Təbabət nə qədər inkişaf etsə də, xəstəliklər artmaqda davam edir. Dərd çox, dərman baha, həkim ondan da baha! Amma necə deyərlər, insan özü-özünün həkimi ola bilər. Və əslində olmalıdır. Bunun üçün əsrlərin sınağından çıxmış, varlısına-kasıbına, kəndlisinə-şəhərlisinə baxmadan, hamı üçün eyni dərəcədə əlçatan olan dərman bitkiləri, çaylar, qida vasitələri var. “Təbabətin atası” Hippokrat əbəs yerə deməmişdi ki, “Qoy yeyib-içdikləriniz dərmanlarınız, dərmanlarınız yeyib-içdikləriniz olsun”.
Pressklub.az “Təbib” adlanan rubrikasında sizə təbii müalicə üsullarından danışır, zəmanəmizin bəlasına çevrilmiş xəstəliklərdən uzaq durmağın yollarını göstərir. Bələdçiniz isə 500-dən artıq dərman bitkisinin “dilini” bilən, fitoterapiya sahəsində 35 illik təcrübəyə malik tanınmış həkim Fuad Mahmudovdur.
Rubrikamızın ötən dəfəki mövzusu qarayara xəstəliyi idi. Bu yazıda isə həkiminiz sizə qeyri-sağlam qidalar və onların insan orqanizminə vurduğu zərər barədə danışır.
Bəzən insanların ağlına belə gəlməyən, hətta faydalı hesab edilən qida məhsulları sağlamlıq üçün təhlükə törədə bilər. Məsələn, hamının gündəlik olaraq istifadə etdiyi kartofun üzərində olan yaşıl hissələr onun tərkibində çox təhlükəli bitki mənşəli qlikoalkaloid – solanin maddəsinin olduğunu göstərir. Tədqiqatlar sübut edir ki, solanin maddəsi aşırı miqdarda istifadə edilərsə, güclü zəhərlənmə, ürəkbulanma, qusma və hallüsinasiyalar əmələ gətirə bilər.
Təəssüf ki, indiki dövrdə orqanizm üçün faydalı olan qida məhsulları əldə etmək zərərli qida məhsulları ilə müqayisədə daha müşkül bir məsələyə çevrilib. Bəli, bir çox qida məhsullarının zərərli xüsusiyyətləri insanlara məlum olsa da, onlardan istifadə azalmır, əksinə, günbəgün artır. Buna misal olaraq çipsiləri, kola içkilərini və s. göstərmək olar.
Dietoloqlar, kardioloqlar, qastroenteroloqlar və b. mütəxəssislər çoxdan belə bir qərara gəlmişlər: uzun və sağlam həyat yaşamaq üçün ancaq sadə və maksimal dərəcədə təbii, tərkibində kimyəvi birləşmələr olmayan qida məhsullarından istifadə etmək lazımdır.
İnsan orqanizmi üçün çox təhlükəli olan qida maddələri isə mütəmadi olaraq mediada, TV kanallarda reklam edilir. Bura tərkibində konservantlar, dad gücləndiricilər, boya maddələri, trans-yağlar və s. olan süni qida əlavələri daxildir. Burada, əlbəttə, birinci yeri fast-fudlar, hamburqerlər, hot-doqlar, kartof-fri, çipslər, kolbasa və hisə verilmiş ət məhsulları, konservlər, sosiska növləri tutur. Kolbasa və sosiskaların tərkibində həqiqi ət faizi cəmi 10-15%-dir. Qalan 85-90%-ni isə süni yağ və piylər, heyvanın dərisi, soya, üyüdülmüş sümük və qığırdaqlar, süni qida əlavələri, duz, şəkər, konservantlar, stabilizatorlar və aromatizatorlar təşkil edir ki, bunların da qəbulu insanın həzm orqanlarının, mədəaltı vəzi, qara ciyər, mədə və onikibarmaq bağırsağın fəaliyyətini çox çətinləşdirir.
