Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

““Turan”ın “Ayna” və “Zerkalo”nun fəaliyyətlərini bərpa etməsi ümidlər doğurdu”


Arif Əliyev: “Media sahəsində vəziyyət acınacaqlıdır, amma son zamanlar bu sahədə müsbət addımlara meyl hiss olunur”
 
Azərbaycanın sabiq Prezidentinin mətbuat katibi, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, tanınmış jurnalist Arif Əliyev sabah 144 yaşı tamam olacaq Azərbaycan Milli Mətbuatının mövcud problemləri və uğurlarından danışıb. AYNA demokrat.az-a istinadən xəbər verir ki, A.Əliyev hazırda Azərbaycan mətbuatının böyük problemlər və cağırışlarla üz-üzə olduğunu deyib.
 
"Bu problemlər o dərəcədə dərin və ciddi bağlara malikdir ki, biz onların qısa müddətdə həllini görə bilməyəcəyik. On illərdir ki, həmin problemlər açıq şəkildə bizi geriyə çəksə də, hələlik dönüşün, əsaslı dəyişikliklərin şahidi deyilik. Bunun konkret səbəbləri var. Əvvəla, mətbuatı böhrandan çıxarmaq üçün islahatlar, deməli, çox ciddi iradə ortaya qoymaq lazımdır. Çünki söhbət, məhz köklü dəyişikliklərdən gedir”, - deyə o bildirib.
 
Qeyd edib ki, Azərbaycan mediasını pis vəziyyətə gətirib çəxaran şəxslər indi birdən-birə dəyişib, onun irəliləməsini təmin edə bilməzlər: “Yəni, problemlər başdan aşdığı bir vəziyyətdə, cəmi 5-6 ay bundan əvvəl "Artıq Azərbaycan mediası dünya səviyyəsinə çıxıb" söyləyən adamlar cəmiyyəti aldatmaqla məşğuldurlar. Əslində isə, hazırda Azərbaycanın region və dünya səviyyəsində tanınan media orqanlarının sayı kritik dərəcədə azdır. On illərdir hər bayram ərəfəsində Azərbaycan dövlətinin KİV-lərə on milyonlarla vəsait sərf etdiyi vurğulanır. Bəli, vəsaitlər sərf edilir, təkcə dövlət büdcəsindən bu sahəyə yüz milyonlar yönəldilir. Hələ mən büdcədənkənar vəsaitləri söyləmirəm. Amma indiyədək həmin media qurumlarının əksəriyyəti Azərbaycanda gedən ictimai-siyasi prosesləri heç ölkə daxilində də professional şəkildə təqdim etmək gücü qazanmayıblar”.
 
Tanınmış jurnalistin sözlərinə görə, burada vəsait çox şeyi həll etmir: “Ümumiyyətlə, media sahəsi pulla nüfuz qazanacaq sahələrdən deyil. Əgər belə olsaydı, o zaman KİVDF-dən mütəmadi olaraq böyük yardımlar alan qəzetlər indi çox geniş dairədə ictimai rəyə təsir gücünə malik olardı. Deyim ki, yardımları ikiqat artırsan da, yenə də ciddi nəticə olmayacaq, vəsaitlər yenə səmərəsiz xərclənəcək. Amma hətta onların həcmini azaltmaqla da, əvəzində ciddi infrastruktur dəyişikliyi etmək, dünya təcrübəsindən öyrənmək, informasiya texnologiyalarının tətbiqini genişləndirmək, fərqli formada kadr hazırlığı həyata keçirməklə uğurlar qazanmaq olar. İndiki şəraitdə isə bizim regional, dünya mediası səviyyəsinə çıxmaq imkanlarımız çox məhduddur”.
 
A.Əliyev vurğulayıb ki, mühüm statistik göstəricilərinə görə, Azərbaycan mediası regionda Ermənistandan və Gürcüstandan da geri qalıb: “Halbuki 15-20 il öncə Azərbaycan mediası bu ölkələrdə həsəd doğururdu. On il əvvəl biz artıq Gürcüstanla, məsələn, reklam bazarının həcmində bərabər səviyyədə idik. Bu gün isə Gürcüstan artıq bizi dəfələrlə, qat-qat üstələyib. Rəsmi rəqəmlərlə baş ağrıtmaq istəmirəm, bu yaxınlarda onları açıqlamışdım. Amma səbəblərini araşdırmaq lazım deyilmi? Azərbaycan mediasının bütün üstünlüklərindən məhrum olması kimlərin fəaliyyətinin, siyasətinin nəticəsidir? Necə oldu ki, Azərbaycan mediası bütövlükdə götürəndə ələbaxımlı və nüfuzsuz bir quruma çevrildi? Hərə başını qoruyur, dünya informasiya qarşıdurmasında nəyəsə nail olmaq üçün isə daimi fəallıq, təşəbbüs gərəkdir. Ona görə də Azərbaycanın dünyada nüfuzunu qoruyan, yüksəldən institutlar arasında mediamızın rolu, bəlkə də, sonuncudur”.


“Hələ bir qabağa durub deyirlər ki, Həsən bəy Zərdabi sağ olsaydı, mətbuatımızın bu gününə sevinərdi. İndi nə deyəsən? Doğrudanmı belə düşünürlər, yoxsa baş aldadırlar? Rəhmətlik Həsən bəy Zərdabinin adından nə desən, danışa bilərlər. Amma real rəqəmlər ortaya qoyulanda nə deyəcəklər? Bilirsiniz, mən həmişə qaranı ağdan seçməyin təfərdarı olan, özü də optimist adamam. Ona görə də, problemlərin bütün ağırlığına baxmayaraq, son vaxtlar Azərbaycan mediasının gələcəyinə daha böyük ümidlə baxmağa başlayıram. Kiçik də olsa, vəziyyətin dəyişə biləcəyinə işarə verən əlamətlər görürəm. "Turan" agentliyinin, "Ayna" və “Zerkalo” qəzetlərinin (elektron formada – red.) fəaliyyətlərini bərpa etməsi məndə belə ümidlər yaratdı. Düşünürəm ki, onların fəaliyyətlərini bərpa etməsində ölkə rəhbərliyinin ortaya qoyduğu fərqli iradə rol oynadı. Bu, cəmiyyətdə müsbət qarşılandı”, - o bildirib.
Bununla belə, əlavə edib ki, hakimiyyət daxilində həmin KİV-lərin fəaliyyətindən heç də razı qalmayan vəzifəli şəxslər var: “Vaxtilə "Turan" agentliyinin, "Ayna" və “Zerkalo” qəzetlərinin bağlanmasına nail olmuşdular. Onlar yenə məqam gözləyirlər. Əgər onların bu cür fəaliyyətlərinə imkan verilərsə, xoşagəlməz proseslər davamını tapacaq. Mən yenə deyirəm ki, media sahəsində vəziyyət acınacaqlıdır. Amma son zamanlar bu sahədə müsbət addımlara meyl hiss olunur. Düşünürəm ki, medianın əvvəlki nüfuzunu bərpa etməsi və inkişafı üçün jurnalistlər özləri də bir qədər sirkələnməlidir. Bu şəraitdə medianın özünü necə aparmasının vəsiyyətə təsiri olacaq”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10