“The Washington Post”: “İvanişvilinin dedikləri Putinin “rəngli inqilablar”la bağlı paranoyak xəbərdarlıqları ilə səsləşir”
Rusiya Xarici Kəşfiyyat Xidməti: “ABŞ Gürcüstanda keçiriləcək parlament seçkilərinə “Gürcü arzusu” əleyhinə müdaxilə etməyi planlaşdırır”
Amerikanın nüfuzlu “The Washington Post” qəzeti Gürcüstanla bağlı məqalə dərc edib və ABŞ-ı Gürcüstanda demokratiyanı qorumaq üçün daha fəal hərəkət etməyə çağırıb. Qəzetin yazdığına görə, Gürcüstanla bağlı son xəbərlər həyəcanvericidir, çünki “avtoritar və Rusiyayönlü hakim “Gürcü arzusu” oktyabrın 26-da keçiriləcək parlament seçkilərində çoxluğu qazanacağı təqdirdə bütün müxalifət partiyalarını qadağan etməklə hədələyir”.
“Bu, Gürcüstanda demokratiyaya son çağırış ola bilər. ABŞ onu xilas etmək üçün daha çox şey edə bilər”, - nəşr yazıb.
Məqalədə həmçinin vurğulanıb ki, digər keçmiş sovet respublikaları ilə müqayisədə Gürcüstan xüsusilə vacibdir, çünki onun əhalisi ““Gürcü arzusu”nun Rusiyanın tərəfində olmasına baxmayaraq Avropa ilə birliyə və demokratik gələcəyə sadiq qalır”.
“Washington Post” Gürcüstan Prezidenti Salome Zurabişvilinin seçkilərdə gürcü xalqının “Rusiyaya köləlik və ya Avropa ilə əməkdaşlıq” arasında seçim qarşısında qalacağına dair bəyanatını da xatırladıb.
Gürcüstanda qəbul edilən “Rusiya qanunu”na (Xarici təsir agentləri haqqında qanun - red) gəlincə, Amerika nəşri qeyd edir ki, repressiv rejimlərə malik olan digər ölkələrdə də vətəndaş cəmiyyətini ləkələmək və onun maliyyələşməsinə mane olmaq üçün analoji qanunlardan istifadə olunub.
“Avropa İttifaqı və ABŞ bəyan edib ki, bu qanun Gürcüstanın gələcək NATO və Avropa İttifaqına üzvlüyünə ciddi maneədir. “Gürcü arzusu”nun və onun Rusiya tərəfdarlarının qanunu dəstəkləməsinin səbəblərindən biri də şübhəsiz ki, budur”, - deyə qeyd olunub.
Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze son çıxışında hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının konstitusiya çoxluğunu qazanacağı təqdirdə, əsas müxalifət partiyalarını və koalisiyalarını qadağan edəcəyi ilə hədələyib.
“Gürcü arzusu”nun arxasında duran milyarder və keçmiş Baş nazir Bidzina İvanişvili deyir ki, müxalifət Gürcüstana nəzarəti ələ keçirmək üçün qlobal sui-qəsdin üzüdür. Bu, Putinin Qərbdən ilhamlanan “rəngli inqilablar”la bağlı paranoyak xəbərdarlıqları ilə səsləşir. Baş nazirin son açıqlamaları göstərir ki, “Gürcü arzusu” müxalifəti məhv etməyə hazırlaşır. Cənab Kobaxidze bunun necə baş verəcəyini təfərrüatlı açıqlamayıb, lakin hakim partiyanın həbsdə olan sabiq Prezident Mixail Saakaşvilinin qurucusu olduğu müxalifət partiyasının 2008-ci il müharibəsində Rusiyanı cinayətkar şəkildə təhrik etdiyini deyəcəyinə eyham vurub. Bu absurddur: Rusiya Gürcüstanı işğal edib və hələ də onun ərazisinin 20%-ni işğal altında saxlayır”, - məqalədə qeyd olunub.
