Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB - FOTOSESSİYA



Açılış mərasimi iştirakçılarının və qonaqların salamlanması ilə başlayıb. Arenadakı böyük monitorda XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edən Azərbaycan haqda dolğun fikir formalaşdıran video-rolik nümayiş etdirilib. Ardınca isə tamaşaçıların gur alqışları altında Azərbaycan Milli Qvardiyasının əsgərləri dövlət bayrağımızı səhnəyə gətirib və Azərbaycanın dövlət himni səsləndirilib.
Mərasim iştirakçı ölkələrin bayraqlarının gətirilməsi və idmançıların arenaya daxil olması ilə davam edib. Atletlər paradı müasir Olimpiya oyunlarının vətəni sayılan Yunanıstan təmsilçilərinin gəlişi ilə başlayıb və tamaşaçıların alqışları ilə ev sahibi Azərbaycan komandasının arenaya daxil olması ilə yekunlaşıb. Ölkəmizin bayrağını cüdoçu Vüqar Talıbov daşıyıb.
Sonra Azərbaycan Respublikası baş nazirinin birinci müavini, Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin rəhbəri Yaqub Eyyubov çıxış edib. O, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın təkcə Avropanın deyil, dünyanın idman mərkəzlərindən birinə çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanı müasir, dünyəvi, sabit və demokratik yolla inkişaf etdirən Azərbaycan Prezidenti İlham Əliyev idmana da xüsusi həssaslıqla yanaşır və hazırda ölkəmizdə müasir standartlara cavab verən təxminən 50 Olimpiya İdman Kompleksi insanların ixtiyarındadır, onların sosial rifahına xidmət edir.
Avropa Olimpiya Komitələrinin Prezidenti Yanes Koçyançiç çıxışında Prezident İlham Əliyevi, birinci xanım Mehriban Əliyevanı və bütün tədbir iştirakçılarını salamlayaraq idmançılara qələbə sevincləri arzulayıb.
O bildirib ki, Avropa Olimpiya Komitələrinin üzvləri olaraq bizim üçün Bakıya – Odlar Yurdu Azərbaycanın küləklər şəhərinə gəlmək evimizə gəlmək kimi bir hissdir: "Dörd il əvvəl ilk Avropa Oyunlarını sizin köməyinizlə gerçəkləşdirdik. Oyunlar bizə möhtəşəm təcrübə verdi və bu yaxınlarda Minskdə keçirilmiş II Oyunlardan sonra qərara aldıq ki, III Oyunlar Polşanın Krakov şəhərində və Malopolska regionunda təşkil edilsin. Beləcə, yeni ənənəmiz davam etsin. Əminliklə deyə bilərəm ki, sizinlə birgə yeni Avropa Olimpiya İrsinin bünövrəsini qoymuşuq. Sizin təşkilati bacarığınıza və sədaqətinizə heç şübhəmiz yox idi. Qətiyyətiniz və könüllülərinizin iş keyfiyyəti, dostluğunuzdan yaxşı xəbərimiz var. Biz onu da bilirik ki, ölkənin edə biləcəyi ən uğurlu investisiya məhz gənclərə edilən investisiyadır”.
Azərbaycan Prezidenti cənab İlham Əliyev XV Avropa Gənclər Yay Olimpiya Festivalını açıq elan edib.
Sonra Azərbaycanın tanınmış idmançıları, Olimpiya çempionları həndbolçu Rəfiqə Şabanova və Lüdmila Şubina, cüdoçular Nazim Hüseynov və Elnur Məmmədli, stend atıcısı Zemfira Meftahəddinova və sərbəst güləşçi Namiq Abdullayev Beynəlxalq Olimpiya Komitəsinin bayrağını səhnəyə gətirib və qurumun himninin sədaları altında bayraq qaldırılıb.
Olimpiya Oyunlarının ənənəsinə uyğun olaraq idmançılar adından Fəxriyyə Tağızadə və Sabir Cəfərov, hakimlər adından Ələkbər Həsənov və Sədi Quliyev, məşqçilər adından isə Rəşad Əbdurəhmanov ədalətli oyun naminə obyektivlik və sədaqət andı içiblər.
