Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəlilabadlı qızı Bakıya aparıb, təcavüz ediblər, maşınla üstündən keçiblər



Cəlilabad rayonunun Üçtəpə kənd sakini 1995-ci il təvəllüdlü Aytəkin Qəzənfər qızı Həbibova dekabrın 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. 

A.Həbibovanın anası Mehbarə Həbibova  söhbəti zamanı bildirib ki, qızı ruhi xəstədir və buna görə   ailəsi də dağılıb. Sahədə fəhlə işləyən A.Həbibovanın başına isə gəlməyənlər qalmayıb: 

“Qızımı bu ilin noyabr ayında aparıb döyüb gətirib qapıya atmışdılar. Bunu edənlər isə kənd sakinləri Yarıyev Sadığın Nemət, Ramil, Səxavət adlı oğlanlarıdır. Aytəkin fəhlə işləyirdi və qızımı iş adıyla aldadıb aparıb Bakıda bir neçə gün saxlayıblar. Sonra isə Ramilin qapısına gətirərək döyüblər və axırda da Ramil maşınla qızımın üstündən keçib. Gecə saatlarında da qızımı gətirib qapıma atmışdılar. 

Sonra da qardaşım gedib Aytəkini götürüb Cəlilabad rayon Polis Şöbəsinə apardı və orda ərizə yazaraq bildirdi ki, məni döyüb, təcavüz ediblər. 

Dekabr ayının 16-da gecə saatlarında Aytəkin həyətə düşdü və qayıtmadı. Biz də həyətə çıxıb onu axtarmağa başladıq, amma tapa bilmədik. O vaxtdan bu günə kimi də Aytəkin yoxdur. 

Aytəkinin başına bu oyunu açan şəxslər isə çox təəssüflər olsun ki, həbs edilmədi. İndi də kənddə gəzirlər. 

Mənə deyirlər ki, bizim pulumuz var və heç kim bizə heç nə edə bilməz. 

Bu Səxavət adlı şəxs ötən il başqa bir qızın da başına bu oyunu açdı və o, qız da ortalıqda qaldı. 

Aytəkin bir dəfə ailə qurub və sonradan psixoloji problemi olduğu üçün ailəsindən ayrıldı. İndi dörd yaşında bir qız övladı var. 

Qızım xəstəliyinə görə Cəlilabad rayon Mərkəzi Xəstəxanasında və Bakıda müalicə olunub. Həyat yoldaşım 6 il öncə dünyasını dəyişib. Beş övladım var və Aytəkin də evin kiçik qızı idi”. 


Söhbətimizə Aytəkinin dayısı Məzahir Yaqubov da qoşuldu və bacısının dediklərini təsdiq edərək bildirdi ki, bu məsələyə qanun çərçivəsində müdaxilə olunmazsa, iki ailə arasında böyük münaqişə baş verə bilər: 


“Aytəkin bacım qızıdır. Burda cinayət törədilib və doqquz aydır ki, bacım qızı yoxa çıxıb. Bununla bağlı polisə də, prokurorluğa da müraciət etmişəm. Amma təəssüflər olsun ki, hələ heç bir tədbir görülməyib. Hadisəylə bağlı Cəlilabad rayon Polis Şöbəsində cinayət işi açılıb, amma nəticə yoxdur. Aytəkin ruhi xəstədir və buna görə də ailəsindən də ayrılıb. Bakıda Nevroloji xəstəxanada və Cəlilabad rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır. Aytəkinin tapılması mümkündür və bunu Bakıda soraq etsələr, tapılar. Bacım neçə dəfə istəyib ki, özünü yandırsın, amma qoymamışam. Mən iki ailə arasında qan davasının qarşısını almışam, çünki bu namus məsələsidir, hər şey ola bilər. Xahiş edirəm aidiyyatı qurumlar tədbir görsünlər”. 


Vasif Əlihüseyn






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10