Mayonez, ketçup, şirinləşdirilmiş qazlı sular, rafinə olunmuş yağlar, marqarin, rafinə olunmuş un, şəkər əlavələri, şirniyyatlar, tez hazırlanan qidalar, popkorn və s. qidaların da heç biri insan orqanizmi üçün faydalı deyil, əksinə, zərərlidir. Bu qidalar şəkərli diabet, qastritlər, allergik reaksiyalar, damarların çirklənməsi, hipertoniya, piylənmə, maddələr mübadiləsi pozulmaları, karies, immunitet zəifliyi və s. xəstəliklərin yaranmasına səbəb olur.
Normadan artıq alkoqollu içkilər (araq, konyak, pivə və s.) də sağlamlıq üçün problemlər yarada bilir.
Fikrimizi bir qədər də dəqiqləşdirmək üçün aşağıda göstərilən qida məhsullarını siyahı şəklində göstərmək olar.
- Toyuq naggetsləri. Yəni broyler toyuqlarından kəsilmiş xırda parçaların tərkibi məlum olmayan yağlarda qızardılması. Tərkibində olan zərərli inqredient: diqliseridlər, karragen və mikrokristallik sellüloza. Toyuqdan hazırlanmış bu qida növünün tərkibində çoxlu miqdarda sintetik birləşmələr vardir ki, bunlar da insan orqanizmi tərəfindən çox çətinliklə həzm edilir, yaxud, ümumiyyətlə, həzm edilə bilmir.
- Meyvə suları və ya şirələri. Bu şirələrin tərkibində olan fruktoza meyvənin tərkibində olan təbii fruktozadan fərqlidir. Bu cür şirələr dərialtı piy təbəqəsinin əmələ gəlməsinə və artmasına səbəb olur.
- Şəkər. Zərərli inqredient: şəkər. Bir çox xəstəliklərin, xüsusilə mədəaltı vəzidə problemlərin yaranmasına səbəb olur.
- Mikrodalğalı sobada hazırlanmış yağlı-piyli qidalar. Zərərli inqredient: trans yağlar. Bildiyimiz kimi, trans yağlar ürəyin normal fəaliyyət göstərməsinə çox mənfi təsir göstərir.
- Energetik içkilər. Zərərli inqredient: saxaroza, qlükoza, kofein. Hər bir energetik içkinin tərkibi kofein, çox miqdarda şəkərli birləşmələr və ya şəkər əvəzedicilərdən ibarət olmaqla güclü kimyəvi kokteyl kimi təsəvvür etmək olar.
- Dietik kola. Zərərli inqredient: qənnadı boyaları, bromlaşmış bitki yağları, bisfenol A, aspartam. Hər bir kola butılkasının tərkibində kanserogen tərkibli boya maddələri, aşırı kökəlmə yaradan sintetik tərkibli şəkər, hətta yanğınsöndürmə işlərində istifadə edilən kimyəvi birləşmələr var ki, bunlar da sonsuzluğa və qalxanabənzər vəzidə ciddi problemlərə gətirib çıxarır.
- Bulyon kubikləri. Zərərli inqredient: natrium qlütamat, təhlükəli hesab edilən 5 və 6 nömrəli sarı sintetik boya maddələri. Qlutamat iştahanın süni şəkildə artırılması üçün, sarı boya maddələri isə uşaqlarda hiperaktivliyə və diqqətin yayınmasına gətirib çıxarır.
- Tavada qızardılmış bir çox qidalar. Zərərli inqredient: hidrogenləşmiş yağlar. Cürbəcür ət məhsulları, kartof və s. qidaların mütəmadi olaraq qəbulu hər bir insanda artıq çəki yaradır. Bu da nəticədə depressiya, arterial damarlarda tromblaşma və s. yaradır.
