Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Min illərin sirri: gözləri rentgen, əlləri şəfalı “travmatoloq”lar... - REPORTAJ


news content
User
Kateqoriyalar

Reportaj


Doğurdanmı sınıqçılar xəstələri sağalda bilir?

16 Sentyabr 2024

2024-cü ildir, hələ də Azərbaycanda ara həkimləri - sınıqçılar, çöpçülər, türkəçarə müalicə üsulları tarixə qovuşmayıb. Əksinə, bir az da müasirləşib. Bəzi elan saytlarında sınıqçı, çöpçü elanları görmək adi hal alıb. Özü də işlərinə “100 faiz zəmanət” verirlər. Maraqlısı da budur ki, belə “peşə”lər ancaq bizdə yayılıb, digər ölkələrdə bu cür ara həkimlərinə rast gəlinmir...

Pressklub.az-ın ötən yazılarından birini çöpçülərə həsr etmişdik. Budəfəki yazımız isə sınıqçılarla bağlıdır.

Görəsən, doğurdanmı sınıqçılar sadəcə baxaraq və toxunaraq problemi bilib, onu sağalda bilirlər? Onlar bu bacarıqlara necə yiyələniblər? İnsanlar nəyə görə tibb elminə yox, xalq təbabətinə üz tuturlar? 

***

Əvvəl onların özünü dinləyək - deyib, Sumqayıt şəhərində fəaliyyət göstərən sınıqçı Nurxanımın evinə yollandıq. Qapıda əməlli-başlı növbə var. Hələ vaxtımız var, fürsətdən istifadə edib növbədə dayanan pasiyentlərdən biri ilə söhbətləşdik. Problemini və niyə həkimə yox, sınıqçıya üz tutmasının səbəbini soruşduq. 

- Üstünüzə sağlıq, sağ ayağımın baş barmağı yaman ağrıyır.  Bir dəfə uşaq vaxtı buraya gəlmişəm. Həmin barmağım ya çıxmışdı, ya da sınmışdı. Tam xatırlamıram. Onda Nurxanım xala nə isə edib, düzəltmişdi. Xeyli vaxtdır, həmin barmağım yenə ağrıyır. Hiss edirəm ki, problem var. Gəlmişəm ki, bəlkə o vaxt nəyisə düz etməyib, düzəltsin. Həkimlər baha olur. Ona görə bura gəldim. Həm də inanmıram ki, ciddi bir şey olsun. Yəqin masaj-filan edər, keçib gedər. Bundan ötrü klinikalara pul tökməyə əlim gəlmir.

- Axı adicə rentgenlə bunu öyrənə bilərsiniz. Rentgen çəkilişi var?

- Var, amma həkimə göstərməmişəm... həkimin qəbulu ödənişli idi. 

Çantasından rentgen çəkilişini çıxarıb, göstərir: 

Hər ehtimala gətirdim ki, sınıqçıya göstərim. Bəlkə daha yaxşı başa düşər, tez də sağaldar. 

- Bəlkə bu çəkilişi bir həkimə göstərək? Əlbəttə, icazənizlə…

Razılığını alan kimi rentgenin şəklini çəkib, uzman neyrocərrah Toğrul Cavadova göndərdik, problemin nə olduğunu söyləməsini xahiş etdik.  

 

Doktorun cavabı çox gecikmədi: “Burada heç bir problem görünmür. Sınıqçının edə biləcəyi bir şey yoxdur”.

Pasiyent təəccübünü saxlaya bilməyib, həkimlə özü ünsiyyətə keçdi. Soruşdu ki, problem yoxdursa, ayağı niyə ağrıyır? 

Doktor bildirdi ki, rentgendə problem görünmürsə, bu, heç bir problem yoxdur mənasına gəlmir: “Çünki rentgen yalnız sümüyü göstərir, yumşaq toxumanı göstərmir. Yəqin ki, sınıqçı barmağı dartanda bağları zədələyib. Ağrınız varsa, masaj etdirin. Əməliyyatlıq bir şey deyil. Bu, yumşaq toxumaya bağlı problemdir. Sümükdə heç nə yoxdur. Fizioterapiyaya getməli, masaj etdirməlisiniz. Yenidən sınıqçıya gedib sağlığınızı daha da təhlükəyə atmamağı tövsiyə edirəm”. 

