Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Köhnə ideyaya qayıdış: NATO qoşunları Ukraynaya göndərilsin!


Qabrielius Landsberqis: “Makronun ideyalarına yenidən baxılmalıdır, həm də gec olmadan”

Rijo Terhas: “Əminəm ki, avropalılar öz qoşunlarını Ukraynada yerləşdirmək fikrinə qayıtmalıdırlar”

Avropada Şimali Koreya əsgərlərinin Rusiyada peyda olmasından sonra yenidən Ukraynaya qoşun göndərilməsi müzakirə edilir. Fransa Prezidenti Emmanuel Makronun ilin əvvəlində dilə gətirdiyi NATO qoşunlarının Ukraynaya göndərilməsi ideyası Şimali Koreyadan olan əsgərlərin Rusiya qoşunlarının sıralarına qatılması xəbərindən sonra müzakirə predmetinə çevrilib.

Litvanın xarici işlər naziri Qabrielius Landsberqis “Politico” nəşrinə bildirib ki, Şimali Koreyadan olan hərbçilərlə bağlı məlumat təsdiqlənərsə, NATO ölkələri Ukraynaya qoşun yeritmək məsələsinə qayıtmalı olacaqlar: “Biz cavab verməkdə hələ də gecikirik. Makronun ideyalarına yenidən baxılmalıdır, həm də gec olmadan”.

“Litva müvafiq koalisiya yaradılarsa, təlimatçılarını dərhal Ukraynaya göndərməyə hazırdır. Söhbət Rusiya Federasiyasının tammiqyaslı işğalından əvvəl artıq Ukraynada olan insanlardan gedir. Biz Ukraynaya əvvəl orada olanları geri göndərə bilərik. Mən sizə deyirəm ki, Litva, məsələn, Fransanın başçılıq etdiyi, Ukraynada əsgər hazırlayacaq koalisiyaya qoşulmağa hazırdır", Litvanın xarici işlər naziri vurğulayıb.

Qeyd edək ki, oktyabrın 18-də Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti bu ay Rusiyaya Ukrayna ilə müharibədə ona dəstək olmaq üçün 12 min Şimali Koreya xüsusi təyinatlısını göndərəcəyini açıqlayıb. Bildirilib ki, hərbçilərdən 1500 nəfəri artıq Ukrayna cəbhəsinə yerləşdirilib. Qalan hərbçilərin isə Uzaq Şərqdə təlim keçdiyi bildirilir.

Eyni vaxtda Ukrayna Prezident Volodimir Zelenski bəyan edib ki, Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə 10 min əsgər göndərib. Rəsmi Kiyevin iddiasına görə, hətta koreyalı xüsusi təyinatlılardan müharibədə həlak olanlar da var.

İyun ayında Pxenyana səfəri zamanı “Koreya xalqının ən əziz dostu” Putin ilə Kim Çen Rusiya Federasiyası və Şimali Koreya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb. Saziş ölkələrin bir-birinə hərbi yardım göstərməsini nəzərdə tutur. O vaxta qədər Kim Çen demək olar ki, bir il idi Putinin ordusunu artilleriya mərmiləri ilə təmin edirdi. Sonra Rusiyaya raketlər tədarük edildi. İndi isə əsgərlər göndərilir.

Bazar ertəsi NATO-nun baş katibi Mark Rutte Cənubi Koreya Prezidenti Yoon Seok-yeoldan Şimali Koreya əsgərlərinin Rusiyaya göndərilməsi ilə bağlı Alyans liderlərini məlumatlandırmaq üçün nümayəndə heyəti göndərməyi xahiş edib. Seul öz kəşfiyyatçılarını təkcə Brüsselə deyil, həm də Ukraynaya göndərmək niyyətindədir. Cənubi Koreyanın kəşfiyyat mənbəsi “Yonhap” xəbər agentliyinə bildirib ki, “Rusiyaya dəstək üçün göndərilən Şimali Koreya xüsusi təyinatlılarının taktikasına və döyüş qabiliyyətinə nəzarət etmək üçün Ukraynaya şəxsi heyətin göndərilməsi ehtimalı var”.

