Bu gün görkəmli aktyor, Xalq artisti Səyavuş Aslanın doğum günüdür.
Kulis.az "Atamın xatirəsi" layihəsindən aktyorun oğlu Eldar Aslanla müsahibəni təqdim edir.
- Səyavuş bəylə bağlı ən unudulmaz xatirəniz hansıdır?
- Mənim üçün onunla bağlı ən böyük xatirə onun söz bazasıdır. Nəsə deyirdin, elə şey deyirdi ki, söhbət bağlanırdı. Həmişə fikirləşirdim ki, soruşum, soruşmayım? Çünki bilirdim ki, bir kəlmə ilə söhbəti bağlaya bilər.
- Necə ata idi?
- Məni də, qardaşımı da çox sevirdi. Hətta onu məndən də çox istəyirdi. Lap axırlarda bildim. Ömrünə iki il qalmış soruşdum ki, sənin ən əziz balan kimdir? Dedi ki, Çingiz. Çox ciddi adam idi. Bir insan nə qədər ciddi ola bilərdisə, o qədər. Evdə bir adam idi, səhnədə başqa adam. Səhnədən savayı hər yerdə ciddi idi. İki Səyavuş var idi. Bizə hər şey verib, nə almaq lazımdırsa, alıb. Heç vaxt korluq çəkməmişik. Elə şeylər alırdı ki, başqa uşaqlar həsəd aparırdı. Səkkizinci sinifdən maşın sürürdüm. Məktəbə maşınla gedib-gəlirdim.
- Evdə xüsusi qayda-qanunlar var idi?
- Məsələn, biz indiki uşaqlar kimi 12-yə, 1-ə qədər oyaq qalmırdıq. 10-da yerimizdə olmalı idik. Qohum-əqrəbaya gedib-gəlirdik, mütləq. Qonşularla gülərüz davranmalı idik. Mühafizəkar insan idi. Hər zaman söhbətlərdə sinəsini qabağa verərdi. Həmişə ailəsinin arxasında durardı. Məktəbdə problem yarananda gedib danışardı.
- Sirrinizi-sözünüzü daha çox ananızla bölüşürdünüz, yoxsa atanızla?
- İntim məsələləri həmişə anamla bölüşmüşəm. Atamdan çəkinirdim. O mövzularda onunla danışa bilməzdim.
- Necə tanış olublar?
- Quba Teatrında. İndiki sözlə desək, bir-birinə vurulmuşdular. Bir müddət görüşəndən sonra evləndilər. Çətin vaxtlarına düşmüşdü. Ondan-bundan pul-para alıb evləndilər. Anam sənətçi ailəsində doğulmuşdu. Atası böyük sənətkar Rza Əfqanlı olub. Evlənəndən sonra Musiqili Komediya Teatrında bir yerdə illərlə işlədilər.
- Deyilənə görə, ayrılmalarının səbəbi atanızın ananıza xəyanəti olub.
- Şou aləmində sənətkarlar barədə uydurma xəbərlər çox olub. Əslində, belə bir şey yox idi. Şayiələr gəzirdi. Hələ mənim haqqımda bilirsiniz nələr uydurublar? Eləcə də onlar haqqında. Anam çox qısqanc idi. Bu şeylərə inanırdı. O dedi-qodular yayıldıqca qəzəblənirdi.
Məsələn, Hacıbaba Bağırovla mən çox yaxın idim. Başqası eləməyəndə mən onun otağında oturub ərköyünlük eləyə bilirdim. Xətrimi çox istəyirdi. Məsələn, orda Hacıbaba Bağırov üçün də nələr-nələr danışırdılar. Deyirdilər ki, anamla Hacıbaba Bağırov sevgili olub.
Bu söhbətlər həm teatr daxilində var idi, həm də mediada yayılırdı. Ancaq, əsasən, el arasında yaranırdı söz-söhbətlər. Anam üçün balaca bir qığılcım bəs idi ki, hər yer od tutub yansın. Ona görə o belə şeylərə inanıb evdə söz-söhbət yaradırdı. Deyirlər ee, biri od olanda biri su olmalıdır, anam od idi, atam su. Atam həmişə onu söndürürdü. Çünki onu çox sevirdi. Onlara çox paxıllıq eləyən var idi. İndi elə ailələr çoxdur, o vaxt az idi deyə, gözə tez görünürdü. Onlar ulduz idilər.
