REAL sədri: “Nəyinsə əleyhinə olan birlik modelləri uğurlu olmur, amma nəyinsə lehinə birləşmək, koordinasiya edilmiş fəaliyyət göstərmək olar”
Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrindən seçkidə iştirak edən müxalifət partiyalarının əksəriyyəti narazı qaldılar. Hansı ki, bu partiyaların əksəriyyəti iqtidarla dialoq prosesində iştirak edirlər. Ümumi seçki dövründən yox, məhz səsvermə günü baş verənlərdən narazı olan müxalif təşkilat rəhbərlərinin bir neçəsi səslərin sayılması prosesində qanun pozuntularına yol verildiyini iddia etdilər. Seçici fəallığının həddən artıq aşağı olmasından da narazı və narahat olan siyasi qüvvələr növbəti seçkilər zamanı bu durumun yaşanmaması üçün aktivləşməyin vacibliyini hesab edirlər. Bəzi partiya sədrləri tərəfindən müxalifət partiyalarının birgə, koordinasiya olunmuş formada fəaliyyətinə çağırışlar edildi. Hansısa birlik, hərəkat modelində mübarizə aparmaq təklifləri səsləndi. Amma sanki müxalif təşkilatların hamısı bunda maraqlı deyil. Bu zaman ortaya sual çıxır: müxaliflərin birləşməsi niyə alır?
Respublikaçı Alternativ Partiyasının (REAL Partiyası) yeni sədri Natiq Cəfərli AYNA-nın mövzu ilə bağlı suallarını cavablandırıb. N.Cəfərli əvvəlcə REAL-ın əvvəlki sədri İlqar Məmmədovun istefasından sonra sədr postuna gəlişi və hansı işlər görəcəyini açıqlayıb:
- Birincisi onu qeyd etmək lazımdır ki, İlqar Məmmədovun istefa addımı bir örnək yaratdı. Biz adətən Azərbaycanda partiyaları tək adama bağlı, tək adamın liderliyi altında görmüşük. Yəni bir şəxs olur, bir də onun çevrəsi və həmin şəxs sədrlikdən heç vaxt getmir. 20 il, 30 il partiya sədri postunda qalanlar var. İlqar Məmmədovun istefa verməyi ilklərdəndir.
Onu da deyim ki, REAL-ın Siyasi Komitəsində 8 nəfər təmsil olunur və həmin 8 nəfər kollektiv ağıla, kollektiv idarəetmə mexanizminə malikdir. Sədr Siyasi Komitənin qərarlarını yerinə yetirməklə mükəlləfdir. Bizdə sədri qurultay yox, Siyasi Komitə seçir. Əsas səlahiyyətli orqan da Siyasi Komitədir. İlqar Məmmədov öz açıqlamasında da qeyd etdi ki, uzun illərdir seçki təbliğatı aparmasına baxmayaraq, səsəverməyə gələnlərin az olması, seçki dövründə partiyanın uğurunun artmaması dəyişiklik tələb edir. Bir deputatla təmsil olunurduq, yenə də bu seçkilərdə bir mandat qazandıq.
Mənim sədrliyimə gəlincə, əslində mən İlqar Məmmədovun istefasına qarşı idim. Çünki bizim əsas vəzifəmiz seçki institutu təsisatının gücləndirilməsi olmalıdır. Tam demokratik seçkiyə getməliyik ki, ondan sonra nəticəni aydın görə bilərik. O zaman “biz doğrudanmı uduzduq?”, “doğrudanmı seçicilər bizi dəstəkləmir?” kimi suallara cavab tapa bilərik. İlqar Məmmədovun əsas narazılığı seçkilərdə uğur qazanmamaq yox, seçkilərə insanların az gəlməsi ilə bağlı oldu. Belə hesab etdi ki, vətəndaşlara seçkidə iştiraka çağırsaq da, gözlənilən nəticə əldə olunmadı. Həqiqətən də Azərbaycanda seçki tarixində bundan aşağı seçici iştirakı olmayıb. Rəsmi nəticənin özü də göstərir ki, Azərbaycanda parlament seçkilərinə inamı azalıb. Vətəndaş Milli Məclisdən gözlədiyini almır. Əksinə, qəbul olunan qanunlar, qərarlar vətəndaşın əleyhinədir.