Ardınca yarışın məşəlinin yandırılması baş tutub. Alovu paytaxtın idman obyektlərini gəzərək Kristal Zala Olimpiya çempionu Fərid Mansurov gətirib. Beləliklə, XV Avropa Gənclər Olimpiya Festivalının məşəli bir həftə bu arenada alovlanacaq.
Ardınca açılış mərasiminin bədii hissəsinin “Welcome to Azerbaijan” adlı ilk bölümü başlanıb. Burada təxminən 500 gəncin xidmətindən istifadə olunub. Bu, Bakıdır – həm qədim, həm də müasir. Ənənələri qoruyan və yeniliklərə açıq Bakı. Məhz bu ənənələrin sintezindən ibarət şouda uşaq ansamblları, teatr qrupları, parkur və breyk-dans qrupu, rəqqas və akrobatlar, eləcə də yerli ulduzlar iştirak ediblər. Onların əksəriyyəti könüllülər olublar.
Günün hekayəsi isə zəfərə aparan yol adlandırılıb. “Külək haqda əfsanə” adlı şounun baş qəhrəmanları Oğlan və Qız obrazı olub. Onlar valideynləri ilə bu şəhərin rəmzlərindən sayılan küləyin adı ilə Bakı ifadəsi arasında bağlılıqdan danışıblar. Azərbaycan odlar diyarıdır, Bakı isə küləklər şəhəridir. Bakının Xəzər dənizi ilə əhatə olunmuş yarımadada, üç tərəfdən küləyə açıq məkanda yerləşməsi diqqətə çatdırılıb. Qızmar günəş altında dayanmış Qızın əlindəki gül ləçəklərini üfürməsi və ləçəkləri küləyin aparması kompozisiyanın təsir gücünü artırıb.
Rəqqaslar böyük butafor kərpiclərlə “Şəhərin yaranışı” adlı teatral-rəqs səhnəciyi ifa ediblər. Onlar insanın bu şəhərdə yaratmaq, sevmək və yaşamaq istəyini rəqsin dili ilə tamaşaçılara çatdırıblar. Çoxsaylı rekvizit və dekorasiyalar vasitəsilə şəhərin yaradılmasındakı dinamiklik, həyatın canlanması əks etdirilib.
Sonra “Şəhər Günü Bayramı” vokal-xoreoqrafik kompozisiyası təqdim edilib. Səhnədə rəqqas və akrobatlar çıxış ediblər. İstənilən ölkəni, onun xalqını yaxından tanımağın ən yaxşı yolu bayramlarını izləməkdir. Azərbaycan bayramlarında ölkəmizin zəngin mədəniyyəti, milli koloriti və ənənələri bütün dolğunluğu ilə əksini tapır. Sözsüz ki, qonaqpərvərliyimiz də diqqətdən qaça bilməz və əcnəbilər məhz bu xüsusiyyətimizi məxsusi vurğulayaraq daim çox yüksək qiymətləndirirlər.
Valideynlər uşaqlara həyatın enişli-yoxuşlu yolunu uğurla keçmək, büdrəməmək üçün məsləhət və tövsiyələrini verir, onlara rəmzi Çörək, Od, Həyat Kitabı, Xarı Bülbül çiçəyi və Zeytun budağı bağışlayırlar. Bu rəmzlərin hər biri nəsillərin enerjisinin və xalq mədəniyyətinin özünəməxsus göstəricisidir. Kompozisiyada Azərbaycan Gimnastika Federasiyasının idmançıları aktyor kimi çıxış ediblər.
Doğru yolu seçməkdə Oğlan və Qıza məhz Həyat Kitabı kömək edir. Çünki əcdadların müdrikliyi və ruhunun gücünün sirri bu kitabda göstərilib.
Ardınca Oğlan və Qız laqeydliyə işarə olan güzgülü insanların əhatəsinə düşüblər. Bu sonsuz labirintlər uşaqları ruhdan salır, lakin onlar Odu yada salırlar və “Atəşgah” ruha və millətin gücünə inam atəşi ön plana çıxıb. Zərdüştlərin “Atəşgah” məbədinin sönməyən alovu əsrlər boyu dünya zəvvarlarını cəlb edib. İllər, əsrlər keçir, dünya dəyişir, məbəd isə olduğu kimi qalır və iztirab çəkən insanların yoluna işıq salır.