- Evdə söz-söhbətlər olanda atanız razılaşırdı ananızla?
- Yox. Anamın səsi çıxanda hər yerdə yayılırdı. Mən durub, çıxıb gedirdim həyətə. Görürdüm, yenə gəlir. Atamın da səsi elə idi. O öskürəndə bina tərpənirdi. Mənim də səsim sinə səsidir. Ona görə də evdə onların səsi gələndə, elə bilirdilər, evdə qırğındı. Sadəcə, danışıq tərzləri elə idi. Ancaq təbii ki, həm də qırırdılar bir-birlərini. Bəzi adamlar var ee, sözü eşidib cavab vermirlər, atam elə adam deyildi. Amma su idi.
- Ümumiyyətlə, atanızın qadınlara münasibəti necə olub?
- Bütün kişilər kimi. Məsələn, Firəngiz Mütəllimova ilə, Kübra Əliyeva ilə yaxın dostluğu var idi. Maşına minib gedirdilər. Belə çıxır ki, kefə gedirdilər? Amma aralarında təmiz münasibət var idi. Onun həyatı çox rəngarəng idi. Bəlkə, başqaları ilə də adı hallanıb.
- Şayiə olduğundan əminsiniz? Bəlkə, doğrudan da var idi kiminləsə münasibəti?
- Soruşmuşdum ondan. Yalan-doğru, mənə dedi ki, başın xarabdı? Dəlisən? Mən heç elə şey eləyərəm? İkincisi, o qadından – Təranə Vəlizadədən də soruşmuşdular. O da demişdi ki, nə danışırsınız? Olubsa da, şahidi yoxdur.
- Məsələn, o desəydi ki, hə, mənim başqa münasibətim olub. Ona olan münasibətiniz dəyişərdi?
- Yenə də atamdı. Təbii ki, mən çox şeyi ürəyimə salardım. Onsuz da, onların ayrılığı mənim üçün travma oldu. Böyük stres yaşadım.
- Ancaq ondan əvvəl ananız Səyavuş bəy tərəfindən ruhi dispanserə salınır.
- Anamın əsəbləri yerində deyildi. Bu söz-söhbətlər onun psixologiyasina təsir eləmişdi. Atam da onu müalicə alsın deyə ora aparmışdı. Həkimlər gəlib dedi ki, problemi var, mütləq müalicə olunmalıdır. Ancaq bunu necə təqdim elədilər. Guya atam anamı aparıb dəlixanaya qoyub. Təxminən 3-5 gün qaldı orda.
- Bəs ayrıldıqlarını necə dedilər?
- Əsgərlikdə idim. Məktublar yazmağa başladılar. Atam o yandan yazırdı, anam da bu yandan. Atam yazırdı ki, ananla artıq belə yaşaya bilmirik. Bəlkə də bir stolda oturub yazırdılar. Rusiyada idim. Dalbadal yanıma gəlirdilər.
Gəlib gördüm, bir yerdə yaşayırlar. Evi iki yerə bölmüşdülər. Girişləri ayrı idi. Amma ev həmin ev idi. Gah anamın otağında yatırdım, gah atamın. Həmişəki həyatımız davam eləyirdi. Sadəcə, bunlar evi bölüb qapılarını bağladılar. Sonra da gedib rəsmi olaraq ayrılmışdılar.
- Sizə bu vəziyyət necə təsir elədi?
- Mən çox böyük stres keçirtdim. O stres mənə çox pis təsir elədi. İllərlə o əsəblə yaşadım. İstəmirdim ki, ailəmizdə belə hadisə olsun. Ağlıma da gəlməzdi ki, bizim ailəmizdə belə bir şey ola bilər.
Onlar isə əvvəlki həyatlarına davam elədilər. Bir-birlərini çağırırdılar, danışırdılar. Belə şey olar? Bəlkə, bu da bir şou idi. Elə yaşayırdınız da bir yerdə.
- Özünüz deyirdiniz onlara bunları?
- Bizim aramızda pərdə var idi. Amma anama deyirdim. Deyirdi ki, kiminlə, onunla? Heç vaxt! Atam da razılaşmırdı. Mən illərlə çalışdım ki, onları barışdırım.
- Ananızın vəfat xəbərini necə aldınız?
