Bəzən elə olur ki, sağımızdakı, solumuzdakı istedadlardan xəbərsiz oluruq. Aysel Nərimanova da belələrindəndir. Aysel xanım Masallı rayonunun Böyük Xocavar kəndində anadan olub. Uşaqlıq illəri də bu kənddə keçib. Daha sonra valideynlərinin Moskva vilayətinə köçməsi ilə əlaqədar o da bu şəhərdə yaşamalı olub.
Aysel xanım:
- Ailəmiz demək olar ki, musiqiçilərdən ibarət idi. Atam yaxşı tar çalırdı, qardaşım da musiqi vurğunu idi. Hətta əmim də musiqiyə yad deyildi. Belə ki, onun qarmonda ifa etdiyi mahnılar hamımızın ruhunu oynadırdı. Hələ 3-cü sinifdə oxuyanda atam qardaşım üçün “sintizator” almışdı. Bu fürsətdən istifadə edib mən də tez-tez “sintizator”dan faydalanar, mahnılar ifa edərdim. Gördülər ki, yaxşı musiqi qabiliyyətim var. Beləcə, səs-sorağım Moskvada oxuduğum məktəbə də çatdı. Elə tədbir olmurdu ki, orada mahnı oxumayım. Müəllimlərim klassik musiqi həvəskarı idi. Mən də onların təhriki ilə klassik mahnılar oxumağa başladım.
Ayselin musiqi fəaliyyəti təkcə orta məktəbdəki tədbirlərlə bitmir. O, Moskvada Musiqi məktəbinə daxil olur və o məktəbi uğurla bitirir. Müəllimləri onun istedadına o qədər heyran olub ki, bəzən problemləri olanda təhsil haqqını özləri ödəyirmiş.
Bir neçə il öncə isə Aysel Nərimanova ailə həyatı qurduğu həmyerlisi ilə Masallı rayonunun Banbaşı kəndində yaşamağa başlayır. Moskvada orta musiqi təhsili alan Aysel gəlin olduğu evin xeyir-duası ilə Lənkəran Dövlət Humanitar Kollecinə daxil olur və musiqi biliyini daha da təkmilləşdirməyə başlayır.
Aysel xanım:
- Musiqi təhsili almağıma nə qədər sevinirdimsə pop mahnılarını ifa etməyim üçün daim meydan axtarırdım. Ötən il bəlli oldu ki, Azərbaycan Turizm və Gənclər Nazirliyi Böyük Səhnə adlı müsabiqə keçirir. Müsabiqənin şərtləri ürəyimcə olduğu üçün mən də həmin tədbirə qoşuldum. Lənkəranda keçirilən ilkin müsabiqədə 50 nəfərdən cəmi 2 nəfər növbəti mərhələyə vəsiqə qazandı, onlardan biri mən oldum.
Bakıda keçirilən müsabiqəyə də bütün bölgələrdən 50 nəfər qalib gəlmişdi. Yarışmanın şərtlərinə görə bu 50 nəfərdən 12 qalib Kiyevdə keçirilən müsabiqəyə vəsiqə qazanmalı idi. Burada da uğur mənim tərəfimdə oldu. Həmin 12 nəfərdən biri mən oldum. Kiyevdə dünyanın ən məşhur musiqiçiləri bizə təlim keçir və növbəti mərhələyə hazırlayırdı. Növbəti mərhələdə 12 nəfərdən 6 qalib, sonrakı mərhələdə həmin 6 qalib içərisindən 3 qalib seçildi. Mən də həmin qalib üçlüyün sırasında oldum. Nəhayət, son mərhələ - Böyük Səhnənin liderini seçmək məqamı gəldi. Bu mərhələni də uğurla adladım və beləliklə Böyük Səhnə müsabiqəsinin qalibi oldum. Təhsil aldığım Lənkəran Humanitar Kollecinin kollektivi bu uğurumu Lənkəran Dövlət Dram teatrında təntənə ilə qeyd etdi. Hazırda Masallı Musiqi və İncəsənət Mərkəzində dərs deyirəm. Ali məktəbə hazırlaşıram. Yeni pop mahnılarını məşq edirəm. İnanıram ki, yaxın vaxtlarda daha böyük uğurlara imza atacağam.
Onu da xatırladaq ki, Aysel xanımın adı Azərbaycandan Evrovijinə namizədlər sırasında da yer almışdı. SMS-lə olan bu yarışmada Aysel son mərhələyə vəsiqə qazana bilməmişdi.
Bu yarışmaya münsiflər heyəti daha ucaboylu qızları seçməyi məqsəd qoyduqları üçün Ayselin bəstəboy olması bir balaca problem yaratmışdı.
Hər müğənni üçün ən dəyərli söz elə onun ifa etdiyi mahnılardır. Biz isə Aysel xanımın ifa etdiyi mahnılara bu ayın əvvəlində şəhər 1 saylı tam orta məktəbində müəllimlər günü ilə bağlı ümumrayon tədbirindəki konsertdə tamaşa edə bildik. Bəs siz onun pop ifaçılığına necə şahid ola bilərsiniz? Sadəcə internetdə Aysel Narmanova adını axtarışa verin və onun yüksək ifaçılıqla ifa etdiyi mahnıları YouTube dinləyin. Biz isə sizə yardımçı olmaq üçün həmin Linkləri xatırladırıq.
1) https://www.youtube.com/watch?v=bVBPaxmmCXM
2) https://www.youtube.com/watch?v=HDdQ6TTzzCA
3) https://www.youtube.com/watch?v=v1GrYZDYaFE
4) https://www.youtube.com/watch?v=zlIl8rtNPHc
5) https://www.youtube.com/watch?v=zlIl8rtNPHc