Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sənə yad əli dəyməyib, gülüm. Sən özün öz şaxında belə solmusan



Bu misralar dəyərli şairimiz Məmməd İsmayıla məxsusdur. 

Noyabrın 23-də unudulmaz şairimiz Məmməd İsmayılın Beynəlxalq Muğam Mərkəzində öz iştirakı ilə keçirilən keçirilən 85 illik yubiley tədbirinə mən dəqatılmışdım. Bakıya köçdüyüm 10 ay müddətində iştirakçısı olduğum tədbirlərdən ən unudulmazı  saysam, səhv etmərəm. Təxminən 200 nəfərlik zalda boş yer olmadığı üçünbəziləri məclisi ayaq üstdə izlədi, bəziləri əlacsızlıqdan   elə foyedən qayıtmalı oldu.

Məmməd İsmayıl bizim gəncliyimizin şairidir.

Onun  bir-birindən gözəl, insanın ruhuna, necə deyərlər, bal kimi, qaymaq kimi yayılan şeirləriçoxlarımızın dillər əzbəri idi.

90-cı illərin  sonunda Məmməd İsmayılın rəhbərliyi ilə 300 min tirajla  çıxan Gənclik” və “Molodost “ jurnalı bir tarix idi. O dövrün gənclərinin çoxu indi qocalsa da, Məmməd İsmayılın “Gənclik” jurnalı 40 ilə yaxındır ki, qocalmır. Tiraja diqqət etdinizmi- 300 min tirajı!!! Hələ ki, Azərbaycan mətbuatında bu rekordu qıran olmayıb.  1988-ci ildə, Sovet hökumətinin hələ dağılmadığı vaxtda işıq üzü görən bur jurnal içimizdəki həqiqət aclığını, cəsarət aclığını, azad söz aclığını xeyli ovuda bildi. 

3 saatdan artıq davam edən bu təbirə Sabir Rüstəmxanlı moderatorluq edirdi. Bu qəbilədən  digər tədbirlərdən fərqli olaraq bu məclisdə çıxış edən akademik də, millət vəkilləri də, yazarlar və xanəndələr də elə səmimi, elə ürəkdən danışırdılar ki, adam heyranlığını gizlədi bilmirdi.

Doktor Rəşid müəllimdən tutmuş, bədi qiraətçilər Ağalar Bayramov, Xəzər bəy, yazarlar Şərif Ağayar, Akif Əhmədov... Məmməd İsmayılın Şah misralarından,  Şah bəndlərindən elə nümunələr gətirirdilər ki, duyğulanmamaq çətin idi. Kimisi “Hələ yaşamağa dəyər bir az da”, kimi “Onun körpəsinin yaşı 3 aylıq, mənim həsrətimin yaşı  bir ildir, kimisi ,,Kimi alladırsan, ay zalım oğlu?” ... və digər şeirindən nümunələr gətirdi. Xanəndələr Gülyaz Məmmədova, Ayşan Mehtiyeva, Rövşən Əzizli, eləcə də aşıqlar məclisə özgə rəng qatdılar.

“Tovuz” qəzetinin şairin 85 illiyi ilə bağlı hazırladığı jurnalı da tədbirə gözəl hədiyyə kimi dəyərləndirməkolar. 

Bu məclisin sonunda, 15 il Türkiyədən qəriblikdən sonra  Vətənə qayıdan Məmməd İsmayıldan avtoqraf almaq istəyən, onun şəkil çəkdirmək arzusunda olanlar o qədər çox idi ki, açığı bizə növbə çatmadı.

Onu da xatırladım ki, bu yubiley məclisini birgə izlədiyimiz dəyərli yazarlarımız Şərif Ağayar və Süleyman Əlisa ilə  fürsətdən istifadə edib, razılaşdıq unudulmaz şairimiz. Həyatdan vaxtsız köçmüş, masallılı Böyükxan Pərvizin şeirlərini yaxın vaxtlarda birlikdə çapa hazırlayaq.

85 yaşın mübarək, dəyərli insan, dəyərli şair.

Elə düşünürəm ki, şair haqqında ən yaxşı söz elə onun öz şeirləridir.

Buna görə, bu yazımızı elə Məmməd müəllimin bir neçə şerini xatırlatmaqla bitirmək istəyirəm :

Onun körpәsinin yaşı üç aylıq,
Mәnim hәsrәtimin yaşı bir ildir.

Ay şair Әlәddin, şair dostunun
Açılmır qabağı-qaşı bir ildir.
Olub mәhәbbәtdәn illәr xәstәsi,
Ayılmır sevdadan başı bir ildir.

