Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda minlərlə boşanmış qadına çarə ola bilər



Ombudsman Elmira Süleymanova Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı Milli Məclisə müraciət etdiyini açıqlayıb.
Səbəbini isə ölkədə boşanmaların sayının kritik həddə çatması ilə əlaqələndirib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə  bildirib ki, Aliment Fondunun yaradılması dövlət siyasətinin humanist istiqamətinin bir qoluna çevirlə bilər:
“Nəzərə alsaq ki, Prezident İlham Əliyev hər zaman humanist nöqteyi-nəzərdən vətəndaşların problemlərinin həlli ilə bağlı addımlar atıb. Biz dəfələrlə bunun şahidi olmuşuq, istər təbii fəlakətlər, istər yanğınlar zamanı. Dövlət belə bir fondu yarada bilər. Sadəcə bu maliyyə məsələsi olduğu üçün dəqiq ölçülüb-biçilməlidir. Həm Maliyyə Nazirliyi, Həm Ədliyyə Nazirliyi, həm də dövlət başçısı tərəfindən razılaşdırılmalıdır. İlkin olaraq say dəqiqləşməlidir”.
Deputat deyib ki, Aliment Fondunun yaradılması yüzlərlə, minlərlə boşanmış qadına çarə ola bilər: 
“Bu gün çox sayda insan alimentin ödənilməsindən yayınır. Nəticədə ana uşaqları ilə birlikdə ac-susuz kiməsə möhtac qalır, küçələrdə yaşamağa məcbur olur. Bu cür alələrdəki uşaqların sağlam böyüməsində, onların inkişaf etməsində çox böyük problemlər yaranır. Konstitusiyaya görə, dövlət də uşaqların qayğısına qalmalıdır.
Bu baxımdan Aliment Fondunun yaradılması olduqca maraqlı və vacib hadisə olacaq, çox sayda insanların, ailələrin sevincinə, problemlərinin qismən də olsa həllində mühüm rol oynayacaq”.
Ç.Qənizadə qeyd edib ki, Aliment Fondunun yaradılması alimenti ödəməyə borclu olan şəxslərin öhdəliyini azaltmır:
“Aliment ödəməyənlər məsuliyyətdən kənar qalmayacalar. Qanunda var ki, bir tərəf dəyən zərəri ödəyir, zərəri vuran tərəfə iddia qaldırır. Belə olan halda iddia qaldırılmadan o, yüklü və borclu hesab ediləcək. Dövlət o alimenti verməli olan şəxsin üzərində nəzarəti ikiqat artırmaqla, onlara alimentin ödənilməsi üçün müəyyən şəraitlər yaradacaq. İş kartlarından vəsaitin tutulması, qaçıb gizlənənlərin tutularaq gətirilməsi, dövlətin vermiş olduğu alimentin dəyərində işlətməklə həmin vəsaitin qaytarılmasını təmin edəcək. Burada yenə də əziyyət, maliyyə yükü dövlətin üzərinə düşəcək. Amma humanizm baxımından olduqca vacib məsələ olduğundan ümid edirəm ki, qaldırılan təşəbbüs dövlət başçısı tərəfindən də məqəsədəuyğun hesab ediləcək”.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10