Akrobatika və rəqs texnikalarının nümayişi rəqabətə işarədir. Uşaqları düşmənçilikdən, ədalətsiz rəqabətdən isə sehrli Xarı Bülbül gülü qoruyur. Sülh və sevgi rəmzi sayılan bu gülün yalnız Azərbaycanda bitdiyini də vurğulamaq lazım gəlir. Görünüşünə görə Xarı Bülbül gülü bülbülə bənzəyir: iki ləçək bülbülün qanadlarını, mərkəzdəki tək ləçək isə dimdikli quş başını xatırladır. Gülün adı da elə bu bənzərlikdən yaranıb. Bu valehedici və zərif güllə bağlı xeyli əfsanə və rəvayət mövcuddur.
Uşaqlar şəxsiyyətsiz insanlarla üzləşəndə çətin duruma düşürlər. Bu zaman isə köməyə Ananın bişirdiyi çörək çatır. Çörək onlara yaşam gücü verir. Ailənin, inamın gücü və Vətən sevgisi qəhrəmanları zəfər yoluna qaytarır. Bu an zalda muğam səslənib.
Qələbə çalmaq üçün təkcə istək azdır. Bundan ötrü həm də güc, çeviklik, dözümlülük, mübarizlik və dəqiqlik lazımdır. Bu xüsusiyyətləri səhnədə azərbaycanlı idmançılar nümayiş etdiriblər. Onların ifasında bir-birindən çətin, mürəkkəb tryuklər böyük maraq doğurub. Oğlan və Qızın əllərində tutduqları qələbə rəmzi Zeytun budağından böyük zeytun bağı yaranıb.
Sonda bütün iştirakçı ölkələrin bayraqları dalğalandırılıb və XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi başa çatıb.
Qeyd edək ki, Avropa Gənclər Olimpiya Festivalı 28 illik tarixə malikdir. Burada 14-18 yaşlı idmançılar müxtəlif növlərdə mübarizə aparırlar. Olimpiya Festivalının həm qış, həm də yay növləri mövcuddur və iki ildən bir tək illərdə keçirilir. Tədbir Olimpiya ənənələrini özündə əks etdirir. Gənc idmançılar üçün bu yarış bacarıqlarını göstərmək, nəyə qadir olduqlarını müəyyənləşdirmək mənasında əla fürsət, Olimpiya zirvəsinə gedən yolda böyük beynəlxalq təcrübədir. Olimpiya festivalı həm də idmançılar arasında möhkəm dostluğun rəmzidir.
Bakı Festivalı 15-cidir və iştirak üçün Azərbaycan paytaxtına 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gəlib. Atletlər 10 növdə - gimnastika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, atletika, voleybol və güləş yarışlarında bacarıqlarını nümayiş etdirəcəklər. Festival zamanı 12 idman obyektində təxminən 3500 könüllü fəaliyyət göstərir.


***

Saat 20:10

Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi başlayıb.
APA -nın məlumatına görə, yeddi gün davam edəcək yarışın rəsmi açılış mərasimi Bakı Kristal Zalında keçirilir.
Açılış mərasimini Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da izləyirlər.
Avropa Olimpiya Komitələrinə (AOK) üzv olan 50 ölkədən yalnız ikisi festivalda təmsil olunmur. Bunlar Ermənistan və Lixtenşteyn yığmalarıdır. Digər 48 ölkədən 3900-a yaxın nümayəndə heyəti yarış üçün paytaxtımızdadır.
İştirakçı ölkələrin keçəcəyi paradda Azərbaycan komandasının bayraqdarı cüdoçu Vüqar Talıbov olacaq.
14-18 yaşlı atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.
Qeyd edək ki, 1991-ci ildən keçirilən festivalı ilk dəfə qəbul edən Azərbaycan Bakı-2019-a ən böyük heyətlə qatılan yığmadır. Ölkəmizi 10 növdə 122 idmançı təmsil edir.























Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10