Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qəhrəman ölümdən döndü, çəkilişə milis gəldi, sonuncu sirr 50 il sonra açıldı... – BİR FİLMİN HEKAYƏTİ



news content


“Qəfil qışqırdı ki, Xalidə öldü...”

17 Fevral 2025

“Tütək səsi” Rasim Ocaqovun rejissor kimi ilk filmidir. İsa Hüseynovun “Tütək səsi” və “Saz” povestləri əsasında Rasim Ocaqovun çəkdiyi “Tütək səsi” filmi 1976-cı ildə ekranlara çıxıb. SSRİ dövlət mükafatına layiq görülən bu filmin prezentasiyası Moskvada və Berlində olub. Ocaqov bu filmdən sonra 12 bədii film çəkib, amma özünün də ən çox sevdiyi filmidir. Deyib ki, “Tütək səsi” avtobioqrafik filmdir. Süjet xəttinin onun şəxsi həyatı ilə heç bir əlaqəsi olmasa da, rejissor həm də özü yaşadıqlarını lentə aldığı üçün belə qəbul edib.

Uzun illər operator işləyən, amma rejissorluq istəyi ilə alışıb-yanan Rasim Ocaqov “Qatır Məmməd” filminin sınağından yenicə çıxmışdı. Hüseyn Seyidzadənin çəkdiyi “Gəncəbasarlı qisasçı” filmini sovet kinematoqrafiyasının böyükləri bəyənmədilər. Film yarımçıq qaldı ortada, Rasim Ocaqovu çağırıb təklif etdilər ki, al, bu film, bu da sən, öhdəsindən gəlsən, rejissorluğa vəsiqə almış olursan. Artıq ayrılan vəsait xərclənib qurtarmış, kinematoqrafiya dili ilə desək, yanmış bir filmi Rasim Ocaqov naəlac çəkməyə başladı. 40 günün içində tamamlanan film bəyənildi. Moskva kinematoqrafçıları Rasim Ocaqovun adını “Gəncəbasarlı xilaskar” qoydular. Bundan sonra İsa Hüseynovun “Tütək səsi” ssenarisini çəkmək ona həvalə olundu. Ocaqov ssenarini oxudu və özü dediyi kimi gördü ki, mövzu ovcunun içindədir: “Bütün vaqe olanlar mənim dövrümdə, mənim şahidi olduğum, yaşadığım olaylardır. Özüm talonla çörək almışam. Qohum-əqrəbam müharibədə olub, çoxundan qara kağız gəldiyinin şahidi olmuşam”. 

Aktyorlar danışırlar ki, Akif Məhərrəmli, Şamil Süleymanov xışla yeri şumlaya bilmirmişlər, Rasim Ocaqov onları öyrətmək istəyəndə onun da yer əkməyinə İsa Hüseynovun gülməyi gəlib. Müəllif xışı elə işlədib ki, bütün çəkiliş qrupu heyran qalıb.

Cəbrayıl rolunu Şahmar Ələkbərov oynamalı idi

Rejissor əsas rola artıq Qatır Məmməd obrazından sonra çox sevdiyi Şahmar Ələkbərovu çəkmək istəyirmiş. Çəkilişlər başlanan vaxt Şahmar Ələkbərov ağır xəstələnir. Rejissor gözləyir, nəhayət, başa düşür ki, bu xəstəlik uzun çəkəcək. Televiziya ilə baxdığı “Qaraçı” filmində Mixay Volontirin aktyorluğu ona xoş gəlir və aktyoru baş rola dəvət edir. Onun obrazını səsləndirmək Şahmar Ələkbərova həvalə edilir. Səs yerinə elə düzgün oturub ki, adama elə gəlir, Mixay Volontir azərbaycanca danışır. 