Yarın soyuqluğu yara dağ olar.
Ürәk istәmәsә, unutmaq olar.
Bilmirәm,  qәdәr yas tutmaq olar,
Qurumur gözümün yaşı bir ildir.

O atdı özünü varın qoynuna,
Bahar günlәrindәn qarın qoynuna.
Mәn hәsrәt çәkirəm yarın qoynuna,
Orda lәzәt çәkir naşı bir ildir.

Yenә dost әlinә qalıbdır çara,
Loğman ol, dәrdimә bir dәrman ara.
Dönüb könül mülküm xarabazara
Göyәrmir torpağı, daşı bir ildir.

Ay Mәmmәdhaqlıyar sәni subaylıq,
İslanar, quruyar verdiyi yaylıq.
Onun körpәsinin yaşı üç aylıq,
Mәnim hәsrәtimin yaşı bir ildir.

 

Qalxız kirpiyini gülsün dan üzü, 

Ağ-qara üstündən halə gözəldir.

 

Gözlərin çağlayan sevgi dənizi, 

Görənin açılar bəti-bənizi,

Qalxız kirpiyini gülsün dan üzü, 

Ağ-qara üstündən halə gözəldir.

 

Səhərin şehində gəz ayaqyalın, 

Meh əssin, çiyninə sürüşsün şalın,

Ayrı ləzzəti var yaşılla alın, 

Zəmilər içində lalə gözəldir.

 

Çəkməzsən qəhrini varın, yoxun sən, 

Şirin bir nəğməsən əgər oxunsan,

Dönüb qızıl olar daşa toxunsan,

Sənə sayə salan tale gözəldir.

 

Həsrətdən izinin adası mənəm, 

Sən eşqin özüsən, sədası mənəm,

Qara gözlərinin qadası mənə, 

Gözəldən gələcək bəla gözəldir.

 

Yar ola dərd bilə, yar olanda da, 

Yoluna göz diksin yorulanda da,

Eləsinə vurul vurulanda da, 

– Desinlər, ay Məmməd, əla, gözəldir.

 

Qoymayın dünyanı adiləşməyə

 

Elə ürəklər də zirvələr kimi

Qalsın o əvvəlki parlaqlığında.

Böyük məhəbbətin çəkin yükünü,

Araya tikanlı sözlər girməsin.

İşıqlı arzular solmasın deyə

Evlənən gününün səhəri günü -

Qoymayın dünyanı adiləşməyə.

 

"İşıqda kölgə var, kölgədə - işıq",

Dağ düzdən ucadır, sevinc - kədərdən.

Ay günün nuruyla tapar yaraşıq,

Şəfəqlə ayrılar axşam səhərdən.

İki sevən qəlbin yaxınlığından

Sevinc sıxlığındanişıqlığından

Qəm macal tapmasın yada düşməyə,-

Qoymayın dünyanı adiləşməyə.

 

Əriyər buzları məhəbbətin də

Tutaş kirpiklərin sıx ormanları

Dönər öpülməmiş bir küt çeşməyə.

Yaşayın arzular səltənətində,

Qaldırın məhəbbət həyəcanları

Qoymayın dünyanı adiləşməyə.

 

 

“Yanıqlıyam “anasının əlindən, 

Nə yaxşı ki, xalasına bənzəyib.

 

Deyirlər ki, qız bibiyə oxşayar,

Mənim balam xalasına bənzəyib.

Anasının bacıları bir deyil,

Üzündəki xal hansına bənzəyib?

 

Dam dolusu toyu çəkib - birinə,

Şirinlikdə suyu çəkib - birinə.

Ucalıqda boyu çəkib - birinə, -

Balaca Qız qalasına bənzəyib.

 

Anasını çıxarmayıb yadından,

Od alıbdır gözlərimin odundan.

Ad alıbdır nənəsinin adından,

Şirin-şəkər laylasına bənzəyib.

 

Gəlişindən evimizə gün düşüb,

Qonşulara haray düşüb, ün düşüb.

Hansı alma budağından gen düşüb?!

Körpə ceyran balasına bənzəyib.

 

Kirpikləri yaranışdan hörgüdür,

Təbiətin təşbehidir, görküdür.

İkimizin arasında körpüdür,

Bir az mənə, bir az ona bənzəyib.

 

Nə az, nə çox, on ay keçib ilindən,

Təzə-təzə sözlər bitir dilindən.

"Yanıqlıyam" anasının əlindən, -

Nə yaxşı ki, xalasına bənzəyib…

 

Cenub.az üçün hazırladı: Zahir Əmənov

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10