- Mən Dubaya getmişdim. Başa düşdüm ki, burda iş tapa bilməyəcəm. Onda xəstə idi. İki il mən baxdım ona. Xərçəng idi, ancaq məndən başqa heç kim bilmirdi. Gizlətdim hamıdan. İki il boyunca hər cür qulluq elədik. Nəsə, getdim Dubaya. Elə orda xəstələndim. Soyuqdəymə oldu. Yorğan-döşəkdə idim. Qəribə bir yuxu gördüm. Dedim ki, qayıdım evə. Dərhal bilet alıb Bakıya gəldim. Bir gecə yatdım. Səhər durduq, gördük ki, halı dəyişib. Təcili yardım çağırdıq. Atam da Çingizlə gəldi. Gördülər ki, təcili yardım gəlib, hər şey qaydasına düşüb, Çingiz qayıtdı ki, biz gedək. Atamla birgə getdilər qapıya. Nəsə, elə bil, hiss elədim. Qapının qabağına gəlib ağlamağa başladım. Ağlaya-ağlaya atama dedim ki, məni tək qoyma. O da razılaşdı. Mən də çox pis ağlayırdım. Hələ elə ağlamamışdım. Qayıtdım. Onlar da qayıtdılar. Gəlib yanında oturdum. Ərəbcə dualar oxudum. Buz kimi idi. Həkimlər dedi ki, heç nə eləyə bilmərik. Anam da üzümə baxıb gülümsündü. Bir dəqiqə sonra keçindi.
- Ananızın vəfatı atanıza necə təsir elədi?
- Atam soyuqqanlı adam idi. İçindəkilər çox bildirmirdi. Ancaq ağladı, çox ağladı. Son nəfəsinə kimi dedi ki, mən həyatda təkcə onu sevmişəm. Anamın vəfatı ikimizi də dəyişdi. Atam özünə çəkildi.
- Səhhəti nə vaxt pisləşməyə başladı?
- Rejissor Bəhram Osmanovla atamın arasında dava olub. Atama qarşı hikkəsi var idi. Birinci dəfə onda insult keçirdi. Hətta qardaşım gedib ona nəsə eləmək istəyirdi, qoymadım. İkinci dəfə bilmirəm nə vaxt insult keçirdi. Yəqin ki, qardaşıma görə. Çünki ta atam bezmişdi ondan. Məhv eləmişdi onu. Təkcə onu yox, bütün nəslimizi.
- Qardaşınızın bu vəziyyətə gəlməsində təkcə özü günahkar idi, yoxsa ailəvi münasibətlərin də payı var idi?
- Yox, yox. Bizim aramızda yeddi yaş fərq var. O, məndən böyük idi. Öz yolunu 30-40 yaşında yox, 14 yaşında seçmişdi. 14 yaşından artıq it-bat olur, başqa qruplara qoşulurdu. Xuliqanlıq eləyirdi, onun-bunun cibinə girirdi, nəşə çəkirdi. Mən isə, bir növ, “mama-papa” uşağı olmuşam. Onda ailə müqəddəsliyi, ailə qeyrəti yox idi.
- İki qardaş olaraq ailədə sizə münasibət eyni idi? Bəlkə, özünə qarşı bir sevgisizlik hiss eləyib?
- Ola bilər. Təbii ki, onlar məni qoruyurdular. İstəmirdilər ki, mən də o yolun yolçusu olum. Ancaq o demək deyil ki, məni ondan ayırıblar, daha çox seviblər. Ancaq mənim özümdə də elə şeylər yox idi.
- İlk dəfə nə vaxt həbs olundu?
- 14-15 yaşında artıq “malaletka”sı var idi. Ancaq narkotikə görə həbs olunmurdu. Fırıdaqçılıq, dələduzluq, nə desən var idi onda. Evdə nə var idi, oğurlayırdı. Hər gün nəsə oğurlamalı idi. Nəsə alıb qoyurdun evə, səhər dururdun ki, yoxdu. Dinc dayanmırdı.
- Evi atanızın vəfatından sonra satdı?
- Hə, bir il sonra. Atamın qırxı çıxmamışdı, qardaşım məni evdən qovdu. Mən Qazaxıstanda idim. Hətta nazir müavinindən xahiş etdik, dedi ki, Eldar, bizə də tapşırıblar, basdırmalıyıq. Reys də yox idi. Səhərsi gün gəldim. Qırxı çıxmamışdı, dedi ki, get, özünə ev-eşik tap.
