Rayonun cənubunda olanları şimala, şimalında olanları cənuba (yaxud da əksinə) dəyişməkdə məqsəd nə ola bilər?
Son illər, daha doğrusu, Araz Əhmədov Masallıya icra başçısı təyin olunandan sonra bu rayonda maraqlı və qəribə kadr dəyişiklikləri baş verir.
Dünən Təklə İnzibati Ərazi Dairəsinin Nümayəndəsi Bəşirov Tural Əlipaşa oğlu bu ərazinin tam əks tərəfində, təxminən 30-35 km. aralıda yerləşən Tüklə kəndində eyni vəzifəyə təyinat alıb. (Xatırladaq ki, Tural bəy Təklə ərazisində 10 il bələdiyyə sədri, 5 il isə ərazi nümayəndəsi işləyib və ərazidə kifayət qədər hörmətə malikdir ) Tüklə kəndində həmin vəzifəni aparan Ağayev Kərim Ramazan oğlu isə Köhnə Alvadı ərazisi üzrə nümayəndəsi vəzifəsinə “transfer” edilib.
Xatırladaq ki, Köhnə Alvadı kəndinin sabiq ərazi nümayəndəsi 2 ay öncə Təzəkənd Ərazi Dairəsinə müavin təyin olunmuşdu.
Masallı şəhər nümayəndəsi, güllütəpəli Nazim Muradov isə bu vəzifədə hələ yerini bərkitməmiş Viləş Ərazi Dairəsinə nümayəndə təyin olundu.
Belə təyinatların sayı isə təkcə yuxarıda sadaladıqlarımla bitmir. Belə ki, “Dağ Şıxları”nda yaşayan, Qodman Ərazi Dairəsinində müavin vəzifəsində çalışan Elxan Babazadə Qızlağaca, qızılağaclı Babək Məmmədov isə Sığdaş Ərazi Dairəsinə nümayəndə, Boradigah qəsəbəsinin boradigahlı nümayəndəsi isə Türkoba ərazisinə nümayəndənin müavini təyin olunub.
Bu dəyişikliklər nəyə hesablanıb? Yerləri dəyişilən nümayəndələrin yüksəlişidir, ya enişi?
Şəhər nümayəndəsinin və Boradigah qəsəbə nümayəndəsinin təyinatı açıq-aşkar enişdir.
Digər dəyişikliklər isə başqa təsəvvürlər yaradır.
Bəziləri düşünür ki, hər hansı şəxs yaşadığı ərazidən 15-25 kilometr aralı əraziyə nümayəndə göndərilirsə, həmin şəxsin dayaqları zəif olur. Ona müəyyən qədər vaxt lazımdır ki, bilsin, bu ərazidə kim-kimdir. Belə durumda isə həmin ərazi nümayəndəsinin yeganə güvənəcəyi onu həmin vəzifəyə təyin edənlərdir.
Digər arqument isə odur ki, bəzi ərazi nümayəndələri uzun illərdir bir ərazidə “kök” salıb, öz adına olmasa da, valideynlərinin, digər yaxınlarının adına xeyli torpaq, balıqçılıq gölləri, digər əmlaklar “qamarlayıb”, qısası, özü üçün bir “şəbəkə” yaratmasıdır. Belə çarpaz təyinatlar da yəqin ki, belə “şəbəkələri” dağıtmaq üçündür.
Bütün bunlarla yanaşı, yaxın vaxtlarda icra strukturlarında ciddi dəyişiklik olacağını nəzərə alsaq, bütün bu təsəvvürlər heç ola bilər.
Cenub.az. Zahir Əmənov