
Boris Nemtsovun qətlin sifarişçilərinin hələ də cəzalandırılmadığı iddia olunur – Günahkar kimi Kreml işarə edilir
Bu gün Rusiyanın müxalifət lideri Boris Nemtsovun qətlindən 10 il ötür. Nemtsov 2015-ci il fevralın 27-də Moskvada Kreml yaxınlığındakı körpünün üzərində dörd güllə yarasından ölüb. Rusiya Prezidenti Vladimir Putinin siyasətinin sərt tənqidçilərindən olan siyasətçinin qətli ilə bağlı həbs edilənlər olsa da, onun tərəfdarları bu sui-qəsd hadisəsinin əsl günahkarlarının hələ də cəzasız qaldığını hesab edirlər.
Nemtsov qətlə yetiriləndən bir gün sonra Putin açıqlamasında hadisəni “iyrənc qətl”, “biabırçılıq” adlandırmış və “günahkarların mütləq cəzalandırılmalı” olduğunu bildirmişdi və hadisənin araşdırılması ilə bağlı göstəriş vermişdi.
Nemtsovun qətlindən 10 gün keçdikdən sonra qətli törətməkdə şübhəli bilinən 2 nəfər- Anzor Qubaşov və Zaur Dayaev həbs olundu. Martın 9-da isə daha üç nəfər şəxs - Qubaşovun qardaşı Şahid Qubaşov, Tamerlan Əsgərxanov və Xamzad Baxayev saxlanılıblar. Digər 4 şəxsdən fərqli olaraq Zaur Dadayev məhkəmədə verdiyi ifadəsində Nemtsovun qətlində iştirakını təsdiqləmişdi. O, Nemtsovun müsəlmanlara və islama qarşı mövqeyi haqqında 2015-ci ilin yanvarında məlumat aldığını bildirmişdi: “Mən inanclı müsəlman kimi bu işə qarşı sakit qala bilməzdim. Ona görə də Boris Nemtsovu öldürdüm”.
Daha sonra Zaur Dadayevin Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun dostu və xüsusi təyinatlı dəstənin üzvü olması haqqında məlumatlar yayıldı. Məlumatlarda Zaur Dadayevin Çeçenistan Daxili İşlər Nazirliyinin “Sever” (“Şimal”) batalyonunun polk komandirinin müavini olduğu da bildirilirdi. Hətta məlumatlara görə, anti-terror əməliyyatlarında fəal iştirak edən Zaur Dadayev 2010-cu ildə Putin tərəfindən göstərdiyi xidmətlərə görə mükafatlandırılıb.
Müxalifətçinin qətlindən 7 il sonra, 2022-ci ildə hadisə ilə bağlı yeni detallar üzə çıxdı. Belə ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Nemtsovun qətlindən bir il əvvəldən onu mütəmadi izləyiblər. Bu barədə “Bellinqkat”, “İnsayder” və BBC-nin birgə apardığı araşdırmada deyilirdi.
Araşdırmaya görə, Valeri Suxarev adlı şəxs Nemtsovu ölkə daxilində səfəri zamanı ən azı 13 dəfə təqib edib. Sonuncu təqib siyasətçinin öldürülməsindən cəmi 10 gün əvvəl olub. Sözügedən şəxsin adı həm də müxalifətçilər Aleksey Navalnı, Vladimir Kara-Murza və Dmitri Bıkovun zəhərlənməsi ilə bağlı hadisələrdə hallanıb. Sübutlar onu göstərir ki, Suxarev FTX-nin zabitidir.
Bildirilirdi ki, Nemtsov Rusiya Prezidentinə qarşı sanksiyaların genişləndirilməsinin lehinə danışdıqdan dərhal sonra izlənilib. 2014-cü il yanvarın sonunda Nemtsov ABŞ-ın respublikaçı senatorları Con Makkeyn və Ron Consonla görüşüb və Putinin ətrafından 13 nəfərin “qara siyahı”ya salınması üçün adlarını verib.
Putin isə həmin vaxt hüquq müdafiəçiləri ilə görüşündə “Nemtsovun qatilləri və sifarişçiləri tutulub və cəzalandırılıb”, - deyə bildirmişdi.
