zəhərli məhsulları alacaq.
- Bu yaxınlarda bir xəbər oxudum ki, ölkəmizdə ucuz qiymətə toxumlar satılır və həmin toxumlar insan orqanizmi üçün təhlükəlidir...
- Amerikada “Monsanto” və “Bayer” şirkətləri dünyaya geni dəyişdirilmiş toxumlar satır. Bizdə də həmin toxumlardan istifadə olunur. Bəlkə elə Rusiyanın geri qaytardığı da həmin toxumlardan əldə edilmiş məhsullar olub. İndi ağıllı dövlətlər geni dəyişdirilmiş məhsulları geri qaytarır, eynən Rusiya, Almaniya kimi.
- Geni dəyişdirilmiş məhsullara zərurət nədən yarandı?
- Zərurət SSRİ-nin parçalanmasından qaynaqlandı. SSRİ dağıldı, yerində 15 müstəqil dövlət yarandı və həmin dövlətlər başladı bir-birini didməyə. Kommersantlar da başladılar öz oyunlarına. Geni dəyişdirilmiş məhsullar onların oyununun bir hissəsidir. Hələ 1931-ci ildə Almaniya hökumətinin üzvü Paul Gebbels deyirdi ki, “mənə imkan verin, bütün dünyanın əhalisini qoyuna döndərib idarə edim”. Bu, o dövrdən başlayıb və davam edir. 1945-ci ildə Stalinin əmri ilə kənd təsərrüfatı ərazilərində meşə zolaqları salındı, su kanalları çəkildi və 3 il ərzində SSRİ kənd təsərrüfatı məhsulları üzrə birinci yeri tutdu. Gördülər ki, dünyanın ən güclü sərkərdəsinin yaratdığı sistem bu gün-sabah kapitalizmi ləğv olacaq. Ona görə də 1953-cü ildə Stalini aradan götürdülər. Kommersantlar hələ o dövrdə hakimiyyəti ələ almağa çalışırdılar.
- Belə anlaşılır ki, həmin mafiya ilə mübarizə aparmaq mümkünsüzdür?
- XXI əsrdə hansı mübarizədən danışmaq olar? “Monsanto” şirkətini məhkəməyə veriblər və şirkət uduzub. İndi şirkət fermerlərə külli miqdarda təzminat ödəyir. Hansı ki, o fermerlər geni dəyişdirilmiş toxumlardan alıblar və müflis olublar. Təkcə Amerikada yox, dünyada xeyli sayda fermer “Monsanto” kimi şirkətlərdən asılı vəziyyətə düşüb. Çünki həmin toxumlardan alınan məhsullardan növbəti il üçün toxumluq götürmək mümkün deyil. Hindistanda 170 min pambıq əkən kiçik kənd təsərrüfatı sahibləri müflis olduqlarına görə intihar ediblər.
Azərbaycanın da öz yerli toxumları məhv edildi. 12 il bundan öncə bu məsələni qaldırdım və o zaman məni Cəlal Əliyev müdafiə elədi. Ona sual verdim ki, nəyə görə mənim yaratdığım toxumlar Norveçə göndərilir, ancaq ölkəmizə zəhərli toxumlar satılır. Onda Cəlal Əliyev dedi ki, “öz toxumlarımı belə, camaata satmağıma imkan vermirlər”.
Geni dəyişdirilmiş toxumların nəticəsidir ki, aldığımız meyvə-tərəvəzin dadı-tamı yoxdur, pomidorlar daş kimidir. Qəlibə salınmış müxtəlif formalı meyvə-tərəvəz, məsələn qarpız yetişdirirlər. Halbuki normal toxumdan yetişən məhsulu qəlibə qoymaq mümkün deyil, ya məhv olar, ya da partlayar.
- Qarpız demişkən, iyun ayında qarpız yemək düzgündürmü?
- O vaxt satılan qarpızları gübrənin hesabına yetişdirirlər. Qarpızı kəsəndə içində ağ zolaqlar, ağ ləkələr varsa, əsla yemək olmaz.
- Bəs meyvə-tərəvəzin əcaib formada yetişməsi nəylə bağlıdır?
- Xarici görünüşü deformasiyaya uğramış məhsullar geni dəyişdirilmişdir. Onlarla qidalanan nəsil də xəstə, əcaib formada, müxtəlif xəstəliklərlə dünyaya gəlir.
- Belə anlaşılır ki, ölkədə qida təhlükəsizliyi ilə bağlı qurumlar da boşuna yaradılıb?
- O qurumların hamısı gözdən pərdə asmaq üçündür. İşçiləri də, sadəcə vaxt keçirərək maaş almaqla məşğuldurlar. Əgər belə deyilsə, mağazalar geni dəyişdirilmiş məhsullarla doludur, onları yığışdırsınlar. Mübarizə aparmağa çalışanı gecə ilə məhv edərlər.
Müəllif: Rumiyyə Miraslan