Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xalq Şəbnəmləri, Nəfəsləri niyə sevir? - Pul, intim ehtiyac və...



Xalq Şəbnəmləri, Nəfəsləri niyə sevir? - Pul, intim ehtiyac və...
4 mart 2025
11:55

Kulis.az Eminqueyin "Şəbnəmçilər, Nəfəsçilər və başqaları" adlı yeni yazısını təqdim edir. 

“İnsan pulun saxtasını düzəldər, pul da insanın”

Bu, dolların üstündə şəkli olan, Niyaməddin Musayevə oxşayan Benjamin Franklinin fikridir. Dolların üstündəki bu kişiyə baxıb onun sözlərini xatırlamaq mütləqdir. 

Azərbaycan xalqına uzaqdan baxanda onun gözlərində, əllərinin çirkində, beynində, ürəyində yalnız bir şey görmək olur – pul! İki barmaqla azca “zum” edəndə pulla bağlı bütün fəlsəfəsini anlamaq da çətin deyil. 

Kənardan baxanda zövqsüzlük gördüyümüz şey – bax, elə məsələn, Xaçmazda Şəbnəmlə Nəfəsin qarşılanması – (həmin səhnə mənə lap doxsanlarda Elçibəyin maşının lyukundan çıxıb xalqı salamlamasını xatırlatdı) iki barmaqla azca zumlananda mahiyyətini əməllicə dəyişir. Bu məsələ haqqında sonra danışacam. Əvvəlcə, bilmək lazımdır ki, bu iki şəxsiyyət kimdir? Niyə bu qədər sevilirlər? Nə var axı bu iki şəxsiyyətdə? 

Bu “sənət adamları” kütlə kimi bisavad yazıb-danışırlar. Ətrafınızda dilinə hörmət edən, öz dilində doğru-düzgün yaza bilən nə qədər adam var? Bu “sənət adamları” xalqın ritmində çalıb oxuyurlar. Gedin, bölgələrdə bir sorğu aparın, görün, bugün mədəniyyətimizdən ağız dolusu danışa bilməyimizə səbəb olan Şövkət Ələkbərovanı, Akif İslamzadəni, Rübabə Muradovanı sevirdilərmi? Əmin olun ki, bu sənətçiləri o vaxt da sevən az idi. Vaqif Mustafazadənin bığıyla məzələnən bu insanlar deyildimi? 

Bu “sənət adamları” hər gün efirlərdə xalqa yaltaqlanmaqla toy tuturlar. Çoxusu elə bilir ki, yaltaqlıq təkcə məmura, müdirə-zada olur axı. Xalqa yaltaqlanmaq da bunlar qədər çirkin bir şeydir. Bu o xalqdır ki, özünə yaltaqlanmayanları kimsəsiz qoyub, yuxarılara yaltaqlananları isə arxada söyüb qarşısında ikiqat əyilib. Bu “sənət adamları”nın “mənim xalqım” deməyə daha çox haqqı çatır, nəinki hansısa alimin, professorun, yazıçının, rəssamın. Çünki bu xalq elə Şəbnəmin, Nəfəsin xalqıdır. 

Bu “sənət adamları” ona görə belə izdihamla qarşılanır ki, Şəbnəmçi, Nəfəsçi olmaq ən təhlükəsiz şeydir bu məmləkətdə. Heç kimi Şəbnəmçi olduğuna görə heç kim qınamaz, heç kim Şəbnəmdən ötrü şivən qoparan adama güldən ağır söz deməz, heç kim Şəbnəmçi olduğuna görə bir adamı məzəmmət edə bilməz. Çünki hər şey Şəbnəmçilərlə doludur. Burada qeyri-adi nə var?

Bu “sənət adamları” xalqla ona görə bağır-badaşdır ki, xalqın da zehniyyəti puldur, bunların da. Bu xalq üçün yaxşı sənət sahibi, işinin ustası yox, yaxşı pul qazanan, daha doğrusu, “daşdan da pul çıxaran”, lap dəqiqi, “dvijeniyalı” adamlar daha gərəklidir. Şəbnəm də, Nəfəs də, başqaları da pul qazanmağı bilən adamlardır. Siz toyda-məclisdə görmürsünüz ki, masaya yaxınlaşıb şirinlik qoparan tamada da, müğənni də, kloun da necə xoşbəxt edir bu milləti? Bu xalqın “çörək almağa pul yoxdur” ahu-zarı məhz o toylarda, o yığıncaqlarda yerlə yeksan olur. 

Az qala yadımdan çıxmışdı, bu “sənət adamları” hər şeydən əvvəl xalqın şəhvətini oyadırlar, intim ehtiyacını ödəyirlər. Ki, bu da xalqın ən ac olduğu şeydir. 

Və ən əsası, Benjamin əminin fikrinə qayıtsaq, pul bu xalqın saxtasını düzəldə bilib. Bəli, məhz pula görə bu xalq bugün sürətlə uçuruma enir. Gördüyünüz saxta, qondarma gözəlçələri nə düzəldib? Pul! Pulu onlara kim səpələyir? Xalq! Demək ki, bu adamlar xalqın sifarişidir. Bu xalq pula, yaxşı pul qazana bilən adama sitayiş edir, onu uçurumdan dartıb çıxarmaq istəyənlərə yox. 

Yekun, Xaçmazda özünü Nəfəsdən, Şəbnəmdən ötrü yırtan, lider qarşılayırmış kimi alqışlayan insanları görüb nə təəccüblənin, nə də təəssüf hissi keçirin. O insanlar buna layiqdir. Onların lideri Şəbnəm, Nəfəs olmalıdır. 

Sizin nə sözünüz var bu gözü tərəzi olan xalqa, sevirlər, sino gedirlər, ölürlər də bunlardan ötrü. Tərəzidirlər də, kəmiyyəti göstərirlər, keyfiyyəti yox. 

Vəssalam!








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10