“The Washington Post” yazır ki, ABŞ seçkilərə qədər olan vaxtdan istifadə etməli və səslərin ədalətli hesablanması ilə Gürcüstanda azad seçkilərin keçirilməsini müdafiə etməlidir. Nəşr onu da yazır ki, “Gürcüstan vətəndaşları ABŞ Prezidenti Co Bayden və Konqresdən Gürcüstanda birpartiyalı idarəçiliyə dözməyəcəklərini eşitməlidirlər” və qeyd edir ki, əks halda bu perspektivli ölkədə “demokratiya məhv ola bilər”.
Rusiya Xarici Kəşfiyyat Xidməti isə bəyan edib ki, ABŞ Gürcüstanda keçiriləcək parlament seçkilərinə “Gürcü arzusu” əleyhinə “müdaxilə” etməyi planlaşdırır və bu məqsədlə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan (ATƏT/DTİHB) istifadə edir. Bu barədə Rusiyanın TASS agentliyi Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətindən alınmış sənədə istinadən məlumat yayıb. Rusiya Xarici Kəşfiyyat Xidməti qeyd edib ki, DTİHB nəhayət “Amerika hakimiyyətinin vicdansız oyunlarının ruporuna” çevrilib və əlavə edib ki, “indiki vəziyyətdə Rusiyanın dağıdıcı qüvvələri bir növ zəiflətmək üçün ATƏT-in maliyyəsini azaltmaq qərarı haqlı görünür”.
Rusiyanın bu ittihamları “The Washington Post” kimi media qurumlarının zaman-zaman “Gürcü arzusu” və Gürcüstan haqqında dərc etdiyi məqalələrə eyni vaxtda səsləndirilir. Rusiya avqust ayında da ABŞ-a qarşı oxşar ittihamlarla çıxış edib. Rusiya kəşfiyyatının ABŞ-ın oktyabr seçkilərindən sonra “Tbilisi Maydanı” planlaşdırması ilə bağlı əvvəlki bəyanatlarından sonra Rusiya xarici kəşfiyyatının rəhbəri Sergey Narışkin avqustun 27-də Rusiyanın məqsədinin Gürcüstanda “rəngli inqilab”ın qarşısını almaq olduğunu bildirib. ABŞ Dövlət Departamentinin sözçüsü Rusiyanın ABŞ-ın Gürcüstanda “rəngli inqilab” planlaşdırması ilə bağlı ittihamlarını qəti şəkildə rədd edib və bunun əvəzində ABŞ-ın Gürcüstanın inkişafına və Rusiyanın təcavüzünə qarşı mübarizəsinə dəstəyini vurğulayıb.
Rusiya Xarici Kəşfiyyat Xidməti isə bildirir ki, “ABŞ Dövlət Departamenti Vaşinqtonun bəyənmədiyi, hazırda hakim olan “Gürcü arzusu”nun qələbəsinin qarşısını almaq üçün bu il oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərinə yeni müdaxilə alətindən istifadə etmək niyyətindədir. Kəşfiyyat iddia edir ki, “amerikalılar Gürcüstan istiqamətində ATƏT/DTİHB rəhbərliyi ilə “əməkdaşlıq” haqqında razılığa gəliblər”.
Rusiya Xarici Kəşfiyyat Xidməti bildirir ki, “ATƏT DTİHB-nin səsverməyə 10-20 gün qalmış ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün heç bir şəraitin olmadığı qənaətinə gələn aralıq hesabatı dərc etməsi nəzərdə tutulur”.
Bu kontekstdə Rusiya Xarici Kəşfiyyat Xidməti ABŞ-ı “qərbyönlü Gürcüstan müxalifətini ölkədə hakimiyyəti zorla ələ keçirmək məqsədi ilə kütləvi etiraz aksiyaları keçirmək üçün” bəhanə verməkdə ittiham edir. Rusiya kəşfiyyatı həmçinin bildirir ki, ATƏT/DTİHB-nin “belə saxtakarlıqda iştirak etməsi təəssüf doğurur”.
“Biz xüsusilə Büronun səsvermədən çox əvvəl onu “qeyri-demokratik” kimi tanımağa apriori hazır olduğunu qeyd edirik”, Rusiya Xarici Kəşfiyyat Xidməti bəyan edib.