- Nə əcəb atanız bilə-bilə evi onun adına keçirtmişdi?
- O vaxt mənim payım olan bir ev də var idi. 2006-cı ildə Sami Yusifi Azərbaycana gətirdim. Onu ilk dəfə Azərbaycana mən gətirmişəm. Evi banka qoymuşdum, atamın razılığı ilə. Biletlər satılmadı, ev də əldən çıxdı. Ancaq atam da, anam da deyirdi ki, bu evin yarısı Çingizindi, yarısı Eldarın. Ancaq onlar rəhmətə gedəndən sonra məni heç kim qeydiyyata salmadı. Mənim qeydiyyatım bu gün də Xətaidədir.
- Və sizi heç nə demədən evdən çıxartdı.
- Hə. Siz Çingizi tanımırsınız. Videolarda artistlik eləyir. Başqa adam idi. Lotu idi. Elə də danışırdı. Mən də çəkinirdim ondan. Həm də böyük qardaşım idi. Mən də istəmişəm ki, böyük qardaş kimi arxamda dursun, övladlarla görüşsün. Dedim ki, Çingiz, üç otaq səndə qalsın, bir otağı da mənə ver. Razılaşmadı.
- Bəs oranı satıb özü harada qaldı?
- Onu dili-ağzı yalan idi. Ağzından doğru söz çıxmazdı. Bir dənə düz sözünü eşitməmişəm. Çox sənətkarcasına yalan danışırdı. Onun sözünə görə evi satıb iki dənə ev aldı. O evləri kirayəyə verməyə başladı. Maşın aldı. Sonra başladı onları da satıb bir az da balacasını almağa. Belədə də uduzursan axı hər dəfə. Ondan sonra da qaldı çöllərdə. Mənə də gətirib otuz min verib dedi ki, al bunu, get, nə istəyirsən, elə. Sonradan hansısa verilişdə dedi ki, 250 minə satmışam. Mənə isə 100 min demişdi.
- Atanızın sağlığında da tez-tez efirə çıxırdı?
- Yox. Ondan qabaq mən çıxırdım. 2014-cü ildə satdı evi, 2019-cu ilə kimi yedi, sonra çıxdı efirə. Efirə gəlməmişdən qabaq mən də işimi itirib ölkəyə qayıtdım. Bakıda iş tapa bilmədim. Hələ də tapa bilməmişəm. Mən həmişə təhlükəsizlik xidmətlərində işləmək istəmişəm. Atam da gedib hər yerdən xahiş elədi, götürmədilər. Milli Məclisdə də işləmək istədim, alınmadı. Deyirdilər ki, qardaşın “türemşikdi”. Dedim ki, efirə çıxanda de ki, qardaşımın da işi yoxdu, əziyyət çəkir, gəlin bizə kömək eləyin. Gedib dedi ki, Eldar Moskvada yaşayır, iş adamıdı. Mən də burda oturub ona baxıram. Aparıcı deyir ki, nə əcəb bəs sənə baxmır. O da qayıtdı ki, nə bilim.
- Deyirsiniz ki, son altı ayda düzəlmişəm. Sənət adamları arasında evinizə gəlib-gedənlər, sizə yardım eləyənlər olub?
- Heç kim. Mən gedib qapıları döymüşəm, “yox” deyiblər. Kanalları gəzmişəm, razılaşmayıblar. Səyavuş bəyin sənət dostlarından heç kim qapımı açmayıb. Deməyiblər ki, gedək, soruşaq, görək nə yeyib-içir. Artıq onlardan heç nə ummuram, istəmirəm. Atamı həmişə qısqanıblar. Ulduz idi çünki.
- Hacıbaba Bağırovla da küsülü idi.
- Onlar ikisi də əsəbi adamlar olublar. Aralarında problemlər var idi. Ancaq çox açıb-ağartmırdılar.
- Hazırda beş dəqiqə söhbət etmək şansınız olsaydı, atanızla danışardınız, ananızla?
- İkisi ilə də. Ancaq oğlan uşaqları analarına daha yaxın olur. Anamı daha çox istəyərdim görüm, onunla söhbət eləyim. Burda olsaydı, tutulub qalardım. İstəyədim ki, o danışsın, mən qulaq asım. Çox, çox darıxıram onun üçün.