Siyasi Komitənin qərarı ilə sədr kimi mən posta gəldim. Bizim əsas vəzifəmiz partiya olaraq növbəti parlament seçkilərinədək əhali ilə daha sıx işləmək, insanları parlamentin vacib institut olmasına inandırmaq, öz səhvlərimizdən nəticə çıxarmaqdır. Əvvəlki siyasət, yəni insanları seçki ilə dəyişikliyə inandırmaq kursu mənim sədrliyim dövründə də davam etdiriləcək.
- Nəticə verəcəyinə inanırsınızmı?
- Hər halda partiya olaraq bu siyasəti həyata keçirməyi qarşımıza vəzifə olaraq qoymuşuq. Seçiciləri parlamentin vacib institut olmasına inandırmaq lazımdır. Əslində bu, Azərbaycan hakimiyyəti üçün də vacibdir. Çünki seçkiyə inam olmayan cəmiyyətdə antikonstitusion yollarla hakimiyyətə gəlmək istəyi baş qaldıra bilər, hansısa hərəkətlilik yaranar. Biz bunun heç birini istəmirik. Nə Azərbaycan hakimiyyəti, nə vətəndaş, nə də ağlı başında olan siyasi partiyalar antikonstitusion hərəkətləri istəyir. Deməli, Azərbaycan hakimiyyəti də bu haqda düşünməlidir ki, leqal üsullarla öz etirazını bildirməkdən, seçkilərdə aktiv iştirak edərək hökumətə mesaj vermək üsulundan məhrum olan vətəndaş başqa “qapıya” üz tutacaqlar. Onlar radikal üsullarla hakimiyyətə gəlmək istəyən qüvvələrin cəhdlərini artıra bilərlər. Bu isə heç kimə lazım deyil və ölkəmiz üçün təhlükədir. Ona görə də biz iqtidarlı-müxalifətli oturub düşünməliyik ki, insanlar niyə seçkiyə gəlmir, niyə parlamentə inanmır. Məsələn, prezident seçkilərində seçici aktivliyi parlament seçkilərindəkindən az qala üç dəfə çox idi. Sual olunur: insanlar niyə prezident seçkilərində səs verməyə gəlir, parlament seçkilərində yox? Bunun üzərində ciddi düşünmək lazımcıd.
Tək bizim partiya üçün deyil, bütün siyasi qüvvələr üçün çox vacib hədəf o olmalıdır ki, insanların seçkidə fəal iştirakına nail olunsun. Vətəndaşlarla yaxın dörd ildə elə işləmək lazımdır ki, insanlarımız seçkiyə gəlsin, səslərini versinlər. Təbii ki, yenə növbədənkənar parlament seçkiləri olmayacağı təqdirdə dörd ili deyirəm. Ehtimal var ki, bu çağırış Milli Məclisin də “ömrü” az olacaq, növbədənkənar seçkilər keçiriləcək. Konstitusiya dəyişikliyi olsa, proporsional seçki sistemi bərpa edilsə, o zaman növbədənkənar seçkilər təyin edilə bilər. Olmasa da, 2028-ci ilin noyabr ayında parlament seçkiləri keçirilməlidir. Dörd il iki ay müddətimiz var ki, vətəndaşlarla daha fəal işləyək, seçkilərə təşviq edək.
- Yəni ki, inamı yaratmaq mümkün olacaq?
- Əlbəttə, çalışıb insanlarda parlament institutuna inamı, seçkiyə inamı artırmaq mümkündür. Vətəndaşlarımıza deməliyik ki, ola bilər ümidi yoxdur, inamı yoxdur, amma seçkidə iştirak etməklə, səs verməklə nə itirir ki?! Cəmi 10-15 dəqiqə zamanı gedəcək, pul itirmir, var itirmir. İnsanlarımızı öz bülletenlərinə sahib çıxmağa təşviq etmək lazımdır. Təəssüf ki, illərdir insanlarımızın təfəkküründə formalaşan budur ki, “onsuz da mənim səsim vacib deyil, seçkiyə nəyə gedirəm, onsuz da seçilən seçilib”. Əvvəlcə biz bu təfəkkürü dəyişməliyik. İnsanlar anlamalıdırlar ki, onun səsi çox şeyi dəyişir və çox şeyə təsir edir. Hər halda, REAL bu istiqamətdə fəaliyyətini davam etdirəcək və çalışacağıq ki, növbəti seçkilərdə istəyimizə nail olaq.
