Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bizim maraqlı müsahib: Nə danışa bilir, nə eşidə - VİDEO



Çoxlarından fərqli olaraq o, “parkovşik”lik etməyi ayıb saymır, kimlərəsə pul üçün əl açmır, alın təri ilə, az da olsa, halal ruzisini qazanır
 
Demək olar ki, hər gün parkinqlərdə avtomobillərə nəzarət edən şəxslərlə rastlaşırıq. Diqqətlə nəzər saldıqda isə, onların əksəriyyətinin əlilliyi olan şəxslər olduğunun fərqinə varırıq. Təbii ki, əlilliyi olan şəxslərin iş tapması sevindirici haldır. Çünki işə götürənlər, adətən üç dildə sərbəst danışan, ən azı 2 universitet bitirmiş (xüsusilə xaricdə), üstəlik 5 illik iş təcrübəsinə malik olanlara üstünlük verirlər. Hətta bəziləri işçisinin gözəl və ya yaraşıqlı olmasını belə, tələb edirlər. Nəticədə də əlilliyi olan şəxslər ya işsiz qalır, ya da xidmət sektorunda çalışmağa məcbur olurlar.
 
Belə şəxslərdən biri ilə bu yaxınlarda Yasamal rayonu ərazisində rastlaşdım. Rəfiqəmlə geyim dükanına girmək üçün maşını saxlamaq istədim. Parklama üçün ayrılmış ərazidə cavan bir oğlan maşının qarşısına gələrək əli ilə mənə yer işarə etdi.
 
Maşını saxlayıb düşəndə ona 5-10 dəqiqəyə qayıdacağımızı dedim. Ancaq cavan oğlan, sanki nə dediyimi anlamayıb üzümə gülümsədi. Bir daha təkrar etsəm də, yenə eyni üz işarələri ilə mənə baxırdı.
 
İkinci cəhdim də uğursuz alınandan sonra yəqin etdim ki, oğlanın nitq və eşitmə imkanları məhduddur, yəni lal və kardır. Bu zaman uşaqlıqda öyrəndiyim işarə dili köməyimə gəldi. Oğlanı başa salandan sonra rəfiqəmlə məsləhətləşdik ki, onunla həmsöhbət olum, həyatı, çalışdığı işin çətinliyi barədə danışım, problemlərini, qayğılarını bölüşüm.
 
Maşına qayıdanda jurnalist olduğumu və onunla müsahibə etmək istədiyimi oğlana bildirdim. Əvvəlcə tərəddüd etsə də, israrlı olduğumu görüb razılaşdı. İki gün sonra, elə həmin məkanda mənimlə görüşüb, danışmağa razılıq verdi.
 
Yəqin ki, işarə dilini hansı səbəbdən öyrəndiyim çoxunuza maraqlı olar. Müsahibəyə keçməmişdən öncə qeyd edim ki, uşaqlıqda ən yaxın rəfiqəm lal və kar olub. Məhz rəfiqəmə görə işarə dilini öyrənmişəm və bu, sonralar da dəfələrlə karıma gəlib.
 
Yenidən müsahibimə qayıdım. Vədələşdiyimiz vaxtda və məkanda oğlanla görüşdük. Məni görən kimi tanıdı, maşını park etmək üçün yardım etdi və danışmağa başladıq.  



Müsahibim özünü Elmir Süleymanov kimi təqdim etdi. Növbəti sualıma cavabında isə öyrəndim ki, 35 yaşı var. Ailəli olduğunu və həyat yoldaşının da onun kimi lal və kar olduğunu bildirdi. Onu da dedi ki, iki uşağı var: bir qız, bir oğlan.
 
Sevincli halda əlavə etdi ki, hər iki övladı həm danışır, həm də eşidir, yəni onlardan fərqli olaraq əlillikləri yoxdur. Bunu dediyi vaxt gözlərində yaranan parıltı üzümüzü yandıran günəşin işığında belə, aydınca qabardı.
 
Söhbətimiz əsnasında Elmirin işinə çox məsuliyyətli yanaşması da gözümdən yayınmadı. Nə olursa-olsun, o, işini axsatmır, avtomobillərə nəzarət edir, gələn sürücülərə yer göstərir, gedənlərə isə maneəsiz çıxmaları üçün yardım edirdi. Hiss olunurdu ki, çoxlarından fərqli olaraq o, “parkovşik”lik etməyi ayıb saymır, kimlərəsə pul üçün əl açmır, alın təri ilə, az da olsa, halal ruzisini qazanır.
 
Elmirin dediyinə görə, bir müddət iş tapa bilməyib, ona iş verən olmurmuş. Bu işi tapanda da çox sevinib. Burada isə tək işləmir, özü kimi fiziki imkanları məhdud dostu ilə bərabər çalışır. Ssəhərdən axşam saat 5-dək işləyir, dostu isə axşam saat 5-dən son maşın gedənədək.
 
Qazancları çox olmasa da, şükr edir: “Tək mən işləyirəm, yoldaşım evdar qadındır. Qazandığımla ailəmi dolandırıram. Uşaqlarımın ehtiyaclarını ödəyirəm. Əsas odur ki, işim var, işsiz deyiləm”.
 
Söhbətimiz əsnasında, ən azı 3-4 dəfə ara verib sürücülərə kömək edən Elmiri işindən daha çox ayırmamaq qərarına gəlib onunla sağollaşmağa məcbur oldum. Onun əzminə, işinə olan sevgisinə heyranlıq hissi ilə ərazidən uzaqlaşdım. Ümid edirəm ki, bir çoxları Elmirin həyatından müəyyən məqamlarda dərs götürər...

Müəllif: Təranə Xudabaxşiyeva





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10