Nə Rutte, nə də ABŞ-ın müdafiə naziri Lloyd Ostin hələlik Cənubi Koreya və Ukraynanın bəyanatlarını təsdiqləməyiblər. 2011-2018-ci illərdə Avropa Parlamentinin üzvü olmuş estoniyalı Rijo TerhasRutte və Ostinin açıqlamasını “heç nə etməmək üçün bəhanə” hesab edir: “Mən əminəm ki, Şimali Koreya əsgərlərinin Rusiyaya göndərilməsi ilə bağlı xəbərlər tezliklə təsdiqlənəcək. Çünki onlar həqiqətən də Rusiyaya göndərilib”, Tehras “Politico”ya deyib.

Terhasın sözlərinə görə, Putin “çarəsizlikdən” Kim Çenlə razılaşıb: “Çünki onun cəbhədə kifayət qədər əsgəri yoxdur və Kreml rəhbəri səfərbərlik elan etmək istəmir”.

Estoniyalı hesab edir ki, Şimali Koreya xüsusi təyinatlılarının müharibədə iştirakının döyüş meydanında minimal təsiri olacaq: “Minlərlə rusdilli olmayan hərbçilərin döyüşlərə cəlb edilməsi əməliyyat zamanı çətinliklər yaradacaq. Bununla belə, əminəm ki, avropalılar öz qoşunlarını Ukraynada yerləşdirmək fikrinə qayıtmalıdırlar”.

Fransanın müdafiə naziri Sebastyan Lekornu uzunmüddətli olsa da, bu variantın lehinə danışıb: “Təsəvvür edin ki, atəşkəs və ya sülh müqaviləsi var. Amma siz başa düşəcəksiniz ki, Rusiyadan gələn yeni təhlükəni dəf etmək üçün Ukrayna ərazisinə adi çəkindirici qüvvələrin yerləşdirilməsi məsələsi açıq şəkildə həll edilməli olan məsələdir".

Londonda isə Şimali Koreyanın hərəkətləri ilə əlaqəsi olmasa da, Ukraynaya hərbi təlimatçıların göndərilməsi imkanları araşdırılır. Britaniya silahlı qüvvələrinin rəsmiləri Ukraynanın ucqar bölgələrində yeni çağırışçılar üçün intensiv təlimlərin təşkilini müzakirə edirlər. Bu barədə məlumatı olan iki şəxs “The Times”a bildirib. Onların fikrincə, bu, Ukrayna əsgərlərinə Böyük Britaniyada təlim keçərkən yaranan bəzi maddi-texniki problemləri həll edəcək və pula qənaətə səbəb olacaq.

“Avropa İttifaqı münaqişə bitdikdən sonra Ukraynaya qoşun yeritməlidir”. Bu sözləri isə “Politico”ya müsahibəsində ABŞ-ın Yaponiyadakı keçmiş səfiri Kennet Vaynşteyn deyib.

“Ukrayna və Rusiya arasında hərbisizləşdirilmiş zona varsa, mən təklif edərdim ki, bu zonada NATO qoşunları və ABŞ qoşunları deyil, Avropa İttifaqının qoşunları yerləşdirilsin”, - ABŞ-ın keçmiş diplomatı bildirib.

Vaynşteyn Avropa İttifaqını təhlükəsizlik zəmanətlərinin təmin edilməsi çərçivəsində Ukraynaya qoşun göndərməyə hazırlaşmağa çağırıb. Diplomatın fikrincə, Avropa İttifaqının Kiyevə mühüm təhlükəsizlik zəmanətləri verməsi kritik dərəcədə vacibdir.

Diplomat əlavə edib ki, qoşunların Ukraynaya yerləşdirilməsi birləşmə niyyətlərinin ciddiliyini göstərəcək.

Daha əvvəl “Politico” mənbələrə istinadən yazıb ki, Avropa İttifaqı Ukraynaya sülhməramlıların göndərilməsini müzakirə edəcək. Avropa rəsmisinin sözlərinə görə, Ukraynaya sülhməramlı kontingentin göndərilməsi məsələsi gec-tez ortaya çıxacaq.

Müəllif: Turan Abdulla. Ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10