Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Nicat NOVRUZOĞLU: Sovetin vaxtı-1



Vallah heyif, billah heyif. Heyif, sovetə.

Sən də, mən də bu heyif sözünü dilimizə gətirməsək, müstəqillik, azadlıq barədə geninə boluna nə qədər danışsaq da soveti görənlər adamın qarşısına elə şeylər, zadlar, arqumentlər qoyur ki, qalırsan belə. Boynun bükülür. Deyirsən kaş ki, bir az sovetdə yaşayardım. O günləri görərdim.
Doğrusunu desəm, soveti görmüşəm. Amma çoz az. Yadımda qırmızı qalustukum qalıb. Hər kəsin eyni cür geyindiyi məktəbli forması qalıb.
Parad da yadıma düşür.
Sonra bilirəm ki, o vaxt təhsil pulsuz idi. Müəllimlər bizdən pul yığmırdılar. 8 martda istəsən müəllimənə hədiyyə verərdin, istəməzdin verməzdin. Day səni verməməyə görə gözüm çıxdıya salan yox idi. Dərs sentyabrın 1-i başlayardı mayın 25-də bitərdi. Son zəng isə super keçərdi.
Pioner düşərgələri var idi. Hərçənd, mən o düşərgələrdə olmasam da gedib-gələn sinif yoldaşlarımız ağız dolusu danışardı. Əsas o idi ki, pulsuz idi. Dövlətin hesabına.
Sonra yadıma düşür ki, iki dəfə sovetin paytaxtına getmişik. Cüzi xərcimiz çıxıb. İndi Qubaya gedib bir o qədər qalsaq gərək başımızdan çıxan tüstüyə 1 ay baca qoşaq ki, tüstümüz camaatı boğmasın.
Və s.
Köhnələrlə söhbət edəndə yaman heyfislənirəm. Düşünürəm ki, kaş heç olmasa ömrümün 30 ilini sovetdə yaşayaydım.
Sovetin dadını çıxardanlar danışdıqca görürsən ki, insanlarda ümid, nikbinlik olub. Ciblərindəki pulu rahatca xərcləyə biliblər. Arxayın olublar ki, sabah yenə qazana biləcəklər.
Kasıb oxuyub katib, prokuror olurmuş. Day-dayı dövlət imiş.
Hər kəs demək olar ki, eyni maşın sürürmüş. Nömrə nişanları da eyni qiymətə. Qanun hamıya aid olub. Qanundan qaçmaq olmazdı. Heç yanından keçməkdə olmurmuş.
İnstitutu bitirən gənclər özlərinə iş yerini rahatca tapa bilirmişlər. İşə girən kimi adlarını yazdırarmışlar mənzil növbəsinə. Gənc kadr kimi onları tezliklə mənzillə də təmin edərlərmiş ki, qoy ev dərdi çəkməsinlər. Bütün güclərini biliklərinə, savadlarına yönəltsinlər. Elmlərini inkişaf etdirsinlər. Cəmiyyət üçün yaşasınlar, yaratsınlar.
Kimin ağzı nə idi ki, kimisə haqsız yerə işdən çıxardaydı. Bir məktub yazardın Kremlə gəlib dədəsinə od vurardılar.


150 rubl ilə kef edərmiş camaat. SSRİ-nin bu başından girib o başından çıxmaq olarmış.
Ərzaq və dərmanlara xüsusi diqqət yetirilirmiş. Düşmənləri çox olduğundan sovet ehtiyatlı davranırmış. Qoruyurmuş millətini. Ərzaq keyfiyyətli, dərman təsirli imiş.
Deyirlər ki, o vaxt səhiyyədə bir belə müasir avadanlıq olmasa da hər şey yaxşı idi. Həkim məsuliyyətli olurdu.
İnsanlar olduğu kimi gözəl imiş. Estetik əməliyyatsız da.
Hər kəsin çöhrəsində zəhmət var imiş.
Təhsil də yüksək səviyyədə. Qiyməti 2 ilə 5 kifayətləndirirdi. Oxumayan peşəyə yiyələnirdi. Dövlətin məqsədi hər kəsi oxutmaq idi. Cəmiyyətə yararlı etmək idi. İndi də o vaxtki təhsili almışlara güvənirik. Niyə də güvənməyək ki?
Cəza da var imiş. Cinayət cəzasız qalmazmış. 1 qəpik üstündə tutularmış cinayətkar.
Yuxarılara yazanda mütləq reaksiya olurmuş. Haqq-ədalət dalınca qaçanda istədiyinə çatırmışsan.
Hər kəs ekranı sevirmiş. Mənəviyyatı saflaşdıran verlişlər bol imiş. "Səhər görüşləri”, "retro”, "dalğa”... Ekranda heç kim "şpaqat” açmırmış. Səsi olanlar oxuyurmuş. Ekrana çıxanlar bədənləri, fiquraları, geyimləri ilə yox, intelektləri ilə seçilirmişlər. Qalmaqalsız.
Dövlət "putyovka” verərdi. SSRİ tərkibindəki bütün sanatoriyalar, istirahət mərkəzləri sənin idi. Hara istəyirsən get, kef elə.
Əxlaqsızlar yox səviyyəsində imiş. Olsa da varlığı yox imiş. Fahişələr heç fahişə yerinə də qoyulmazmış.
Qadınlar ekranda onları saxlayanlardan yox mənəviyyatdan danışırmışlar.
Qadınlar bir dəfə ərə gedərmişlər. Qadınlar dözümlü imiş. Dözüb arvad olurmuşlar.
Ailələr xoşbəxt imiş. Sevgi varmış. Uşaqların sayı ikidən çox imiş.
Kişilərə kişi deyirmişlər. Kişi sözü, namus, qeyrət var imiş.
Bir az dünyaya çıxış yox imiş.
Guya indi var deyə bütün günü xaricdəyik?
Köhnələr nə rahat dövran sürüblər.
Soveti dağıtdıq.
Nə vaxtı müstəqilik. Azadıq.
Görmürəm yuxarıda sadaladıqlarımı.
Yaxşı nəyimiz var idisə saxlaya bilmədik. Yaxşı olduğunu bilə-bilə başına vura-vura məhv etdik.
Yazırammı ki, sovetə dönək. Yazmıram.
Deyirlər müstəqil yaxşıyıq. Mən də razı. Yaxşı səslənir. Haqqında yaxşı da danışırlar.
Bəs bu köhnələr niyə demir ki, nə yaxşı ki bu dövrüdə gördük?
Çox uzatmayım. Fəsadı olar. Noolsun ki, müstəqiləm.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10