- Seçkilərdən sonra iqtidarla dialoqda olan bəzi partiyalardan müxalifətin birgəliyi, hərəkat və ya hansısa formada fəaliyyətinin koordinasiyası barədə təkliflər səsləndirildi. Buna münasibətiniz necədir və effektiv olacağını düşünürsünüzmü?
- REAL Partiyası istənilən ictimai-siyasi qüvvələrlə danışıqlara, müzakirələrə açıqdır. Amma birlik modelləri sonradan özünü doğrultmayaraq daha da insanları xəyal qırıqlığına uğradan formatlardır. Azərbaycanda indiyədək müxalifətin 10-12 birlik modelləri olub, hamısı da ciddi nəticələrə səbəb olmayıb. İdeoloji fərqləri olan, məsələlərə fərqli baxışları, yanaşmaları olan siyasi partiyaların hansısa platformada birləşməsinin səbəbi, motivi olmalıdır. Nəyinsə əleyhinə olan birlik modelləri uğurlu olmur, amma nəyinsə lehinə birləşmək, koordinasiya edilmiş fəaliyyət göstərmək olar. REAL Partiyasının proqram sənədləri, məqsədlər “realplatforma.org” saytında yerləşdirilib və tam açıqdır, şəffafdır. Hətta təkliflər bölməsi də saytda açıqdır, hər kəs təkliflərini ünvanlaya bilər. Biz duruşumuza, dünyaya baxışımıza, iqtisadi, siyasi məsələlərə yanaşmamıza uyğun olaraq istənilən siyasi qüvvə ilə danışmağa, problemlərin həllinin yolları barədə birgə müzakirələrə hazırıq. Amma bunun hansısa birlik formasında olmasına ehtiyac da yoxdur, uğurlu da olmur. Demirəm ki, birliklər pisdir, amma bunun Azərbaycanda uğurlu örnəkləri yoxdur.
- İqtidarla dialoq demişkən, bu yaxınlarda Prezident Admistrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə görüşmüsünüz. Buna münasibət birmənalı olmadı. Bəziləri son parlament seçkilərinin nəticələrinə istinad edərək belə görüşün mənasız olduğunu, dialoqun effekt vermədiyini düşünürlər...
- Belə düşünənlərin alternativi varmı? Mən görüş haqqında, nələrin müzakirə olunması haqqında açıqlama vermişəm. Görüş zamanı siyasi partiyaların fəaliyyəti, son seçkilər, “Siyasi partiyalar haqqında” qanunda bəzi pozitiv dəyişiklik təklifləri ilə bağlı fikir mübadiləsi apardıq. Bizim iradlarımızı, təkliflərimizi görüşdə diqqətə çatdırdım. Bunun nəyi pisdir ki?!
Dialoqun davam etməsini vacib sayıram. Görüş iqtidar-müxalifət münasibətləri baxımından müsbət dinamikadır. REAL Partiyası təbii ki, iqtidar-müxalifət arasında normal, sağlam dialoqun olmasının, müəyyən məsələlərin açıq müstəvidə müzakirəsinin tərəfdarı olub və bunu dəstəkləyib, dəstəkləyir. Çünki iqtidarla müxalifət düşmən deyil, rəqibdir. Biz düşmənlikdən rəqabətə keçən yolu doğru sayırıq. Rəqabət zamanı ortalıqda müxtəlif məsələlərin müzakirəsi, problemlərin həlli yolunun birgə çözülməsi ölkədə pozitiv iqtidar-müxalifət münasibətlərinin görüntüsünə və gözləntisinə çevrilir.