***

Hə, növbə çatdı qəhrəmanımıza. Doğrusu, həkimlə söhbətdən sonra tərəddüd edib, geri dönmək istəyirdi. Amma dedik, birlikdə sınıqçının diaqnozunu və müalicə metodunu da öyrənək. Qəhvəyi rəngli taxta qapını aralayıb, içəri keçdik. Yarıqaranlıq və dar dəhlizdən keçib, köhnə, baxımsız və havasız otağına daxil olduq. Nimdaş geyimli, dolu, orta yaşlı qadın bizi qarşılayıb, əyləşməyi təklif etdi. Sınıq-salxaq divanda əyləşib, mətləbə keçdik. 

Rentgeni göstərməzdən öncə müsahibimiz problemlərini izah etdi. Sınıqçı da ona yaxınlaşdı, əlləri ilə həmin nahiyəyə toxunub, heç bir sual vermədən onu anladığını və problemi dərhal həll edəcəyini bildirdi. Problemin nə olduğunu soruşanda dedi ki, barmağı sınıb, sonra əyri bitib. Onu çəkərək (necə çəkəcəyi məlum deyil - red.) və ya masaj edərək düzəldə biləcəyini dedi. Xidmətin ödənişini soruşanda “10-15 manat versəniz, bəs edər”, - dedi. 

Həm zaman qazanmaq, həm də maraqlı gələn suallara cavab almaq üçün onu söhbətə tutduq:

- Necə olur ki, sadəcə baxaraq və toxunaraq problemi anlayıb onu sağalda bilirsiniz?

- Qızım,  gözümü açandan bu işin içindəyəm. Nənəm, anam, xalalarım hamısı sınıqçı olub. Özüm də 30 ilə yaxındır, sınıqçılıq edirəm. Yəqin burada illərin təcrübəsi, Allah vergisi, xüsusi istedad böyük rol oynayır. 

- Onda bu işi bacarmaq üçün tibbi biliyə ehtiyac yoxdur? Həkimlər bu biliyə yiyələnmək üçün illərini sərf edirlər. Sizcə, sınıqçılar bu işi həkimlərdən daha yaxşı edir?

- O baxır problemin böyüklüyünə. Adi sınıq və ya çıxıqdırsa, onu sağaltmaq mənim üçün iki dəqiqəlik işdir. Amma hərdən elə qəribə problemlər olur ki, onda çətinlik çəkirəm. Özüm deyirəm ki, bu iş mənlik deyil, həkimə get. Sadəcə, həkimlər çox yorur xəstəni. O qədər ora-bura göndərirlər ki, xəstə haldan düşür. Amma mən dərhal həll edirəm. Yəqin, ona görə xəstəm bu qədər çoxdur (gülümsəyir).

- Bəs öz yaxınlarınızın, ailə üzvlərinizin bu cür problemi olanda onları özünüz sağaldırsınız, yoxsa həkimə göndərirsiniz?

-Elə vaxt olur ki, bacarmadığım iş olanda həkimə göndərirəm. Amma bildiyim, bacardığım problem olanda özüm edirəm. 

Sonra üzünü pasiyentinə çevirir: “Hə, başlayaq?” 

Pasiyent isə fikrini dəyişdiyini, daha sonra gələcəyini söyləyib, ayağa durdu. Sınıqçı əvvəlcə duruxdu, sonra gec olacağını, ağrısının artacağını bildirsə də, xeyri olmadığını görüb, soyuq və kinayəli səslə “yaxşı, özün bilərsən”, - deyib, bizimlə xudahafizləşdi. 

Qapıdan çıxanda müsahibimiz təşəkkür edib, ayrıldı və elə səhəri gün həkimə gedəcəyini bildirdi... 