Tapdıq – Akif Əli:            

““Tütək səsi” mənim taleyimdə dərin iz buraxıb. Ssenarisinin, rejissorunun və toplaşan kollektivin gücünə görə film büsbütün Azərbaycan xarakteridir, maraqlı xarakterlər toplumu ilə. Maraqlı çox məqamdan söz aça bilərəm, amma ən maraqlı olan oradakı yaradıcı qrup və ortaya çıxan işdir. Məmmədrza Şeyxzamanovun “əsgər gördüm, başında papağı, ayağında çəkməsi” - dediyi kadr dəfələrlə təkrarlandı. Nə isə rejissoru qane etmirdi. Axırda aktyor çaşıb dedi ki, ayağında papağı, başında çəkməsi əsgər gördüm. Çəkiliş dayandı, Şeyxzamanov döndü Rasim Ocaqova tərəf ki, əşi, bir səhnəni nə qədər çəkmək olar, dilim də çaşdı daha. Yaxud, Xalidə xanımla mənim bir səhnəmiz vardı, deyirəm, Milli, mənə elə baxma! O cümləni evdə müxtəlif tonlarda o qədər təkrar etmişdim ki, evdə mənə deyirdilər ki, Milli, mənə elə baxma!” 

Qusarlılar Şamil Süleymanova hələ də Cümrü deyirlər

 “Əvvəl çəkilmək istəmirdim, çünki Baladadaşdan sonra Cümrü olmaq istəmirdim. Akif Əlinin şəklini görəndə təəccübdən razılaşdım, gördüm ki, məndən başqa onun qardaşını oynaya biləcək aktyor yoxdur. İsa Hüseynovun bir kəlmənin üstündə həngamə çıxartdığını xatırlayıram. Mənə dedi ki, “ürəyimdən isə xəbər ver” yox, ürəyimdənsə xəbər ver” olmalıdır. Dedim nə dəxli var? İndi başa düşürəm ki, varmış. Axşamlar Məmmədrza Şeyxzamanov üçün çay dəmləyirdik ki, gəlib bizimlə otursun, çünki tələbə idik, sənət söhbətlərinə böyük ehtiyac vardı. O vaxtdan Akif mənə dəli dadaş, mən də ona qaqaş deyə müraciət edirik. Bilirəm ki, indi tükü tükə calasam, Akif yanımda hazır olar”. 

Cümru rolunun ifaçısı Şamil Süleymanov 30 il sonra Qusarda dincələrkən maraqlı bir hadisə ilə rastlaşıb. Hər gün süd-qatıq aldıqları qonşu onlardan pul almırmış, bir gün də həmin qonşuya süd dalınca gedən Şamili həyət qapısında balaca bir uşaq qarşılayıb: “Cümrü əmi, atam dedi ki, siz gəlməyin, biz özümüz süd-qatığı sizin evə gətirərik.” Məlum olub ki, filmdə Cümrünün tütək çaldığı səhnə Qusarda həmin adamın evinin damında çəkilib.   

Milli ölümdən dönüb

Daha doğrusu, Milli rolunun ifaçısı aktrisa Xalidə Quliyeva. Yadınızdadırsa, filmdə məşhur səhnələrdən biri də Millinin Tapdığa “Mampası yeyirsən?” sualını verdiyi səhnədir. İndi həmin ifadənin dərin mənasından deyil, o mampasının Millinin nəfəs yoluna düşməyindən danışırıq. Dubl bir neçə dəfə təkrar olunub, axırda təntiyən Xalidə xanımın mampasını ağzına atması ilə mampasının onun nəfəs yoluna düşməyi bir olur. Akif Əli qışqırır ki, Xalidə öldü. Çəkiliş dayanır, hamı yığışır Xalidə xanımın başına. Mampası nəfəs borusundan çıxarılır, amma Xalidə özünə çətin gəldiyindən rejissor çəkilişi sabaha saxlamağa qərar verir. Aktrisa isə razı olmur, özünü toplayıb, son kadrı çəkdirir. Xalidə xanım danışır ki, Rasim Ocaqov necə qorxmuşdusa, rəngi kağız kimi ağarmışdı.