- Fermer təsərrüfatlarında yetişdirilmiş qızıl balıqlar. Zərəli inqredient: PXD (polixlorlaşmış definil). Son illərdə Atlantik okeanında yaşayan qızıl balıq növünü bir çox fermer təsərrüfatlarında xüsusi süni göllərdə artırırlar. Bu balıqların isə yetkin formaya çatması üçün tərkibində kanserogen tərkibli birləşmələr olan yuxarıda göstərilən PXD maddəsindən istifadə olunur.
- Butılkalaşdırılmış soyuq çaylar. Zərərli inqredient: alginat propilenqlikol. Göstərilən bu kimyəvi birləşmə qanı qatılaşdırır, emulqator (yapışdırıcı, birləşdirici və s.) tərkibli olub, ürək-damar xəstəlikləri və neyrotoksik xəstəliklərin yaranmasına səbəb ola bilir.
- Ət (mal, qoyun, keçi, donuz və s.). Zərərli inqredient: nitrat birləşmələri və natrium. Ət qidalarından aşırı dərəcədə istifadə edilməsi doğru deyil. Belə ki, ətin tərkibində olan nitrat birləşmələri orqanizmdə şəkərin mənimsənilmə prosesini pozur və sonda şəkərli diabet xəstəliyinin yaranmasına səbəb olur. Natrium isə ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur.
- Boyalanmış portağal. Zərərli inqredient: kimyəvi boya maddələri. Son illərdə iş adamları portağallar yaxşı satılsın deyə onları xüsusi boya maddələrilə rəngləyirlər.Təbii ki, boyanmış meyvələr daha gözəl və yetkin görünürlər ki, bu da onların daha tez satılmasına səbəb olur. Amma bu meyvələrə vurulmuş boya maddələri insan xromosomlarını zədələmək qabiliyyətinə malikdir və onkoloji xəstəliklərin yaranmasına səbəb ola bilir.
- “Makdonalds” mayonezi. Zərərli inqredient: kalium sorbat. Kalium sorbat çox zərərli kanserogen birləşmə kimi beynəlxalq təşkilatlar tərəfindən təsdiq edilmişdir. Məməli heyvanlar üzərində aparılan sınaqlar nəticəsində onların hüceyrələrində mutasiyaların yaranması müşahidə edilmişdir.
- Dondurulmuş balıq və balıq məhsulları. Bu cür qidaların tərkibində zərərli konservantlar var ki, bunlar da hüceyrələrdə mutasiya prosesini aktivləşdirərək, xərçəng (xüsusən də mədədə) xəstəliyinin əmələ gəlməsinə səbəb olur.
- Saqqızlar. Zərərli inqredient: qablaşdırılmış hidroksianizol. Bu zərərli birləşmə saqqız çeynəyən zaman ağızda çoxlu miqdarda yaranır ki, bu da qanın laxtalanma prosesini pozur, xərçəng hüceyrələrinin çoxalmasına səbəb olur. Bir çox ölkələrdə - Böyük Britaniya, Yaponiya, Sinqapur və s. kimi ölkələrdə saqqızdan istifadə qadağan olunmuşdur.
- Ağ un. Zərərli inqredient: xlor dioksid. Bu ağardıcı boya maddəsi kanserogen maddə olaraq təsdiq olunmuşdur.
- Qablaşdırılmış (plastik butılkalar və qablar) sular. Zərərli inqredient: bisfenol A. Bu kimyəvi birləşmə plastik butılkaların tərkibində olur və çox zəif dozalarla suya qarışa bilir ki, bu da kişilərdə süd vəzilərinin qadınlarda olduğu kimi böyüməsinə, sonsuzluğa (həm qadınlarda, həm də kişilərdə) və xərçəng xəstəliyinin əmələ gəlmənə təkan verir.
- Süni şokolad. Zərərli inqredient: polisorbat-60. Bu birləşmə qarğıdalı, palma yağı və neftdən hazırlanır ki, bu da heç vaxt xarab olmur. Ən qorxulu olan da bu birləşmənin tərkibində daha təhlükəli dioksan-1,4 maddəsinin olmasıdır ki, bu da insanlarda xərçəng xəstəliyinin yaranmasına səbəb olur.