***

İndi isə keçək mövzunun nəzəri tərəfinə. Qədimdən bəri öz hakimiyyətini qoruyub saxlayan sınıqçılar doğurdanmı müəyyən problemləri sağaltmağa qadirdir? Tibb elmi onlarla bağlı hansı fikirdədir? Bəzi pasiyentlər deyir ki, həkim bilmədi, sınıqçıya yönləndirdi. Bu, nə dərəcədə doğrudur? Sınıqçılar insan həyatı üçün nə dərəcədə təhlükəlidir? Onların rentgensiz, sadəcə əl ilə toxunaraq problemi anlamaları realdırmı? 

Pressklub.az-ın suallarını cavablayan uzman neyrocərrah Toğrul Cavadov deyir ki, rentgenə baxıb problemi görə bilmək üçün uzun təcrübəyə və təhsilə ehtiyac var:  

 “Bunu, təbii ki, sınıqçılar anlaya bilməz. Hətta bəzən rentgen bizə bəs eləmir. Ətrafdakı toxumaları anlaya bilmək üçün MRT-yə (Maqnit Rezonans Tomoqrafiyası), damar-sinir komponentinə münasibəti anlamaq üçün də KT-yə (Kompüter Tomoqrafiyası) ehtiyac var. Çünki sınıq ətrafdakı damar və sinirlərə ciddi zərər verdiyi üçün məsələ çox ciddidir. Bu sahədə təhsili və təcrübəsi olmayan şəxslər problemi həll edə bilməzlər”. 

Müsahibimiz hesab edir ki, hansısa həkimin xəstəni sınıqçıya göndərməsinə inanmır. Sınıqçıların etdiyi də çox bəsit bir şeydir. Repozisiya, yəni yerdəyişmədir. Yeri dəyişmiş sümüyü çəkərək, yerinə qaytarırlar. Və sərt bir şeylə bağlayırlar. Bu da anesteziya altında olmur. Bu, insanlar üçün ciddi zərərdir: “Bunu həkim edəndə miorelaksant dediyimiz əzələləri yumşaldan dərman ilə edildiyi üçün bu proses daha az ağrılı və asan olur. Bu, tibdə istifadə olunanın daha kustar üsuldur. Ancaq təbii ki, sınıqçılar o sınığın ətraf toxumalara münasibətinin nə yerdə olduğunu bilmədikləri üçün xəstələrə ciddi şəkildə zərər verirlər”. 

Doktorun sözlərinə görə, çox yayılmış bel dartmaq prosesi də bəzi sınıqçılar, ara həkimlər tərəfindən heç bir MRT-yə baxmadan, nevroloji müayinə olmadan icra edilir. Bu da bəzi hallarda qarşımıza gələn ayağı işləməyən, sidiyini saxlaya bilməyən xəstə qrupu ilə özünü büruzə verir: “Deyə bilərsiniz, necə olur ki, bəzi xəstələr sınıqçılardan xeyir görür? Onların fayda görməsi çox normaldır. Çünki onlara heç nə edilməsə belə, ağrısı keçəcək. Bel ağrılarının 70%-i öz-özünə zamanla keçib gedir. Ağrısı keçənlərin əksəriyyətinin bu sınıqçılarla əlaqəsi olmur. Öz-özünə sağalan ağrılar olur”.   

İnsan təkcə bu günün yox, həm də öz minillik keçmişinin və onu gözləyən gələcəyin əsəridir. Çünki onu bu gün ayaqda saxlayan həm genetikasında daşıdığı ilkin inanclar, vərdişlər, həm də gələcəyin gətirdiyi yeniliklərə inamdır. Zaman dəyişir, bilgi artır, texnologiya həyatımızın hər sahəsində hakim rola sahibdir. Belə bir şəraitdə minillərin o tayına qayıdıb ibtidai vərdişlərə üstünlük verməkdənsə, elmin, bilginin gətirdiyi yeniliklərə güvənmək daha doğru seçim olardı...

Günay Elşən






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10