Xalidə Quliyeva indi kinodramaturq Eldəniz Quliyevin xanımıdr və teleseriallara çəkilir. Digər aktyorlardan Ötkəm İsgəndərov İncəsənət və Mədəniyyət Universitetində çalışır.

Ruhani”ni İsa Hüseynov özü ifa edib

Cümrünün anasını oynayan aktrisa Liva Eliava gürcüdür. 1998-ci ildə 68 yaşında dünyasını dəyişib. Yeri gəlmişkən, Moldovadan dəvət edilmiş SSRİ Xalq artisti Mixay Volontir də 2015-ci ildə 81 yaşında xərçəngdən öldü. Həm də ehtiyac içində. Onun bəzi müalicə xərclərini “Qaraçı” filmində birgə çəkildiyi aktrisa Klara Luçko ödəyirmiş. Aktrisa ondan əvvəl dünyasını dəyişir. Mixay Volontir 10 ildən artıq ağır xəstəliklə mübarizədə olub.  

Filmdə Yusif Vəliyevi (Qılınc Qurban) Adil İsgəndərov, Mixay Volontiri (Cəbrayıl) Şahmar Ələkbərov, Liva Eliavanı (Sayalı) Əminə Yusifqızı, Ötkəm İskəndərovu (Nuru) Rasim Balayev, Səfurə İbrahimovanı (İsmət) Ofeliya Sənani, Gümrah Rəhimovu (Muxtar) Səməndər Rzayev, Akif Məhərrəmovu (Tapdıq) Ramiz Məlikov səsləndirib.

Ssenari müəllifi İsa Hüseynov adətincə bütün çəkiliş günlərində yaradıcı qrupla birgə çəkiliş meydanlarında olub. İsfəndiyar kişinin saz çaldığı səhnədə sazı İsa Hüseynov özü çalmaqla bahəm, həm də Məmmədrza Şeyxzamanova sazı necə tutmağı öyrədir. Həmin epizod 9 dubla çəkilib.

Çəkilişlər Qusarın Anıx, Hil kəndlərində aparılırmış. İsfəndiyar kişinin “Ruhani” çaldığı həmin səhnədə kütləvi səhnələrdə çəkilən kənd camaatı sazı ifa edənə qoşulub ağlayırmışlar. Ümumiyyətlə, sadəlövh, saf kənd camaatı bəzən hadisələrə elə qapılırmışlar ki, film olduğunu unudurmuşlar. Məsələn, Ötkəm İsgəndərovun dediyinə görə, Qılınc Qurbanla Cəbrayılın səhnəsində camaat Cəbrayılın əleyhinə çıxıb, onu az qala daşlamaq istəyirmişlər. Rejissor hər ehtimala qarşı çəkilişlərə o vaxt milis çağırmalı olub.

Filmin sayəsində gənc Ötkəm İsgəndərov siqaret çəkməyə alışır. İlk dəfə çəkilişdə çəkdiyi siqaretdən sonra onu tərgidə bilməyib.

Bu il “Tütək səsi” fillminin 50 yaşı tama olur. 

Sonda filmin qəhrəmanları Milli ilə Tapdığı, yəni Xalidə xanımla Akif müəllimi qarşılaşdırdıq. Tapşırıq belə oldu ki, təsəvvür edin, Milli ilə Tapdıq 50 il sonra  qarşılaşıblar, sizcə onların ilk söhbəti nədən olardı, nə soruşardıılar? 

Milli: 

- Mampası yeyirsən?

Tapdıq: 

- Milli, mənə elə baxma!

Bu yerdə bir məqam da bəlli oldu ki, Tapdıq filmin sonunda ölüb. Akif Əli deyir ki, anasının xəstə Tapdığın yanından bayıra çıxdığı kadrda havanın qaralması və ağacların əsməsi ölümə işarədir. 

Bundan heç Millinin (Xalidə Quliyevanın) də xəbəri olmayıb…






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10