Nemtsovun qətlinin 10-cu ilində rusiyalı müxalifət liderinin ailəsi anasının oğluna dair xatirələrini ifadə etdiyi şəxsi bir videonu "CurrentTimeTV" ilə paylaşıb. Video Nemtsovun qızı Janna tərəfindən 2023-cü ildə nənəsinin ölümündən bir neçə ay əvvəl çəkilib. Kadrlar Yeltsin dövründə Rusiya siyasətinin zirvəsinə yaxınlaşan, sonra isə prezident Vladimir Putinin sərt tənqidçisinə çevrilən şəxs haqqında unikal bir baxış təqdim edir.
Məktəbdə müəllimlər onu sevirdi. Qızlar onu "vacib biri" adlandırırdı", - Dina Nemtsova videoda deyir. Nemtsovun anası 2024-cü ilin fevralında 96 yaşında vəfat edib. O, videoda sadə həyat tərzindən önəmli mövqeyə yüksəlmiş istedadlı bir oğlanın portretini çəkir: "Evində işləmək onun üçün çox çətin idi. Kiçik bir yeri vardı mətbəxdə, amma hər zaman kimsə işini yarıda kəsirdi. Bəzən işə başlamaq üçün yer tapmaqda çətinlik çəkəndə hamama girirdi".
Nemtsov Qorki şəhərində böyüyüb və şəhərin universitetində fizika üzrə təhsil alıb. Bu şəhər Sovet İttifaqının dağılmasından sonra Nijni Novqorod adlanır.
"O, ölkədə baş verənlərə qarşı tənqidi yanaşırdı", - Dina bildirir: "Boris artıq SSRİ lideri Leonid Brejnevin dövründə baş verənlərdən xəbərdar idi".
Lakin Nemtsovun siyasi fəaliyyətə başlaması SSRİ-nin ilk və son Prezidenti Mixail Qorbaçovun dövrünə təsadüf edir. Qorbaçovun "qlasnost" (aşkarlıq) və "perestroyka" (yenidənqurma) siyasətləri ölkədəki siyasi iqlimi yumşaltmış, fikir bildirmək üçün daha əlverişli mühit yaratmışdı.
"Biz yenidənqurma başlayanda siyasəti izləməyə başladıq. Deyə bilərəm ki, məhz onda Boris siyasətə girdi", - deyir anası.
“Azadlıq” radiosu yazır ki,Nemtsov 1990-cı illərin sovetdənsonrakı Rusiyasının çətin şəraitində uğurlu bir karyera qurub və nəticədə Yeltsinin dövründə Baş nazirin müavini vəzifəsinə qədər yüksəlib. Lakin Yeltsin Putini varisi olaraq təyin etdikdən sonra Nemtsov Kremlin yeni avtoritar kursuna qarşı keçirilən küçə etirazlarında müntəzəm olaraq iştirak etməyə başlayıb.
Müsahibələrindən birində Nemtsov Putin haqqında demişdi: "Putin sovet davranışları ilə zəngin bir KQB işçisidir".
Nemtsov Rusiyanın getdikcə daha çox təzyiq altına düşən müxalifətinə qlobal tanınma və hörmət qazandıran mühüm bir fiqur idi. Qərb paytaxtlarında o, kommunizm illərindən sonra yeni, demokratik Rusiya ümidini simvolizə edirdi.
2015-ci ildə qətlə yetirildiyi zaman bu hadisə siyasi bir qətl kimi qiymətləndirildi.
Borisin anası 2016-cı ildə yazmışdı ki, sonuncu dəfə oğlunu 2014-cü ilin dekabrında görüb.
"O, zəif və dağınıq görünürdü... Heç vaxt ağlıma gəlməzdi ki, vəziyyət bu qədər təhlükəli ola bilər", - Nemtsova yazırdı.
Tərəfdarları və dostları hələ də Nemtsovun qətlinin üstünün açılmadığını, qətlin sifarişçilərinin hələ də azadlıqda olduğunu deyir və əsl günahkar kimi Kremli işarə edirlər.
Yeri gəlmişkən, Nemtsov “Üsyankarın etirafları” adlı memuarında siyasətə gəlişi, vəzifədə olarkən başına gələnlər, Boris Yeltsinlə birgə işlədiyi müddətdə gördükləri, Çeçenistan müharibəsi, müxalif fəaliyyəti, Putin haqqında ətraflı yazıb.